Ailənin tək və subay oğlu Rəşad Zeynallı, iki övladı Vətənə əmanət qalan Elnur Xəlilov, nəşi 2 ay 19 gündən sonra tapılan Namiq Qarayev-BU GÜN HƏR ÜÇ ŞƏHİDİN CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNÜDÜR…

Əslən İmişlidən, özü isə Bakı şəhərinin Nəsimi rayonundan olan İkinci Vətən Müharibəsi Şəhidi Rəşad Qiyas oğlu Zeynallının doğum günüdür.

Rəşad Zeynallının bu gün-21 aprel 2026-cı il tarixində 28 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.

Etikxeber.az-ın xəbərinə görə, Rəşad Zeynallı 1998-ci ilin 21 aprel tarixində Bakı şəhərinin Nəsimi rayonunda dünyaya gəlib.

Ailənin üç övladından, evin tək oğlu, iki bacının tək qardaşı idi.

Rəşadın özündən böyük Mirzeynal adlı qardaşı da olub.

Amma Mirzeynal Zeynalbəyli 1997-ci ildə, cəmi 4 yaşında dünyasını dəyişib və Zeynalovlar (Zeynallılar) ailəsi ilk övlad acısını yaşayıb.

Rəşad 2004-2008-ci illərdə İ. Əfəndiyev adına Elitar Gimnaziyada, 2008-2015-ci illərdə isə P. Nəzərov adına 60 nömrəli tam orta məкtəbdə təhsil alıb.

Orta məktəbi müvəffəqiyyətlə başa vuran Rəşad ali məktəbə daxil olub, 2015-2019-ci illərdə Azərbaycan Texniki Universitetində (AzTU) “Cihazqayırma mühəndisliyi” ixtisası üzrə ali təhsil alıb.

Ali təhsilini başa vurduqdan sonra-2019-cu ilin payızında həqiqi hərbi xidmətə yollanıb.

Əsgərliyinin başa çatmasına sayılı günlər qalmış isə İkinci Vətən Müharibəsi başlayıb və Azərbaycan Ordusunun Əsgəri kimi döyüşlərə atılıb.

Cəbrayıl  Füzuli istiqamətində döyüşlərdə iştirak edib.

Şərəfli döyüş yolu 11 gün çəkib və oktyabr ayının 8-də Cəbrayıl rayonunda qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

İllər öncə övlad itkisi yaşayan Zeynalovlar (Zeynallılar) ailəsinin acısının üzərinə daha bir acı, dərdinin üzərinə daha bir dərd gəlib.

Oktyabrın 8-də Şəhid olsa da, ancaq nəşi 21 gündən sonra, 29 oktyabr tarixində Hərbi Memorial Məzarlıqda Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”  “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Valideynləri isə övladlarının-tək oğullarının eyni zamanda, ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyirlər.

22 yaşında Şəhidlik məqamına ucalan Rəşad Zeynallı həm də subay olub.

Şəhidə həsr olunmuş “Rəşadətli ömür” filmi çəkilib.

***

Bu gün həm də Beyləqanlı İkinci Vətən Müharibəsi Şəhidi Elnur Ramiz oğlu Xəlilovun Cənnətdəki altıncı doğum günüdür.

Onun 36 yaşı tamam olur.

 Elnur 1990-cı ilin aprel ayının 21-də Beyləqan rayonunun Bolsulu kəndində dünyaya gəlib.

Ailənin iki övladından, iki qardaşdan biri olub.

Həqiqi hərbi xidmətini, Əsgərliyini başa vurduqdan sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda MAHHXHQ, Çavuş kimi fəaliyyət göstərib.

Aprel döyüşlərinin iştirakçılarından olub.

İkinci Vətən Müharibəsinə qatılıb və müharibənin elə ilk günündə Füzuli istiqamətində Şəhid olub.

Ancaq nəşi gec tapılıb və 2020-ci ilin noyabr ayının 16-da Beyləqan rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra bir neçə medalla təltif edilib.

30 yaşında Şəhadətə qovuşan Elnur həm də ailəli olub.

İki övladı-bir qızı və bir oğlu Vətənə əmanət qalıb.

Qızı 6-cı, oğlu isə 2-ci sinifdə oxuyur.

***

Bu gün eyni zamanda, Ucarlı İkinci Vətən Müharibəsi Şəhidi Namiq Qarakişi oğlu Qarayevin mövludu, Cənnətdəki altıncı doğum günüdür.

Bu gün onun 47 yaşı tamam olur.

O, 1979-cu ilin aprelin 21-də Ucar rayonunun Qazıqumlaq kəndində sadə, zəhmətkeş bir ailədə dünyaya gəlib.

Ailədə 4 qardaş, 3 bacı olublar.

1985-1996-ci illərdə Qazıqumlaq kənd 1 saylı orta məktəbdə oxuyub.

1997-1999-cu illərdə Azərbaycan Ordusunun Əsgəri olaraq Gədəbəy rayonunda xidmət edib.

Atası Qarakişi Qarayev 28 sentyabr 2002-ci ildə vəfat etdikdən sonra Yevlax Dəmir yolu stansiyasında atasının yerinə işə götürülüb və orada işləyib.

18 oktyabr 2001-ci ildə həmkəndlisi Günel xanımla ailə qurub və 11 avqust 2002-ci il tarixində qız övladı-Şəlaləsi dünyaya gəlib.

Sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb və 17 iyul 2017-ci ildə Şəmkir korpusunda MAXE kimi fəaliyyətə başlayıb.

İkinci Vətən Müharibəsinin ilk saniyəsindən də döyüşlərdə olub, Kəlbəcər-Murov istiqamətində döyüşlərdə iştirak edib.

Oktyabrın 2-də isə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Amma nəşini uzun müddət tapmaq mümkün olmayıb.

Yalnız 2 ay 19 gündən sonra, dekabr ayının 21-də nəşini əldə etmək mümkün olub və elə həmin gün Qazıqumlaq kənd qəbiristanlığında da torpağa tapşırılıb.

Şəhidliyindən sonra isə bir neçə medalla təltif olunub.

Məkanları cənnətlik, Cənnətdəki doğum günləri mübarək olsun!

Nurlar içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə-ÇAĞIRILDI VƏ…

Read Next

Bu yollarda sıxlıq və tıxac müşahidə olunur-SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir