Ailənin dörd övladından biri, dayısı Birinci Qarabağ Savaşı, özü isə İkinci Vətən Müharibəsi Şəhidi olan-ŞAMAXILI, DAĞ GÖYLƏRLİ ŞAHADƏT ÜSÜFOVUN SABAH CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNÜDÜR, 24 YAŞI TAMAM OLUR… – FOTOLAR

Şamaxı rayonunun İkinci Vətən Müharibəsi Şəhidi- Xüsusi Təyinatlı, MAXE Şahadət Qalib oğlu Üsüfovun doğum günüdür.

Şahadət Üsüfovun sabah-13 dekabr 2024-cü il tarixində 24 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur.

Cənnətdəki beşinci doğum günü ilə bağlı sabah səhər saatlarında Şəhidin Göylər (Dağ Göylər) kənd qəbiristanlığındakı məzarı ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələri düzüləcək, əklil qoyulacaq, ruhuna dualar ediləcək, “Quran” oxunacaq.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq.

Çıxışlar ediləcək, məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndiriləcək.

Sonra Şəhidin ailəsinin yaşadığı evdə Cənnətdəki doğum doğum günü ilə bağlı mərasim düzənlənəcək, adına ehsan süfrəsi açılacaq, bir daha ruhuna dualar ediləcək.

Şəhidin məzarını ziyarətdə və Cənnətdəki beşinci doğum günü ilə bağlı mərasimdə ailə üzvləri, Şamaxılı Şəhid ailələri, Qazilər, hərbçilər, müəllim və məktəblilər, din xadimləri və digər şəxslər iştirak edəcəklər.

Etikxeber.az xəbər verir ki, Şahadət Üsüfov 2000-ci ilin dekabr ayının 13-də Şamaxı rayonunun Dağ Göylər kəndində sadə bir ailədə dünyaya gəlib.

Ailənin dörd övladından, üç qardaşdan biri olub.

Böyük qardaşına babasının adı-Comərd, kiçik qardaşına Hekayət və tək bacılarına isə Ləman adı qoyulub.

Kollec təhsilli qardaşı Comərd hazırda ailəlidir.

2006-2017-ci illərdə Dağ Göylər kəndində yerləşən Ə.Məmmədov adına tam orta məktəbi oxuyub və orta məktəbi bitirdikdən bir müddət sonra Əsgərliyə, həqiqi hərbi xidmətə yollanıb.

Əsgərliyini başa vurar-vurmaz, 2020-ci ilin iyul ayından yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) MAXE kimi fəaliyyətə başlayıb.

İkinci Vətən Müharibəsinin ilk saniyələrindən də döyüşlərə atılıb, Kəlbəcər-Füzuli-Hadrut-Xocavənd istiqamətlərində 14 günlük döyüş yolu keçib.

Axırıncı dəfə ayın-oktyabrın 7-si axşam və 8-i səhər tezdən ailə üzvləri, valideynləri ilə danışıb, ayın 8-dən sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.

Oktyabrın 10-u günü isə Hadrut istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb və Şəhidlik xəbəri ailəsinə elə həmin gün-axşam saatlarına yaxın verilib.

Nəşi bir gün sonra-11 oktyabr tarixində kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra Ali Baş Komandan tərəfindən-“Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni, eyni zamanda, Müdafiə naziri tərəfindən “Şücaətə görə” medalı ilə təltif olunub…

Eyni zamanda, Dağ Göylər kəndində adına küçə verilib.

Həmçinin, Çöl Göylər kənd orta məktəbinə Şahadət Üsüfovun adının verilməsi ilə bağlı vəsatət qaldırılıb.

Şəhidin dayısı-əslən Sabirabad rayonunun Kovlar kəndindən olan Zaur Balahüseyn oğlu Hüseynov da Şəhiddir.

O, cəmi 18 yaşında, dörd ayının Əsgəri kimi 1993-cü ildə-Birinci Qarabağ Savaşında Şəhid olub, itkin düşüb.

Məkanı cənnətlik, Cənnətdəki beçinci doğum günü, 24 yaşı mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Nəşi 4 ay 2 gündən sonra tapılan və Əbədiyyətə uğurlanan, iki tələbə yoldaşı və can dostu Şəhadətə qovuşan, bu gün Cənnətdəki beşinci doğum günü olan-KÜRDƏMİRLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ RAMİL BABAYEV… – FOTOLAR

Read Next

İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını-ZİYARƏT ETDİLƏR – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir