Ağ pambığın qara dərdi… – EKSPERT YAZIR

Son illərdə Azərbaycan Respublikasında qeyri-neft sektoru sahələrindən biri kimi pambıq istehsalına üstünlük verilir.

Bu sahə ilə bağlı xüsusi dövlət proqramı da qəbul olunub. Rəsmi məlumata görə, 2019-cu ildə pambıq əkinlərinin sahəsi 132 min hektardan 100 112 hektara kimi azaldılıb. Pambıq sahələrinin 96 241 hektarı hüquqi şəxslərə, 3 871 hektarı isə fiziki şəxslərə məxsusdur. Bu rəqəmlər pambıq siyasəti ilə bağlı müəyyən informasiyalar versə də, bütövlükdə pambıqçılıq sektorunun tam mənzərəsini yaratmaq üçün yetərli deyil.

Pambıqçılıq sektorundakı problemlərin əksəriyyəti kənd təsərrüfatına verilən dövlər güzəştləri ilə birbaşa bağlıdır. 20 ilə yaxındır ki, Azərbaycan Respublikasında kənd təsərrüfatı istehsalçıları torpaq vergisi istisna olmaqla, bütün digər vergilərdən azaddırlar. Vergi Məcəlləsinin tələblərinə görə, azadolma 2024-cü ilin 1 yanvarına qədər qüvvədədir. Fermerlər və kəndlilər bundan çıxış edərək elə başa düşürlər ki, onların vergi ödəyicisi kimi Vergilər Nazirliyində (VN) və ya ailə kəndli təsərrüfatı (AKT) kimi isə bələdiyyədə qeydiyyatdan keçməsinə, uçot və hesabat aparmasına, işçilərlə müqavilə bağlamasına, onları iş yerində baş verə biləcək bədbəxt hadisədən və əmək qabiliyyətinin itirilməsindən sığorta etdirməsinə ehtiyac yoxdur. Bu, kökündən yanlış təsəvvürdür.

Qanunvericiliyin tələblərinə görə, kənd təsərrüfatı istehsalçıları 2 formada – AKT kimi bələdiyyədə və fiziki və ya hüquqi şəxs vergi ödəyicisi kimi Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçməklə fəaliyyət göstərə bilərlər.

AKT-nin uçotunu müvafiq ərazilər üzrə bələdiyyə orqanları həyata keçirsə də, belə təsərrüfatların üzvlərinin vəsiqələri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanır, nömrələnir və müvafiq ərazilər üzrə bələdiyyələrə çatdırılır. Qanunvericiliklə AKT-nin illik dövriyyəsinin yuxarı həddi belə təsərrüfatın bir üzvü üçün 5 000 manat miqdarında müəyyən edilib. Bu həddi keçərlərsə, onlar mütləq vergi ödəyicisi kimi VN-də qeydiyyat durmalıdırlar.

AKT-lər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) da qeydiyyatdan keçməlidirlər. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və AKT-lərin əmək qabiliyyətli (I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının 6 faizi miqdarında məcburi dövlət sığorta haqqı ödəməlidirlər.

Nəhayət, AKT-lərdə və ailə müəssisələrində əmək münasibətləri, bir qayda olaraq, Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanılmaqla tənzimlənir. Bu təsərrüfatlarda və müəssisələrdə əmək müqaviləsi şifahi formada da bağlanıla bilər. Bu halda əmək münasibəti tərəflərdən birinin tələbi ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinin rəsmiləşdirilməsi AKT başçısının və ya ailə müəssisəsinin rəhbərinin (işəgötürənin) əmri, sərəncamı verilməklə və ya müvafiq qaydada tərtib edilmiş ailə kitabında (jurnalında) qeydiyyata salınmaqla həyata keçirilə bilər. Göründüyü kimi AKT-lər üçün əmək müqaviləsinin elektron sistemə salınmasına ehtiyac yoxdur.

Vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş kənd təsərrüfatı istehsalçılarında da işəgötürənlə işçi arasında əmək münasibətləri Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq tənzimlənməlidir. Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin bağlanması qaydaları bütövlükdə həmin müəssisələrə də şamil edilir. Eyni zamanda, həmin vergi ödəyicilərinin sosial sığorta məqsədləri üçün qeydiyyatı və VN-ə, DSMF-yə, Dövlət Statistika Komitəsinə (DSK) hesabatlar təqdim etməsi məcburi tələblərdəndir.

Bir neçə ay öncə Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov Milli Mühasiblər Forumundakı çıxışında bu problemin kəskinliyini qabartmışdı:

“Hazırda 400 000 minə yaxın kənd təsərrüfatı məhsullarının istehsalçısı subsidiya alır, amma bazamızda təxminən 86 min şəxs qeydiyyatdan keçib”.

2019-cu ilin avqustundan qeydiyyatla bağlı VN-in apardığı işlər hesabına bu sahədə müəyyən irəliləyişlər əldə olunub. Rəsmi məlumata görə, avqust ayından ötən müddət ərzində 11 minə yaxın şəxsin vergi uçotuna alınması təmin edilib, 3500-ə yaxın vergi ödəyicisinin fəaliyyət sahəsi dəqiqləşdirilib, onlardan 1539-nun mükəlləfiyyəti dəyişdirilib. Fəaliyyəti passiv göstərilmiş 200-ə yaxın vergi ödəyicisinin fəaliyyəti aktivləşdirilib. Ancaq bu sahədə görülməli çox işlər var.

Pambıqçılıqla bağlı ən kəskin problemlər işçilərin əmək hüquqlarının pozulması ilə bağlıdır. 2018-ci il pambıq yığımı mövsümündə pambıqçılıq rayonlarında, tarlalarda apadığımız müşahidə, sorğu və müsahibələrin nəticələrinə əsasən deyə bilərik ki, heç bir fermer pambığ yığımına cəlb etdiyi işçilərlə əmək müqaviləsi bağlamır və onların bədbəxt hadisələrdən icbari sığortasını həyata keçirmir. Bu da pambıq yığımı zamanı günvurmadan, ilansancmadan, zəhərlənmədən əziyyət çəkən pambıqyığanların müalicəsi üçün sığorta şirkətləri tərəfindən ödənilən müvafiq vəsaitdən məhrum olması, bütün işçilərin əmək qanunvericliyində mövsümi işçilər üçün nəzərdə tutulmuş əmək məzuniyyətindən istifadə etməməsi deməkdir.

Bundan əlavə, fermerlər pambıqyığanları tələb olunan əmək şəraiti ilə təmin etmir, onların xüsusi geyimlərlə təchizatını, istirahət və nahar fasiləsi üçün müvafiq infrastrukturun yaradılmasını həyata keçirmirlər. İşçilərin iş vaxtından artıq, eyni zamanda, istirahət və bayram günləri işlədilməsi də ən çox rast gəlinən əmək hüquqları pozuntuları sırasındadır.

Pambıqyığanların tarlalara gətirilməsi və geri qaytarılması əksər rayonlarda yük maşınları vasitəsilə həyata keçirilir ki, bu da onların həyatları üçün böyük təhlükədir.

pammbq

2018-ci il mövsümündə pambıq tarlalarında müşahidə olunan xoşagəlməz hallardan biri də yaşı 15-dən aşağı olan uşaqların valideynləri tərəfindən becərmə və yığım işlərinə cəlb edilməsi olub. Bu, kütləvi hal olmasa da, valideynlərin qanundan xəbərsiz olmasından və sosial baxımdan ağır şəraitdə yaşayan ailələrin gündəlik qazanc üçün başqa çıxış yolu görməməsindən qaynaqlanır. Uşaqların pambıq yığımına cəlb olunmaması üçün həmin ailələrin müvafiq dövlət qurumlarının himayəsi (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi) altına alınması və dövlətin sosial müdafiə tədbirləri ilə əhatə olunması əsas şərtlərdən biridir.

Pambıqçılıqla bağlı daha bir problem fermerlərin pambıq əkməyə məcbur edilməsi və büdcə təşkilatlarında çalışanların zorla pambıq yığmağa aparılmasıdır. Ötən il bütün pambıqçılıq rayonlarında bələdiyyədən icarəyə götürlən torpaqlarda yalnız pambıq əkilməsi, məktəb direktorlarına xüsusi pambıq öhdəliyi qoyulması hallarına rast gəlinib. Pambıq yığımı dövründə məktəblərin, uşaq bağçalarının, səhiyyə və mədəniyyət müəssisələrinin əsasən texniki heyətinin məcburən pambıq yığımına aparılması diqqətçəkən faktlardan olmuşdur.

Sonuncu ən böyük problem Azərbaycanda bütün pambıq tədarükü (qəbulu) məntəqələri və istehsalı zavodlarının birbaşa iri məmurların himayəsi altında olan holdinqlərə məxsusluğudur. Bu sahədə məmurlara bağlılığı olmayan müstəqil biznes qurumu yoxdur.
Pambıq sənayesi faktiki olaraq çoxlu qəbul məntəqələri və pambıq zavodları olan 3 böyük biznes qurumunun əlində cəmlənib:
1. “MKT İstehsalat Kommersiya” MMC. Bu şirkət Azərbaycanda ən böyük pambıq tədarükü və istehsalı şirkətidir. Azərbaycanın 20 rayonunda 13 Pambıq Qəbulu və Emalı Zavodu, 11 Pambıq Qəbulu Məntəqəsi, 5 İnnovasiya Təsərrüfatı fəaliyyət göstərir.

  1. “CTS AGRO” MMC. Səhmdarcəmiyyətin tabeliyində 6 pambıq emalı zavodu, 10-dan çox pambıq tədarükü məntəqəsi var.
  2. “Azərpambıq ASK” MMC. Yeni yaradılıb. 25 may 2018-ci il tarixdə “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC tərəfindən təsis olunub, pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur.

Bu üç böyük şirkət pambığın fermer və ailə-kəndli təsərrüfatlarından qəbul etməklə yanaşı, qabaqcadan fermerlərlə, ailə-kəndli təsərrüfatları ilə bağladıqları müqavilələr əsasında pambıq əkini ilə də məşğul olurlar.

“MKT İstehsalat Kommersiya” MMC hər il 80 min hektara yaxın sahədə, “CTS AGRO” MMC isə 20 min hekatara yaxın pambıq əkir. “Azərpambıq ASK” MMC 2019-cu ildə 15 pambıqçılıq rayonunda (Bərdə, Ağcabədi, Beyləqan və sair) 29 001 hektarda pambıq əkib.

Adı çəkilən şirkətlər yerlərdə olan kiçik pambıq istehsalı zavodlarını alıb pambıq sənayesini öz əllərində cəmləşdirməyə çalışırlar. Məsələn, 2019-cu ilin martında “MKT İstehsalat Kommersiya” MMC “Leqno-İmişli” MMC, “Leqno-Neftçala” MMC (pambıq zavodları) və “İnnovasiya Fermer Təsərrüfatı” MMC-ni (pambıq yetişdirmə şirkəti) alıb.

3 əsas şirkətdən əlavə “Aqro-Az MMC”, “P-Agro” MMC və Kənd Təsərrüatı Nazirliyinin yerli idarələrinin təsis etdiyi MMC-lər də (Məsələn, “Yevlax kənd təsrrüfatı” MMC, “Salyan kənd təsrrüfatı” MMC və sair ) pambıq tədarükü ilə məşğul olurlar.

Rəcəb İMANOV,

Ekspert

Etikxeber.az

Read Previous

“Biznes mühitinin yaxşılaşdırılmasına mühüm önəm veririk…” – PREZİDENT – YENİLƏNİB

Read Next

Əliyev Şirakla bağlı Makrona başsağlığı verdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir