Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Şamaxı rayonunun daha bir İkinci Vətən Müharibəsi Şəhidinin-Ağacan Zakir oğlu Cəbrayılovun Anım Günüdür.
Ağacan Cəbrayılovun bu gün Əbədiyyətə uğurlanmasından dörd il ötür.
Etikxeber.az xəbər verir ki, Ağacan Cəbrayılov 2002-ci ilin may ayının 20-də Şamaxı rayonunda sadə bir ailədə dünyaya gəlib.
Ailənin üç övladından, iki qardaşdan biri olub.
O, həm də evin-ailənin yeganə sağlam övladı idi.
Bacısı Ləman və qardaşı Sədi fiziki qüsurlu xəstədirlər.
Qardaşı Sədinin bu ilin dekabr ayının 8-də toyu olacaq.
Ağacan 2008-2019-cu illərdə orta məktəbdə təhsil alıb.
Orta məktəbi başa vurduqdan bir müddət sonra, 2020-ci ilin iyul ayının sonlarında həqiqi hərbi xidmətə yollanıb.
İkinci Vətən Müharibəsində Azərbaycan Ordusunun Əsgəri kimi iştirak edib.
Cəbhənin Ağdam-Xocavənd istiqamətində döyüşüb.
Döyüşlərdən birində ağır yaralansa da, ailəsinin bu barədə xəbəri olmayıb.
Yalnız noyabr ayının 22-də ailəsinə Şəhidliyi xəbəri verilib.
Nəşi isə bir gün sonra, 23 noyabr 2020-ci il tarixində Şamaxı şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
Ağacan həm də subay olub.
***
Anım Günü ilə bağlı bu gün-22 noyabr 2024-cü il tarixində, səhər saatlarında Şəhidin Şamaxı Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar olunub, “Quran” oxunub.
Məzarı başında qısa çıxışlar olunub.
Çıxışlarda tarixi 44 günlük İkinci Vətən Müharibəsindən, Qələbə və Zəfərimizdən, Şəhidin İgidliyi və Qəhrəmanlığından bəhs olunub, Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.
Məzarını ziyarətdən sonra Şamaxı rayon məscidində Anım mərasimi düzənlənib, adına ehsan verilib.
Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Şəhidin bir daha ruhuna dualar edilib.
Məzarını ziyarətdə və Anım mərasimində Şəhidin ailə üzvləri, yaxınları, Şamaxı və müxtəlif bölgələrdən olan Şəhid ailələri, Qazilər, din xadimləri, Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatının rəhbərliyi, İcra başçısı Tahir Məmmədov başda olmaqla, Şamaxı rayon İcra Hakimiyyətinin rəhbər-məsul şəxsləri və digərləri iştirak ediblər.
Məkanı cənnətlik, ruhu şad olsun!
Nur içində yatsın!
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az