Bu gün Kürdəmir rayonunun 2022-ci il Qanlı sentyabr Şəhidlərindən olan Nəzər Ağacəli oğlu Əzizovun Anım Günüdür.
Onun Şəhidliyindən bir il keçir.
Etikxeber.az xəbər verir ki, Nəzər Əzizov 1991-ci ilin avqust ayının 28-də Kürdəmir rayonunun Dəyirmanlı kəndində dünyaya gəlib.
Ailənin tək-yeganə oğlan övladı olub.
Orta məktəbi bitirdikdən, həqiqi hərbi xidmətini başa vurduqdan sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Gizirlik kursunu bitirib, Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) fəaliyyət göstərib.
2016-cı ilin Aprel döyüşlərində və İkinci Vətən Müharibəsində-Xocavənd, Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə iştirak edib, bir sıra qəhrəmanlıqlara imza atıb.
İkinci Qarabağ Savaşından sonra Ali Baş Komandan tərəfindən 4 medalla təltif olunub.
O, 2022-ci ilin sentyabr ayının 12-dən 13-nə keçən növbəti erməni təxribatı nəticəsində baş verən qanlı döyüşlər zamanı Şəhidlik zirvəsinə ucalıb.
Nəşi 14 sentyabr tarixində Kürdəmir rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.
31 yaşında Şəhdlik zirvəsinə ucalan Nəzər Əzizov həm də ailəli, iki övlad atası olub.
Uğur və İnci adlı övladları ailəsinə, Vətənə əmanət qalıb.
Eyni zamanda, 2022-ci ilin noyabr ayında adını daşıyan “Şəhid bulağı”nın açılışı olub.
***
Şəhidliyinin birinci ilə bağlı bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.
Ruhuna dualar olunub, qısa çıxışlar edilib, Şəhidin 31 illik qısa, lakin şərəfli həyat, hərb və döyüş yolundan, İgidliyi və Qəhrəmanlığından danışılıb, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.
Ziyarətdən sonra isə Şəhidin ocağında Anım mərasimi keçirilib, adına ehsan verilib, bir daha ruhuna dualar edilib.
Məzarını ziyarətdə və Anım mərasimində Şəhidin ailə üzvləri, Kürdəmirli Şəhid ailələri, Qazilər, hərbçilər, yerli ziyalılar, Kürdəmir rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri, din xadimləri və digər şəxslər iştirak ediblər.
Məqamı Uca olsun!
Nur içində yatsın!
***
FOTOLAR:



12:47
***
ANIM GÜNÜNDƏ ŞƏHİDİN MƏZARINI ZİYARƏT…






















15:57
***
ŞƏHİDİN OCAĞINDA ANIM MƏRASİMİ…










Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az