Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Bərdə rayonunun sonuncu – 19-20 sentyabr 2023-cü il Şəhidlərindən biri olan Elməddin Qabil oğlu Lətifovun üç mərasimi idi…
Elmədidn Lətifovun Əbədiyyətə uğurlanmasından üç gün keçir…
27 sentyabr 2023-cü il tarixində, axşam saatlarında Bərdəli Şəhid anaları-Şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribova, Şəhid Səid Ədilovun anası Əzizə Ədilova və digər şəxslərlə birlikdə Şəhidimizin Xanağalı kəndindəki ata ocağında təşkil edilən üç mərasiminə qatıldım…
Şəhidimizin doğmalarına-anası Rəfiqə xanıma, həyat yoldaşı Şəbnəm xanıma, qardaşlarına, dayısına başsağlığı verdim, onlara Allahdan səbr və dözüm arzuladım…
“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…
Müqəddəs ruhu qarşısında baş əydiyimi, baş əydiyimizi dilə gətirdim…
Sonra Şəhidimizin anası Rəfiqə xanımla, onkoloji xəstəlikdən əziyyət çəkən 37 yaşlı həyat yoldaşı Şəbnəm xanımla söhbətləşdim, dərdləşdim…
Qeyd edim ki, Elməddin Lətifov 1987-ci ilin 31 oktyabr tarixində Bərdə rayonunun Xanağalı kəndində, sadə bir ailədə dünyaya gəlib…
Ailənin dörd övladından, üç qardaşdan biri olub…
Atasını bu ilin iyun ayında itirib…
Orta təhsilini Xanağalı kənd orta məktəbində aldıqdan sonra həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb…
Sonra yenidən evinə-ailəsinə dönüb…
Və bir müddət sonra, 2006-2007-ci illərdən isə həyatını yenidən Ordu, hərb ilə bağlayıb, MAXE kimi fəaliyyət göstərib…
2016-cı il Aprel döyüşlərində, İkinci Vətən Müharibəsində, 2022-ci ilin qanlı sentyabr döyüşlərində iştirak edib…
Döyüşüb, vuruşub, qəhrəmanlıqlara imza atıb, dəfələrlə ölümlərdən dönüb…
Eyni zamanda, bir neçə dəfə qəzaya uğrayıb…
Və bu ilin sentyabr ayının 19-da məlum lokal xarakterli antiterror təbirləri zamanı ağır yaralanıb…
Cəmi iki gün öncə isə hərbçi dostlarına “mən Şəhid olacağam”-deyib…
Elməddin Lətifov Bakı şəhərində yerləşən 5 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq, onun həyatını qurtarmaq mümkün olmayıb…
24 sentyabr tarixində vəfat edib, Şəhidlik məqamına ucalıb və nəşi bir gün sonra-25 sentyabr tarixində Xanağalı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən öncə bir neçə medalla təltif olunub…
O, həm də ailəli, iki övlad atası olub…
Qızı Dərya 6-cı sinifdə, oğlu-atasının adını daşıyan Qabil isə 4-cü sinifdə oxuyur…
Atalarının ruhu köməkləri olsun, torpağı sanı yaşasınlar!
Allah məqamını Uca, dərgahını mübarək etsin!
Amin!
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az