Ağdamın İkinci Vətən Müharibəsi Şəhidləri: 40 YAŞININ TAMAMINA 19 GÜN QALMIŞ DOĞMA AĞDAMININDA ŞƏHİD OLAN ELMİR ƏLİYEV VƏ NƏŞİ 50 GÜNDƏN SONRA TAPILAN, İKİ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN SƏXAVƏT MƏMMƏDOV… – FOTOLAR – YENİLƏNİB – (2)

Elmir Süleyman oğlu Əliyev və Səxavət Adıgözəl oğlu Məmmədov…

Ağdam rayonunun İkinci Vətən Müharibəsi Şəhidləri…

Vətən sevdalıları, canlarını Qarabağın azad olunması yolunda qurban etmiş Vətən fədailəri…

***

Elmir Süleyman oğlu Əliyev 1980-ci il noyabrın 22-də Ağdam rayonunun İsmayılbəyli kəndində anadan olub…

Ailənin 3 övladından, 2 qardaşdan biri olub…

Ağdam rayonu işğal olunmazdan az əvvəl, 1992-ci ildə atasını itirib…

O vaxtdan anası Rusət xanım ona, eyni zamanda, qardaş və tək bacısına həm analıq, həm də atalıq edib…

Onları minbir əzab-əziyyətlərlə böyüdüb, boya-başa çatdırıb…

Elmir 1987–1993-cü illərdə Ağdam rayonunda Pirzatlı kənd tam orta məktəbində, 1993–1997-ci illərdə Bərdə rayonunda  A. Məlikov adına Şorəlli kənd tam orta məktəbində təhsil alıb…

1999–2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub…

Əsgərlikdən sonra müxtəlif sahələrdə çalışıb, usta işləyib…

Ailə qurub, iki övlad sahibi olub…

İkinci Vətən Müharibəsində də könüllü olaraq, iştirak edib, oktyabr ayının əvvəllərindən öz doğma Ağdam rayonunun düşmən tapdağından azad olunması uğrunda döyüşlərdə iştirak edib…

Axırıncı dəfə anası, ailə üzvləri ilə Şəhidliyindən saatlar öncə, ayın 2-dən 3-nə keçən gecə danışıb…

Və noyabr ayının 3-də, səhər saatlarında doğma Ağdamında qəhrəmancasına həlak olub…

40 yaşının tamam olmasına cəmi 19 gün qalmış Şəhidlik məqamına ucalıb…

Nəşi Quzanlı qəsəbə Şəhidlər Xiyabanında dəfn olunub…

Şəhidliyindən sonra iki medalla təltif olunub…

***

Evin-ailənin 3 övladından, 2 qardaşdan biri olan Səxavət Adıgözəl oğlu Məmmədov isə 24 may 1991-ci ildə Tərtər rayonunun Hacıqırvənd (Kolanı) kəndində dünyaya gəlib…

Bir müddət sonra ailə vəziyyətləri ilə əlaqədar anası, bacısı və qardaşı ilə birlikdə Ağdam rayonuna, 1997-ci ildə də Bakıya, Mərdəkan qəsəbəsinə köçüblər…

Anaları-Ağdamlı, Papravəndli Hicran xanım gecəsini gündüzünə qataraq, onlara həm analıq, həm də atalıq edib…

1998-2009-cu illərdə Xəzər rayonu Şüvəlan qəsəbəsi İlqar Muradov adına 237 saylı məktəbdə təhsil alıb…

1 iyul 2009-cu ildə İmişli rayonunda N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub və 2010-cu ildə  həqiqi hərbi xidmətini başa vurub…

2014-cü ildən etibarən müddətdən artıq xidmət edən hərbi qulluqçu-MAXE kimi Goranboyda yerləşən tank taborunda atıcı vəzifəsində  xidmətə başlayıb…

2014-cü ilin sonlarında öz istəyi ilə ön cəbhəyə Tərtər rayonunda N saylı hərbi hissədə tuşlayıcı vəzifəsində xidmətini davam etdirib…

Aprel döyüşlərində iştirak edib…

O, eyni zamanda, 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində iştirak edərək öz xidməti yerinə dönüb…

İkinci Vətən Müharibəsi zamanı isə Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib və sentyabrın 29-da Şəhidlik məqamına ucalıb…

Və axırıncı dəfə ailəsi ilə Şəhidliyindən saatlar öncə danışıb…

Səxavətin nəşi isə uzun müddət tapılmayıb və yalnız 50 gün sonra, noyabr ayının 19-da əldə edilib…

Və Səxavət də Quzanlı qəsəbə Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra bir neçə medala layiq görülüb…

Səxavət də ailəli idi…

İki övladı-6 yaşının içində olan Diləyi və 4 yaşının içində olan Yusifi ailəsinə, Vətəninə əmanət qalıb…

***

Bu gün günorta saatlarında öncə Elmir Əliyevin ailə üzvlərini-Bakı şəhərində yaşayan anası Rusət xanımı, qardaş və bacısını ziyarət etdim…

Onlara öncə Allahdan səbr və dözüm arzuladım…

“Şəhidimizin məkanı cənnətlik olsun!”-dedim…

Onlarla bir xeyli söhbətləşdim, dərdləşdim…

Anası-göz yaşlarına hakim ola bilməyən Rusət xanım da, qardaş və bacısı da Elmirlə Fəxr etdiklərini, Qürur duyduqlarını bildirdilər…

Qeyd etdilər ki, Elmir öz ürəyinin hökmü, Vətən, Torpaq yanığısı ilə İkinci Vətən Müharibəsinə qatılıb və sonda da arzuladığı Şəhidlik məqamına ucalıb…

Təxmin saat yarım çəkən ziyarətdən sonra digər Ağdamlı (həm də Tərtərli) Şəhid Səxavət Məmmədovun Ramana qəsəbəsində yaşayan ailə üzvləri-anası və xanımı ilə görüşdüm…

Onlara da Böyük Yardandan səbr və dözüm dilədim…

“Şəhidimizin ruhu şad olsun! Ruhu qarşısında baş əyirəm!”-dedim…

Onlarla birlikdə Şəhidimizin qısa, lakin şərəfli döyüş və həyat yoluna nəzər saldım…

Qürurlu, Şərəfli, Örnək bir həyat və döyüş yolu…

Sözlərə, kəlmələrə sığmayacaq bir Ömür yolu…

Allah hər iki Şəhidimizin-həm Elmir Əliyevin, həm də Səxavət Məmmədovun məqamını Ucalardan Uca etsin!

Hər ikisi də Nur içində yatsınlar!

Allah ailələrinə, əzizlərinə bir daha və bir daha səbr və dözüm versin!

15:55

***

FOTOLAR:

18:00

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İlham Əliyev Vaxtanq Kikabidzenin doğmalarına və yaxınlarına-BAŞSAĞLIĞI VERDİ

Read Next

Daha iki Ağdamlı Şəhid anasına-RUSƏT MƏMMƏDOVA VƏ HİCRAN SÜLEYMANOVAYA “ŞƏHİD ANASI” MEDALI VƏ VƏSİQƏSİ TƏQDİM OLUNDU – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir