Ailənin 3 övladından biri…Ali təhsilli…Subay…29 yaşında, Şuşanın azad olunduğu gün Şuşada Şəhid olan İgidimiz-VÜSAL ZAKİR OĞLU TEYMUROV… – FOTOLAR

Vüsal Zakir oğlu Teymurov…

İkinci Vətən Müharibəsinin iştirakçılarından, İgidlərindən, Dastan yazan Qəhrəmanlarından, Vətən sevdalılarından və Şəhidlərindən, Nur üzlü Şəhidlərimizdən biri…

Tarixi Qələbə və Zəfərimizdə rolu, payı, əməyi, zəhməti, xidməti olan İgidimiz, Qəhrəmanımız, Vətən sevdalısı Şəhidimiz…

Əslən Lənkəranlı olan Vüsal 1991-ci il martın 4-ündə Bakı şəhərində sadə, zəhmətkeş və vətənpərvər bir ailədə anadan olub…

Ailədə 3 övlad, iki qardaş və bir bacı olublar…

Vüsal həm də subay olub…

Vüsal 1997-ci ildə Badamdar qəsəbəsindəki Şəhid Tofiq Məmmədov adına 239 nömrəli məktəbin 1-ci sinfinə qəbul olub…

Oxuduğu müddət ərzində də çalışqanlığı, səmimiliyi, yüksək nizam-intizamı ilə məktəb kollektivinin rəğbətini qazanıb…

2008-ci ildə 239 nömrəli məktəbi yaxşı və əla qiymətlərlə bitirərək, həmin ildə yüksək balla Azərbaycan Kooperasiya Universitetinin “Gümrük işinin təşkili” fakültəsinə daxil olub…

2012-ci ildə isə Azərbaycan Kooperasiya Universitetini bitirərək, elə həmin ilin iyul ayından da Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olub, N saylı hərbi hissənin 4 MAT, 10 MAB, II – taqım I manqa komandiri vəzifəsində xidmət edib…

2013-cü ildə hərbi xidmətini başa vurduqdan sonra yenidən evinə, ailəsinə dönüb və müxtəlif sahələrdə çalışıb…

Ancaq Vətən, Qarabağ sevdalısı Vüsal torpaqlarımızın işğal altında olmasına heç cür dözə bilməyib və məhz buna görə də, ötən ilin sentyabrında könüllü olaraq səfərbərliyə yazılıb…

II Qarabağ müharibəsi başlayanda, okyyabrın 5-də də müharibəyə, döyüşə yollanıb…

Vüsalın ən böyük arzusu torpaqlarımızın, Qarabağımızın, Şuşamızın işğaldan azad olunmasında onun payının olması idi…

Və elə buna görə də, müharibə zamanı ürəklə vuruşub, döyüşüb, qəhrəmanlıqlar göstərib…

Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı, Zəngilan Şuşa uğrunda döyüşlərdə iştirak edən, uzun və şərəfli döyüş yolu keçən İgidimiz müharibənin başa çatmasına, Qələbəyə iki gün qalmış ağır döyüşlərdən birində Şəhid olub…

Özü də məhz Şuşada, Şuşanın işğaldan azad edildiyi gün, noyabr ayının 8-ində…

Vüsal həm də adını tarixə Şuşa fatehlərindən biri kimi yazdırıb öz qanı, öz canı ilə…

Bu gün də onun müqəddəs ruhu Qarabağımızda, Şuşamızda yaşamaqdadır!

Şəhidimiz Badamdar qəbiristanlığında, Səbail Şəhidlərinin yanında dəfn edilib…

Ölümündən sonra İgidliyinə, Qəhrəmanlığına görə, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub…

Haqqıdır, Haqq etdiyini də öz qanı, canı bahasına qazanıb-Nur üzlü Şəhidimiz!

Nur içində yatsın, məkanı cənnətlik olsun – Şəhidimizin-Vüsal Teymurovun!

Yeri gəlmişkən: Şəhidimizin anası Nahidə xanımla iki gün öncə, iyunun 12-sində İsmayıllıda, Şəhid ailələrinin görüşündə tanış oldum…

Çox sakit təbiətli, çox istiqanlı, çox kövrək bir anadır Nahidə xanım-Nahidə ana…

Şəhidimiz haqqında da bir az söhbətləşdik, öz adımdan başsağlığı diləklərimi çatdrımdım…

Allah Şəhidimizin məzarını behiştlik, Dərgahını mübarək etsin, Şəhidimizin ailəsinə, anası Nahidə xanıma səbr və dözüm versin!

Qarşılarında ehtiramla və hörmətlə baş əyirəm!

Şəhidlər ölməz, Vətən bölünməz!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Elza Alışova Dəmirdağın “Azerbaycan turkçesi söz dizimi” kitabı-İŞIQ ÜZÜ GÖRDÜ…

Read Next

Daha bir Şəhidimizin-RAMİL BABAYEVİN ADINI DAŞIYAN “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLACAQ – SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir