Ailənin tək oğlu-Şəhid Rüstəm Məmmədov…Üç qardaşın ortancılı-Şəhid Cəmil Həşimli- RÜSTƏMİN 23, CƏMİLİN 26 YAŞI TAMAM OLUR – AİLƏLƏRİ, MƏZARLARI ZİYARƏT OLUNACAQ – FOTOLAR

Qarşıdan iki Şəhidimizin doğum-Cənnətdəki ilk ad günü gəlir.

Hər ikisi də İkinci Vətən Müharibəsinin Şəhididir.

Mingəçevirli Rüstəm Məmmədov və Kürdəmirli Cəmil Həşimli.

Etikxeber.az-ın xəbərinə görə, Rüstəm Məmmədovun 23, Cəmil Həşimlinin 26 yaşı tamam olur (olacaq).

Evin-ailənin iki övladından biri və tək oğlu olan Rüstəm Məmmədov 1998-ci ilin avqustun 10-unda anadan olub.

Rüstəm orta məktəbi qurtardıqdan sonra Sumqayıtda hərbi xidmət keçib, əsgərlikdən sonra isə müxtəlif yerlərdə çalışıb.

İkinci Vətən Müharibəsi başlamazdan 20 gün öncə həyatını yenidən Ordu ilə, hərblə bağlayıb, MAXE kimi, qulluğa başlayıb, sentyabrın 27-sindən də döyüşlərə atılıb.

Qanlı döyüşlərin 3-cü günündə, sentyabrın 29-unda Suqovuşan-Ağdərə istiqamətində döyüşlərdə Şəhid olub.

Amma uzun müddət onun nəşini götürmək mümkün olmayıb.

Yalnız noyabrın 22-sində nəşini əldə etmək mümkün olub və nəşi elə həmin gün Mingəçevirə gətirilərək, Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Ölümündən sonra Ali Baş Komandan tərəfindən iki medalla-“Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Rüstəm həm də subay olub.

Cənnətdəki ilk doğum günü ilə bağlı sabah 16:00-da Mingəçevir şəhər Şəhidlər Xiyabanında məzarı ziyarət olunacaq, saat 17:00-da isə “Qala” restoranında anım tədbiri keçirləcək, ehsan süfrəsi açılacaq.

Həm ziyarətdə, həm də mərasimdə Mingəçevir və digər bölgələrdən olan Şəhid ailələri iştirak edəcəklər.

***

Ailənin 3 övladından, 3 qardaşdan biri olan Cəmil Həşimli isə 1995-ci ilin avqustun 11-ində Kürdəmirdə-sadə bir ailədə dünyaya gəlib.

Cəmil də daxil olmaqla, hər üç qardaş uşaq yaşlarından anaları Simuzər xanımın himayəsində böyüyüblər.

Simuzər xanım onlara həm ana, həm də ata olub.

Cəmil Həşimli də peşəkar hərbçi kimi, İkinci Vətən Müharibəsinin ilk günündən döyüşlərdə olub.

O, 2020-ci ilin oktyabrın 5-ində Füzuli-Əbdürrəhmanlı istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik Zirvəsinə ucalıb.

Nəşi Kürdəmirə gətirilərək, oktyabrın 6-sında Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

İgidliyinə, Qəhrəmanlığına görə, ölümündən sonra medalla təltif olunub.

Qeyd edək ki, Şəhidimizin qardaşı-ali təhsilli Mərahim Həşimli də İkinci Vətən Müharibəsinin iştirakçılarından, Qazilərimizdəndir.

Həmçinin, Şəhidimizin kiçik qardaşı-ali təhsilli və idmançı Cavid Həşimli  bir müddət öncə Naxçıvan Muxtar Respublikasında hərbi xidmətini başa vuraraq, evinə, ailəsinə dönüb.

Avqustun 11-ində-26 yaşı tamam olan gün Kürdəmirdən və Azərbaycanın digər bölgələrindən olan Şəhid ailələri Cəmil Həşimlinin ailəsini və məzarını ziyarət edəcəklər.

Ziyarətdən sonra tədbir keçiriləcək, ehsan süfrəsi açılacaq.

Cəmil Həşimli də subay olub.

Allah hər iki Şəhidimizin məkanını cənnətlik etsin, ailələrinə səbr versin!

Nur içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Rusiyalı hərbçilər sərhədimizdə: Nə etməliyik?-POLİTOLOQUN BAXIŞI

Read Next

Şagird yerdəyişməsinə start verilir-BU GÜNDƏN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir