Ağ saçlı, ancaq yaşından çox cavan və gümrah görünən 70 yaşlı Əli müəllim!-KAMİL HƏMZƏOĞLU YAZDI

Sabah, 27 yanvar tarixində vitse-premyer, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, tanınmış ictimai-siyasi xadim Əli Əhmədovun 70 yaşı tamam olur.

Sabah onun yubiley doğum günüdür, 7-ci dekadasını başa vurur.

Amma saçlarının ağlığına rəğmən ona 70 yaş vermək olmur, olmaz.

Yaşından xeyli cavan, gümrah, şux görünür.

Mənim üçün çox əziz və dəyərli olan Əli müəllimi aşağı-yuxarı, əyani və qiyabi şəkildə 25 ildən çoxdur ki, tanıyıram.

İlk dəfə onunla səhv etmirəmsə, 1998-ci ilin prezident seçkiləri ərəfəsində, Prezident Aparatının (Prezident Administrasiyasının) İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini vəzifəsində işləyərkən tanış olmuş, daha doğrusu, telefonla geniş açıqlama almışdım hansısa önəmli məsələ ilə bağlı.

Əli müəllimlə açıqlamanı da diktofona deyil, necə deyərlər, kağız üzərinə əlimlə yazmışdım.

O qədər səlis, cümlər yerində və ardıcıl, o qədər məntiqli və savadlı danışmışdı ki, sanki danışan hansısa dövlət yetkilisi, siyasətçi deyil, söz, ədəbiyyat adamıydı.

Və o vaxtdan mütəmadi olaraq, müxtəlif məsələlərlə bağlı Əli müəllimdən tez-tez açıqlamalar-müsahibələr almağa başladım.

Xüsusilə, 1999-cu ildə YAP-ın İcra katibi və sədr müavini seçildikdən sonra Əli müəllimlə üzbəüz, əyani şəkildə təmaslarımız yaranmağa başladı və bəlkə də yüzlərlə çox önəmli, çox maraqlı müsahibələr, açıqlamalar aldım.

Və bu yerdə onu qeyd edim ki, bəlkə də yeganə jurnalist idim ki, Əli müəllim heç zaman müsahibə almaq istəyimə yox demirdi işlərinin çoxluğuna, zamanın azlığına, darlığına baxmayaraq.

Hər zaman suallarımı təmkinlə və məmnuniyyətlə cavablandırdı, az qala bir müsahibə əvəzinə, beş müsahibə götürüdüm, etiraz etmirdi…

Eyni zamanda, Əli müəllimin gəlişi ilə YAP-da əsl nizam-intizam, səliqə-sahman yarandı, siyasi mövqeyindən asılı olmayaraq, bütün media mənsubları ilə təmaslar quruldu.

Hər həftə (adətən beçinci günlər) YAP-ın keçmiş mərkəzi qəragahında mətbuat konfransları keçirilməyə başlandı, hətta “əlçatmaz” məmurlar belə YAP-da mətbuat konfransı keçirməyə necə deyərlər, məcbur edildi, bir sözlə, gözəl bir ənənə qoyuldu.

Və onu da qeyd edim ki, ötən illər ərzində bir çox rəsmilərdən, siyasilərdən fərqli olaraq, Əli müəllim heç zaman dəyişlmədi, istər YAP-ın icra katibi olarkən, istətrsə də Baş nazirin müavini vəzifəsində işləyərkən.

Hər zaman sadəliyi, mədəniliyi, ünsiyyətcilliyi ilə seçildi və fərqləndi…

Və yuxarıda da qeyd etdiyim ki, sabah Əli müəllimin yubiley doğum günüdür.

Odur ki, Əli müəllimi 70 yaşının tamam olması, eləcə də ölkə Prezidentinin Sərəncamına əsasən “Şərəf” ordeninə layiq görülməsi münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı, işlərində və şəxsi həyatında uğurlar, müvəffəqiyyətlər arzulayıram!

Doğum gününüz, yubileyiniz mübarək, dəyərli ƏIi müəllim!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

YAP sədrinin müavini və vitse-premyer-“ŞƏRƏF” ORDENİ İLƏ TƏLTİF OLUNDU

Read Next

Daha 43 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir