Ailənin tək və subay oğlu, 4 medallı, 22 yaşının tamamından bir həftə sonra Vətən yolunda canını fəda edən, oktyabrda doğulub, oktyabrda da-ŞƏHİD OLAN ELYAZ VƏLİ OĞLU QARAYEV…-FOTOLAR

Bu gün, 4 aprel 2022-ci il tarixində daha bir İkinci Vətən Müharibəsi Şəhidimizin ailəsini, ocağını ziyarət etdik…

Daha bir Nur üzlümüzün, Vətən fədaimizin, Qarabağlı olub Qarabağının azadlığı uğrunda canını fəda edən Elyaz Vəli oğlu Qarayevin anası Xanım Qarayeva və bacısına baş çəkdik…

Qeyd edim ki, Şəhidimizin anasını çoxdan tanısam da, Bərdə və Bakıda keçirilən tədbirlərdə dəfələrlə bir yerdə olsaq da, ilk dəfə idi ki, onlarda olurdum…

Və Şəhidimizin anası Xanım xanıma söz vermişdim…

Söz vermişdim ki, bir gün onları da, Şəhidimizin ocağını da ziyarət edəcəyəm…

Və söz verdiyim kimi, bu gün axşam saatlarında digər Bərdəli Şəhidimiz Fəxri Qəribzadənin yaxınları, ailə üzvləri ilə birlikdə Vətən sevdalısı Elyaz Qarayevin anasını, ocağını ziyarət etdik…

Qeyd edim ki, Elyaz evin-ailənin iki övladından biri, tək oğul olub…

Elyaz 1998-ci ilin oktyabrın 20-də Bərdənin Dəymədağlı kəndində sadə, kasıb bir ailədə dünyaya gəlib…

Ailədə bir bacı, bir qardaş olublar…

Atalarını da illər öncə, Elyaz 13 yaşında olarkən itiriblər…

O vaxtdan da anaları Xanım xanım onlara həm analıq, həm də atalıq edib…

Onları minbir əzab-əziyyətlə böyüdüb, boya-başa çatdırıb…

Bacısı bir neçə il öncə ailə həyatı qurub, 3 övlad anasıdır…

Elyaz isə subay olub…

Orta məktəbi bitirdikdən sonra öncə Ağcabədi, sonra Beyləqan istiqamətində hərbi xidmətdə qulluq edib…

Hərbi xidməti başa vurduqdan sonra evinə, anasının yanına qayıdıb, fəhləliklə həm özünü, həm də anasını dolandırmağa çalışıb…

Şəhidliyindən cəmi 6 ay öncə isə rayonda Su İdarəsində işə düzəlibmiş…

İkinci Vətən Müharibəsi başlayandan bir gün sonra isə səfərbərliyə cəlb olunub, düz bir ay Füzuli, Xocavənd, Qubadlı istiqamətlərində döyüşüb…

Qubadlının azad olunmasından, eyni zamanda, 22 yaşının tamamından cəmi bir həftə sonra, oktyabrın 27-də Şuşa istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına yüksəlib…

Nəşi bir gün sonra doğulub boya-başa çatdığı Dəymədağlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra 4 medalla-“Vətən uğrunda”. “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub…

***

Şəhidimizin anası (həm də bacısıgili) və ocağını ziyatərimiz təxminən bir saat çəkdi…

Bir daha Şəhidimizin anası və bacısına başsağlığı verdik, bir daha onlara Allahdan səbr və dözüm dilədik, bir daha “Şəhidimizin məkanı cənnətlik, məqamı Uca olsun!”-dedik…

Söhbətləşdik, dərdləşdik…

Bir daha Şəhidimizin keçdiyi qısa, lakin şərəf ömür yoluna ekskurs etdik, Elyaz da daxil olmaqla, Şəhidlərimizlə Fəxr duyduğumuzu, Qürurlandığımızı dilə gətirdik…

Və ziyarətimiz başa vurub, sağollaşıb Şəhidimizin ocağından ayrıldıq…

Nur içində yatsın!

Məzarında rahat uyusun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Gecə klubunda partlayışa görə-3 NƏFƏR HƏBS OLUNDU

Read Next

Zelenski bu dəfə-BMT-DƏ ÇIXIŞ EDƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir