Ailənin tək oğlu, bir övladı Vətənə əmanət qalan Oruc Nəcəfli ilə evin tək və subay oğlu Fuad Xankişiyevin bu gün-ANIM GÜNLƏRİDİR…

Bu gün, 6 noyabr tarixi Mingəçevirin daha iki İkinci Vətən Müharibəsi Şəhidinin Anım Günüdür.

Evin iki övladından biri olan, tək oğul Fuad Şöhrət oğlu Xankişiyev və ailənin iki övladından biri olan, tək oğul Oruc Rövşən oğlu Nəcəflinin bu gün Əbədiyyətə uğurlandığı, torpağa tapşırıldığı gündür.

Düz bir il öncə həm Fuad Xankişiyev, həm də Oruc Nəcəfli Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfb ediliblər.

Etikxeber.az xəbər verir ki, Oruc Nəfəli 1989-cu ilin 6 oktyabr tarixində Yevlaxın Tanrıqulular kəndində anadan olub.

1996-2007-ci illərdə Mingəçevir şəhərində Nizami Gəncəvi adına 8 nömrəli tam orta məktəbdə təhsil alıb.

2007-2011-ci illərdə isə Mingəçevir Politexnik İnstitutunda “İnformatika və hesablama texnikası” ixtisası üzrə ali təhsil alıb.

O, İkinci Vətən Müharibəsinin ilk günündən döyüşlərdə olub və Ağdərə istiqamətində, “Tülkü dərəsi” adlanan ərazidə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Oktyabrın 17-də Şəhid olsa da, bir müddət onun nəşini götürmək mümkün olmayıb.

Yalnız 19 gün sonra nəşi tapılıb və noyabr 6-da Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilib.

Ölümündən sonra medallarla təltif olunub.

Oruc həm də ailəli olub.

Bir qızı yadigar, Vətən əmanət qalıb.

***

Fuad Xankişiyev isə 1996-cı ilin aprelin 12-də Mingəçevir şəhərində dünyaya gəlib.

İkinci Vətən Müharibəsi zamanı Füzulidən Daşlatı-Çanaqçıycan uzun döyüş yolu keçib.

Noyabrın 3-də ağır döyüşlərin birində qəhrəmancasına həlak olan Fuad Xankişiyev noyabrın 6-da Mingəçevirdə-Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidliyindən sonra 5 medalla- “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Fuad subay olub.

***

Anım Günləri ilə bağlı bu gün hər iki Şəhidin səhər saatlarında Mingəçevir Şəhidlər Xiyabanında məzarları ziyarət olunacaq.

Ziyarətdə hər iki Şəhidin ailə üzvləri, yaxınları, Mingəçevirdən və başqa bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri və digər şəxslər iştirak edəcəklər.

Hər iki Şəhidin məzarları üzərinə gül dəstələri düzüləcək, ruhlarına dualar ediləcək.

Ziyarətdən sonra hər iki Şəhidin ailəsinin yaşadığı evdə-məhəllədə anım mərasimləri keçiriləcək, ehsan süfrələri açılacaq.

Allah hər iki Şəhidimizin məkanını cənnətlik, məqamını Uca etsin!

Nur içində yatsınlar!

Allah ailələrinə səbr və dözüm versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

lham Əliyev ABŞ Dövlət katibinin köməkçisinin müavinini-QƏBUL ETDİ – FOTO

Read Next

Tanınmış jurnalistin “İsmayıllının Zəfər Şəhidləri” adlı kitabı-İŞIQ ÜZÜ GÖRDÜ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir