Ailənin 4 övladından biri, MAXE, 3 medallı-ŞƏHİD RÖVŞƏN MEHDİYEVİN CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, MƏRASİM KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün Ağdamın İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Rövşən Mehdi oğlu Mehdiyevin ad günüdür.

Onun 22 yaşı tamam olur və bu, Rövşən Mehdiyevin Cənnətdəki ikinci ad günüdür.

Etikxeber.az-ın xəbərinə görə, Rövşən Mehdiyev 2000-ci ilin fevralın 21-də dünyaya gəlib.

Ailəsi Ağdamın işğal altındakı Suma kəndindən və bu səbəbdən də məcburi köçkün olduğu üçün Bərdə rayonuna pənah gətirib, “Türk Qızıl Ay” çadır (qaçqın) şəhərciyində yaşayıb.

2007-2018-ci illərdə Ağdamın Təzəkənd 106 saylı köçkün tam orta məktəbində oxuyub.

Orta məktəbi bitirdikdən sonra, elə həmin il-2018-ci ildə hərbi xidmətə çağırılıb və Vətənin keşiyində dayanıb.

Hərbi xidmətini başa vurduqdan sonra yenidən evinə, ailəsinin yanına dönüb və bir müddət sonra yenidən həyatını ordu, hərbi ilə bağlamağa qərar verib.

Kursa yazılıb, kursu müvəffəqiyyətlə başa vurub və MAXE kimi xidmətə başlayıb.

İkinci Vətən Müharibəsinin ilk günündən də MAXE kimi döyüşlərdə, ən ağır nöqtələrdə olub.

Və 2020-ci ilin oktyabrın 24-də Tərtər-Ağdərə istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra, oktyabrın 25-də Quzanlıda-Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra medallarla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Rövşən ailənin dörd övladından biri, həm də subay olub.

***

Cənnətdəki ikinci ad günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Quzanlı Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunacaq.

Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, Ağdam və digər bölgələrdən olan Şəhid ailələri və başqa şəxslər iştirak edəcəklər.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək.

Ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı Təzəkənd kəndindəki evdə mərasim keçiriləcək, adına ehsan veriləcək.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq, Dövlət himni səsləndiriləcək, ruhuna dualar oxunacaq, çıxışlar ediləcək.

Məkanı cənnətlik, məqamı Uca, Cənnətdəki ikinci ad günü mübarək olsun!

Nur içində yatsın!

00:01

***

Bu gün səhər saatlarında Şəhidin Quzanlı Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Ziyarətdə Şəhidin ailə üzvləri, Ağdam, Mingəçevir, Bərdə və digər bölgələrdən olan Şəhid ailələri, hərbçilər, Qazilər və digər şəxslər iştirak ediblər.

Ziyarət zamanı Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Təxminən bir saat çəkən ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə mərasim keçirilib, adına ehsan verilib.

Rövşən Mehdiyevin Cənnətdəki ikinci ad günü ilə bağlı keçirilən mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, bir daha ruhuna dualar oxunub, çıxışlar edilib.

Çıxışlarda Şəhidin və cəmi Şəhidlərin İgidliyindən, Qəhrəmanlığından, tarixi Qələbə və Zəfərimizdəki xidmətlərindən danışılıb.

Mərasim təxminən 2 saat yarım çəkib.

16:05

***

FOTOLAR:

ŞƏHİDİN EV-MUZEYİ…DİL AÇIB DANIŞAN ŞƏKİLLƏR, FOTOLAR…

ŞƏHİDİN DƏRDLİ, KƏDƏRLİ, HƏM DƏ MƏĞRUR, DİK DURUŞLU ANASI…ATLAZ XANIM, ATLAZ ANA…DEYİR Kİ, RÖVŞƏN HƏR İKİ HƏRBİ FORMANI ŞƏHİDLİYİNDƏN DÜZ 12 GÜN ÖNCƏ, OKTYABR AYININ 12-DƏ, ONLARLA CƏMİ BİR SAATLIQ GÖRÜŞƏ GƏLƏRKƏN GƏTİRİBMİŞ…VƏ HƏR İKİ FORMANIN QOLLARI QƏLPƏLƏRDƏN DEŞİK-DEŞİK OLUBMUŞ…DEYİR, KÖKS ÖTÜRÜR, QƏHƏR BOĞUR ŞƏHİD ANASINI, QƏHRƏMAN ANANI…ALLAH SƏBRİNİ VERSİN!

19:10

***

ŞƏHİDİN VALİDEYNLƏRİ…QƏHRƏMAN VALİDEYNLƏR…

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Şahmar Seyidovun-CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ: 25 YAŞI TAMAM OLDU… – FOTOLAR – YENİLƏNİB – (5)

Read Next

Putin ölkə vətəndaşlarına müraciət etdi: “DXR” və “LXR”in “müstəqilliyi”ni -TANIDI…-YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir