Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Daha bir Bərdəli İkinci Vətən Müharibəsi Şəhidinin Anım Günüdür.
Bu gün Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Şövqi Raqub oğlu İsmayılzadənin Əbədiyyətə uğurlanmasından dörd il ötür.
Anım Günü ilə bağlı sabah səhər saatlarında Şəhidin Bəcirəvan kənd qəbiristanlığındakı məzarı ziyarət olunacaq.
Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək.
Məzarı başında qısa çıxışlar olunacaq, “Quran” oxunacaq.
Ziyarətdən sonra Şəhidin ailəsinin-valideynlərinin yaşadığı evdə Anım mərasimi keçiriləcək, adına ehsan süfrəsi açılacaq, bir daha ruhuna dualar ediləcək.
Şəhidin məzarını ziyarətdə və Anım mərasimində ailə üzvləri, yaxınları, Bərdədən və digər bölgələrdən olan Şəhid ailələri, hərbçilər, Qazilər, din xadimləri və başqa şəxslər iştirak edəcəklər.
Etikxeber.az xəbər verir ki, Şövqi İsmayılzadə 1996-cı ilin fevral ayının 23-də Bərdənin Bəcirəvan kəndində-ziyalı ailəsində dünyaya gəlib.
Sövqi ailənin iki övladından biri, evin tək oğlu olub.
O, həm də ailəli, bir qız atası idi.
Şövqi İsmayılzadə Azərbaycan Ordusunun hərbçisi-MAXE kimi İkinci Vətən Müharibəsinə qatılıb.
Müharibənin 11-ci günündə, oktyabrın 7-də isə Tərtər-Ağdərə (Suqovuşan) istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi oktyabrın 8-də doğulub boya-başa çatdığı Bəcirəvan kənd qəbiristanlığında dəfn edilib.
Şövqi həm də Bəcirəvanın yeganə İkinci Vətən Müharibəsi Şəhididir.
Şəhidliyindən sonra 3 medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Yaşadığı kənddə adını daşıyan küçə var.
Məkanı cənnətlik, məqamı Uca olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az