Ailə üzvlərindən tək qardaşı qalan Şəhid Elməddin Nurzalıyevin yaşadığı “ev” VƏ YA ŞƏHİD QARDAŞI NİYƏ XİDMƏTƏ ÇAĞIRILIR? – FOTOLAR

Anasını vaxtsız itirən, xalasının himayəsində yaşayan, müharibənin başa çatmasına saatlar qalmış Şəhid olan Elməddin…

***

İki gün öncə İkinci Vətən Müharibəsində 30-a yaxın İgidini Şəhid vermiş Hacıqabul rayonuna-Şəhidləri ziyarətə, Şəhid ailələrinə baş çəkməyə getmişdim…

Bir neçə Hacıqabullu Şəhid ailəsi ilə görüşdüm, sonuncu görüşüm, sonuncu dayanacağım Şuşada, müharibənin başa çatmasına saatlar qalmış Şəhid olmuş Elməddin Nurzalıyevgilin ailəsi oldu…

Elməddingil ailədə iki uşaq-iki qardaş olublar…

Analarını çox vaxtsız və erkən itiriblər…Ataları da onlara yaxın durmayıb…Soyadları da analarının soyadıdır…

Həmin vaxtdan da xalaları Rəna xanımın himayəsində-qəyyumluğunda yaşayıblar…

Rəna xanım onları minbir əzab-əziyyətlə böyüdüb, boya başa çatdırıb…

1996-cı ilin noyabrın 22-də anadan olan İgidimiz 2019-cu ilin aprelində əsgərliyə, hərbi xidmətə yollanıb, xidmətini Cəlilabadda, Göytəpədə çəkib…

Hərbi xidməti başa vursa da, İkinci Vətən Müharibəsi, hərbi səfərbərliklə bağlı xidmət müddəti uzadılıb və İkinci Qarabağ Savaşının ilk günündən də döyüşlərə atılıb, döyüşüb, vuruşub, igidliklər göstərib…

Füzulidən Cəbrayıla, Cəbrayıldan Zəngilana, Hadruta, Hadrutdan Şuşayacan döyüş yolu keçib…

Noyanrın 22-də anadan olan Qəhrəmanımız elə noyabr ayında da, müharibənin başa çatmasına saatlar qalmış, noyabrın 9-u axşam Şuşada qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Şuşa Fatehimiz Şuşanın azad edilməsindən bir gün sonra Şuşada da Şəhadətinə qovuşub və nəşi noyabrın 10-da Hacıqabula gətirilərək, rayon qəbiristanlığında dəfn edilib…

İgidimiz 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub…

Bu gün Şəhidimizin ailəsindən tək qardaşı, 2001-ci il təvəllüdlü Məhəmməd Nurzalıyev qalıb…

Məhəmməd də hazırda Şamaxı Regional Kollecində təhsil alır və axırıncı kursdadır…

Onu da aprelin 26-da hərbi xidmətə aparacaqlar…

Ancaq çox maraqlıdır ki, ailə üzvlərindən kimsəsi qalmayan Məhəmmədi, Şəhid qardaşını hansı əsasla və hansı haqlı hərbi xidmətə çağırır və aparırlar?!

Hər halda buna ədalətli şəkildə aydınlıq gətirilməlidir və ümid etmək istərdik ki, belə də olacaq, kimsəsi olmayan Məhəmmədin haqqı tapdalanmayacaq!

***

Buna EV demək olarmı?

Eyni zamanda, Şəhidin yaşadığı “ev” çox bərbad və dözülməz vəziyyətdədir…

Ona ev demək belə mümkün deyil…

Hər an uçub-dağılmaq, qəza təhlükəsi…

Çox təəssüflər olsun ki, nə yerli icra orqanları, nə YAŞAT, nə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu evlə, tək-təhna qalan Məhəmmədlə, onun problemləri ilə maraqlanıb…

Çox yaxşı olardı ki, aidiyyatı qurumlar gec də olsa, Şəhid ailəsinin-tək qardaşın yaşadığı evlə, onun problemləri ilə maraqlansınlar və öz köməkliklərini göstərsinlər…

Belə münasibət, sadəcə, yolverilməz və qəbuledilməzdir!

Məsələni də diqqətdə saxlayacağıq

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

16.04.2021, Hacıqabul

Etikxeber.az

Read Previous

“Qarşıda daha böyük hədəflərimiz, işlərimiz var və onları da birlikdə bacaracağıq, onları da birlikdə bir-bir hədəfinə çatdıracağıq!”-ZİYAD SƏMƏDZADƏ – MÜSAHİBƏ – (DÖRDÜNCÜ-SONUNCU HİSSƏ)

Read Next

“Bu, Ermənistanı daha ciddi problemlərlə üz-üzə qoyacaq, erməni xalqının vəziyyətini daha da ağırlaşdıracaq və…”-MM-İN KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir