Ailənin iki övladından biri, atasını çox erkən itirən, anası tərəfindən təkbaşına böyüdülən-XÜSUSİ TƏYİNATLI, 6 MEDAL VƏ 1 ORDENLİ ELCAN ABBASOV…ŞƏHİDİN ADI, XATİRƏSİ NİYƏ ƏBƏDİLƏŞDİRİLMİR, AİLƏSİNİN TORPAQLA BAĞLI MÜRACİƏTİNƏ NİYƏ BAŞDANSOVDU CAVAB VERİLİR? – FOTOLAR

Ailənin iki oğlan övladından biri, Xüsusi Təyinatlı (XTQ), 6 medal və 1 ordenli Elcan Əfsəddin oğlu Abbasov…

Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən, Qəhrəmanlıq dastanı yazan Nur üzlülərimizdən, Vətən sevdalılarından biri…

Elcan Əfsəddin oğlu Abbasov 2000-ci ilin sentyabr ayının 23-də Mingəçevirdə sadə bir ailədə-Abbasovlar ailəsində dünyaya gəlib…

Anası əslən Şəkili, mərhum atası isə əslən Qərbi Azərbaycanlı olub…

Elcan ailənin iki övladından, iki oğuldan biri, evin sonbeşiyi olub…

Qardaşı Fərid ondan cəmi bir yaş böyük olsa da, ikisi də eyni ildə məktəbə gedib, eyni sinifdə oxuyublar…

Elcan dünyaya gələndən təxminən iki ay sonra, 2000-ci ilin noyabr ayının 15-də atasını, Əfsəddin kişini çox erkən və vaxtsız şəkildə itirib…

Ata üzünə, ata nəvazişinə həsrət qalıb…

Anaları Ulduz xanım onları təkbaşına böyüdüb, övladlarına həm ana, həm ata, həm dost, həm də sirdaş olub…

İki yerdə, səhərdən axşamacan işləməklə onları minbir əzab-əziyyətlərlə böyüdüb, boya-başa çatdırıb, Vətənə xeyirli övladlar kimi yetişdirib…

Fərid 2017-2018-ci illərdə, Elcan isə 2018-2020-ci illərdə hərbi xidmətdə, Vətənin keşiyində olub…

Hər ikisi də hərbi, Ordunu seçiblər…

Elçan Xüsusi Təyinatlı (XTQ) olub, Fərid isə 2019-cu ilin dekabrından 2021-ci ilin noyabr ayına kimi Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib…

Həm Elcan, həm də Fərid İkinci Vətən Müharibəsinin iştirakçılarından olub…

Fərid hazırda müharibə veteranıdır…

İkinci Vətən Müharibəsinin ilk saniyəsindən son günlərinə qədər döyüşlərdə iştirak edən, şərəfli və uzun döyüş yolu kecən Elcan isə noyabr ayında Şuşa istiqamətində ağır və qanlı döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Axırıncı dəfə anası Ulduz xanımla oktyabrın 28-də danışıb, ondan sonra Elcandan xəbər almaq mümkün olmayıb…

Şəhidliyi xəbəri isə noyabrın 10-da, axşam saatlarında ailəsinə, anası və qardaşına verilib…

Və bir gün sonra, noyabrın 11-də nəşi Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb, Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra İgidliyinə, Qəhrəmanlığına görə, 6 medal və bir orden – 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub…

Haqq edib, Haqqıdır, Haqqını da qanı, canı bahasına qazanıb Nur üzlü Şəhidimiz!

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

***

Dünən, 26 may tarixində isə Şəhidimizin ailəsi-anası və qardaşı ilə bir araya gəldim Mingəçevir şəhərində, ocaqlarında…

Və ilk dəfəydi ki, onlarda olurdum…

Şəhidimizin həm anası, həm də qardaşı ilə bir saata yaxın söhbətləşdim, dərdləşdim…

Söhbət zamanı bir daha həm Elcanın, həm də elə Fəridin döyüş yoluna nəzər salındı, ekskurs edildi…

Şərəfli və Qürurlu bir döyüş yolu…

İki övlad, iki qardaş və ikisi də İkinci Vətən Müharibəsinin iştirakçısı…

Biri Şəhid, biri də qardaş acısı və Qüruru ilə yaşayan 23 yaşlı Vətən sevdalısı…

Şəhidimizin ailəsi-həm anası, həm də qardaşı çox sakit, çox təvazökardırlar…

O dərəcədə təvazökardırlar ki, çox şeyləri sakitliklə qarşılayır, haqlarını belə tələb etməyə utanır, çəkinirlər…

Və çox təəssüflər olsun ki, bugünə kimi Şəhidin adının, xatirəsinin əbədiləşdirilməsi istiqamətində heç bir addım atılmayıb…

Nə küçəyə, nə məktəbə, nə də uşaq bağçasına adı verilib…

Şəhidin ailəsi istəyir ki, Mingəçevirin küçələrindən birinə və ən azı uşaq vaxtı getdiyi, təlim-tərbiyə aldığı uşaq bağçasına Elcanın adı verilsin…

Küçə məsələsi Mingəçevir şəhər İcra Hakimiyyətinin, uşaq bağçası isə Təhsil Nazirliyi ilə Nazirlər Kabinetinin səlahiyyətindədir…

Və yaxşı olardı ki, artıq adlçəkilən qurumlar səlahiyyətlərini, vəzifələrini icra edərək, Şəhidin adının əbədiləşdirilməsi istiqamətində gərəkən addımı atsınlar…

Həm Şəhidini ruhunu sevindirsinlər, şad etsinlər, həm də Şəhid ailəsinə təskinlik, təsəlli versinlər az da olsa.

Eyni zamanda, Şəhidin anası istəyir ki, onlara şəhərin özündə cəmi 3-5 sotluq torpaq sahəsi verilsin və həmin ərazidə də tək övladı öz işini-gücünü qura bilsin…

Belə ki, övladı Fərid hazırda avtomobil təmiri ilə məşğul olur və həmin yerə də icarə haqqı ödəyir…

Ona görə də istəyir ki, onlara şəhərin özündən torpaq sahəsi ayrılsın və övladı orada öz işini qurub, bir tikə çörəyini qaza bilsin…

Ancaq yenə çox təəssüflər olsun ki, bu barədə müraciətlərinə hələ də Mingəçevirin aidiyyatı qurumlarından, xüsusilə, Migəçevir şəhər Bələdiyyəsindən müsbət cavab ala bilməyiblər…

Onlara, sadəcə, başdansovdu cavab verilib…

Şəhid anası, Şəhidimizin ailəsi isə haqlı olaraq, bu münasibətlə, bu rəftarla razılaşmır…

Odur ki, artıq Şəhid ailəsinin xahişinə, müraciətinə müsbət cavab verilməli, onlara qanun şəkildə torpaq sahəsi ayrılmalıdır.

Bu məsələdə artıq bəhanəyə, laqeydliyə, biganəliyə, soyuqqanlı rəftara yer, əsas yoxdur və ola da bilməz.

Şəhid ailəsinin xahişi, müraciəti bir an yerinə yetirilməli və onlar az da olsa, sevindirilməlidir.

Müvafiq qurumlardan da artıq müsbət cavabı gözləyirik!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 11 yeni-YOLUXMA…

Read Next

İlham Əliyev növbəti-ƏFV SƏRƏNCAMI İMZALADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir