“Ailəmlə kirayədə qalıram, aldığım maaş ailəmin tələbatını, qayğılarını ödəmir, qolumda hələ də ciddi problemlər qalmaqdadır…”-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ QAZİSİ BƏHRUZ XƏLİL OĞLU TAĞIYEV – FOTOLAR

44 günlük tarixi İkinci Vətən Müharibəsinin iştirakçılarından, Vətən yolunda can qoyan, fədakarlıq göstərən Oğullardan biri də Tağıyev Bəhruz Xəlil oğludur…

Bəhruz Azərbaycanımızın, Qarabağımızın tarixini özündə yaşadan, ilk paytaxtlarımızdan biri olan Bərdə rayonundandır, Bərdə İgidlərindəndir…

İgidimiz 1982-ci ilin yanvarın 4-də Bərdədə dünyaya gəlib, 24 yaşından da həyatını, taleyini ordu ilə, hərblə bağlayıb…

15 ildir ki, ordu sıralarındadır, hərbçidir, MAXE, çavuşdur…

Həm Aprel döyüşlərinin, həm də 44 günlük İkinci Vətən Müharibəsinin iştirakçılarından, İgidlik, Qəhrəmanlıq göstərən Vətən sevdalılarındandır…

İgidimiz İkinci Vətən Müharibəsinin elə ilk günündə, sentyabrın 27-də Ağdərə istiqamətində ağır döyüşlər zamanı düşmən tərəfindən atılan piyada əleyhinə mərmi nəticəsində sol qolundan ağır şəkildə yaralanıb…

Ona ilk yardım Tərtər şəhər Mərkəzi Xəstxənasında göstərilib, sonra vəziyyətinin ağırlığı nəzərə alınaraq, Bərdə Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib, orada 3 gündən sonra qoluna gips qoyulub…

“Qolumun sümüyü sınıb çıxmışdı çölə…Müalicələrdən sonra qolumun yaralandığı oyuq hissəsi bir qədər yığıldı, balacalaşdı…Hansı ki, əvvəl çox böyük idi, fizioterapiyadan sonra bir qədər kiçildi…3 gündən sonra bir neçə yaralımızla birlikdə helikopterlə əvvəlcə Bakıda yerləşən Travmatologiya İnstitutuna gətirildik…Orada 5 gün müalicə aldıqdan sonra başqa bir xəstəxanaya-Respublika Mərkəzi Xəstəxanasına köçürüldük…Və xeyli müddət orada müalicə və müayinə olunduq, olundum…

Xəstəxanadan buraxıldıqdan da sonra dəfələrlə məzuniyyət verildi…Ötən dövrdə isə öz şəxsi vəsaitimlə müalicə olundum və olunmaqdayam…Ancaq qolumda hələ də ciddi problemlər qalmaqdadır…Qolumu tam hərəkət etdirə, qatlaya bilmirəm, qolum bir balaca bərkə düşən kimi, ağrı, sancı verir… Eyni zamanda, qolumda 3 ədəd cisim qalır…Həkimlər deyir ki, sümük qırıntıları da ola bilər, qəlpə də…Əməliyyat etmədilər…Elə bilirəm ki, qolumda qalan qəlpədir, sümük qırıntıları olsaydı, çoxdan bitişərdi, yox olub gedərdi…”-deyir Qazimiz…

Qazimiz bu vəziyyətində belə yenə də hərbi xidmətini davam etdirir, Vətənin keşiyindədir-Tərtər istiqamətində…

İgidliyi, Qəhrəmanlığı Al Baş Komandan tərəfindən də dəyərləndirilib, “Cəsur döyüşçü” medalına layiq görülüb…

Qazimiz həm də ailəlidir, iki övlad atasıdır…

Hələ də yaşamağa şəxsi mənzili, evi yoxdur…

Bu vəziyyətində kirayədə yaşayır ailəsi ilə…

Aylıq məvacibi aşağı düşdüyünə görə, dolanışığı da çox çətin vəziyyətdədir…

“Aldığım maaş ailəmin tələbatını, qayğılarını heç cür ödəmir”-deyən Qazimiz YAŞAT Fonduna müraciət etsə də, oradan hələ də müsbət cavab almadığını, ona heç bir maddi köməklik göstərilmədiyini, eyni zamanda, yerli qurumlar tərəfindən onunla, ailəsi ilə maraqlanılmadığını bildirir…

Çox üzücü və narahatedici mənzərədərir…

İkinci Vətən Müharibəsi iştirakçısına, Qazimizə belə bir münasibət heç cür qəbulolunan və başadüşülən deyil…

İnanmaq və ümid etmək istəyirik ki, yaxın zamanlarda Qazimizə haqq etdiyi, gərəkən həssas münasibət göstəriləcək, xüsusilə, YAŞAT və digər qurumlar tərəfindən ona, ailəsinə maddi və mənəvi dəstək, köməklik göstəriləcək…

Edilməlidir, göstərilməlidir, Haqqıdır, Haqq etdiyini də almalıdır!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Dünya buna reaksiya verdimi?”-BƏHRUZ MƏHƏRRƏMOV YAZDI

Read Next

Mədəniyyət evinin müdiri həbs olundu-ƏXLAQSIZLIĞA GÖRƏ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir