Ailənin üç oğlan övladından, eyni istiqamətlərdə döyüşən iki hərbçi qardaşdan biri, məzarı başında hər kəsi duyğulandıran-balaca Rəvanı Vətənə əmanət qalan-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELVİN ƏDALƏT OĞLU KAZIMOV… – FOTOLAR – YENİLƏNİB

Elvin Ədalət oğlu Kazımov…

Əslən Qazaxlı, özü isə Bakı doğumlu…

İgid, Qəhrəman, Vətən sevdalısı Azərbaycan övladı…

Ali təhsilli, peşəkar hərbçi, Aprel döyüşləriİkinci Vətən Müharibəsinin iştirakçısı…

Nur üzlü İkinci Qarabağ Savaşı Şəhidi…

Etikxeber.az xəbər verir ki, Elvin Kazımov 1987-ci ilin 3 dekabr tarixində Bakı şəhərində dünyaya gəlib…

Ailənin üç övladından, üç qardaşdan biri, evin ortancıl oğlu olub…

Əvvəlcə Bakı şəhərinin Xətai rayonunda yerləşən 221 nömrəli tam orta məktəbdə, sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseydə oxuyub.

2006–2010-cu illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə (AAHM) ali hərbi təhsil alıb.

2011-ci ildə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində kurs bitirib.

Leytenant hərbi rütbəsində Azərbaycan Ordusunda fəaliyyətə başlayıb…

2014-cu ildə, avqustun 31-dən sentyabrın 1-nə keçən gecə Ağcabədi rayonunun Yusifcanlı kəndi istiqamətində kəşfiyyat döyüş tapşırıqlarını yerinə yetirərkən düşmənin xain pusqusuna düşərək yaralanıb.

Eyni zamanda, 2016-ci ilin Aprel döyüşlərində iştirak edib.

İkinci Vətən Müharibəsinə isə Azərbaycan Ordusunun Kapitanı kimi qatılıb və şərəfli döyüş yolu 9 gün çəkib…

Talış kəndi istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhid olub və nəşi 2020-ci ilin oktyabr ayının 6-da İkinci Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Həm Şəhidliyindən öncə, həm də Şəhidliyindən sonra 3 medalla təltif olunub.

Şəhidin böyük qardaşı Elçin Kazımov da Azərbaycan Ordusunun hərbçisidir, Mayor hərbi rütbəsini daşıyır.

Hər iki qardaş İkinci Vətən Müharibəsi zamanı eyni istiqamətlərdə və bir-birindən xəbərsiz vuruşublar.

Qardaşı da bir neçə medalla təltif olunub.

Elvin həm də ailəli olub.

Bir övladı-Rəvan adlı 4 yaşlı oğlan övladı ailəsinə, Vətəninə əmanət qalıb.

Torpağı sanı yaşasın, ruhu köməyi olsun!

***

Bu gün Şəhidimizin Anım Günü idi.

Valideynləri, ailə üzvləri, balaca Rəvanı, yaxınları, doğmaları məzarını ziyarətə gəlmişdilər…

Şəhidimizin ailəsinə, atası-Qəhrəman oğulların atası Ədalət kişiyə Allahdan səbr və dözüm arzuladım…

“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun! Ruhu qarşısında baş əyirəm!”-dedim…

Elvin Kazımov da daxil olmaqla, cəmi Şəhidlərimizə borclu olduğumu, borclu olduğumuzu dilə gətirdim…

Şəhidin məzarını ziyarət zamanı çox təsirli, kövrək, duyğulu anlar yaşandı…

Xüsusilə, Şəhidin Vətən əmanət övladının-balaca Rəvanın Azərbaycanın Dövlət himinini oxuması hər kəsi təsirləndirdi, duyğulandırdı, kövrəltdi…

Ziyarətçilərin bir çoxu da balaca Rəvana qoşulub, Dövlət himnimizi oxudular…

Allah balaca Rəvan da daxil olmaqla, Elvin Kazımovun ailəsinə, doğmalarına bir daha və bir daha səbr və dözüm versin!

Böyük Yaradan bir daha və bir daha cəmi 33 yaşında Vətəni uğrunda canını fəda edən Nur üzlü Şəhidimizin-Elvin Kazımovun məqamını Uca, dərgahını mübarək etsin!

Fəxrimiz, Qürurumuzdur!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Azərbaycan-İran dostluğu və əməkdaşlığı bütün bölgə üçün önəmli amildir”-AZƏRBAYCAN PREZİDENTİ – FOTO

Read Next

İkinci Vətən Müharibəsinin 6 oktyabr Şəhidlərindən Kamran Kazımov və Elvin Kazımovun-İKİNCİ ŞƏHİDLƏR XİYABANINDAKI MƏZARLARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMLƏRİ DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir