Ailənin iki övladından biri, anasını vaxtsız itirən, sentyabrın 8-də dünyaya gələn və noyabrın 8-də Şəhid olan Baş leytenant, bir orden və iki medallı-CEYHUN NƏHMƏTOVUN CƏNNƏTDƏKİ İLK AD GÜNÜ – ADINI DAŞIYAN “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU, DOĞUM GÜNÜ İLƏ BAĞLI MƏRASİM KEÇİRİLDİ…-FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün-8 sentyabr daha bir Şəhidimizin, İkinci Vətən Müharibəsi Şəhidi, peşəkar hərbçi, Baş leytenant, bir orden və iki medallı Ceyhun Ehtiqad oğlu Nəhmətovun doğum günüdür.

Evin-ailənin iki oğul övladından biri olan Şəhid Ceyhun Nəhmətovun bu gün 27 yaşı tamam olur və bu, onun Cənnətdəki ilk ad günüdür.

Etikxeber.az xəbər verir ki, Ceyhun Ehtiqad oğlu 8 sentyabr 1994-cü ildə Bakı şəhərinin Xəzər rayonunun Mərdəkan qəsəbəsində, sadə bir ailədə anadan olub.

Ailədə iki uşaq, iki qardaş olublar.

Ceyhun evin böyük övladı-oğlu olub.

O, 2001- 2012 ci illərdə Mərdəkan qəsəbəsində yerləşən 123 saylı orta məktəbdə təhsil alıb.

Orta məktəbi bitirdikdən sonra, 2012-ci ildə Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul olunub və 2016-cı ildə Akademiyanı Leytenant rütbəsi ilə bitirib.

Elə həmin ildə də Sərhəd Qoşunlarının Yevlax Çevik hərbi hissəsində fəaliyyətə başlayıb.

2018-ci ildə Qazax Sərhəd dəstəsinə yollanaraq, orada Zastava rəisi vəzifəsində işini davam etdirib.

2019-cu ildə isə Zaqatala Sərhəd Dəstəsinə göndərilərək, orada xidmətini davam etdirib.

2020-ci ilin sentyabr ayının 27-sindən, İkinci Vətən Müharibəsi başlanan gündən isə Xüsusi Təyinatlı (XTQ) olaraq döyüşlərə atılıb.

Kəlbəcər, Füzuli, Cəbrayıl, Laçın dəhlizi, Qubadlı, Zəngilan uğrunda gedən döyüşlərin hər birində fəal iştirak edib, qəhrəmanlıqlar göstərib.

Cəbrayıl döyüşlərində ayağından qəlpə yarası almasına baxmayaraq, döyüşə davam edib.

8 noyabr 2020-ci ildə, İkinci Vətən Müharibəsinin başa çatmasına cəmi iki gün qalmış, 26 yaşının tamanından düz iki ay sonra Zəngilanın Ağbənd qəsəbəsi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olaraq, Şəhidlik zirvəsinə ucalıb.

Və nəşi Bakı şəhərində, 2-ci Fəxri Xiyabanda dəfn edilib.

Ölümündən sonra İgidliyinə, Qəhrəmanlığına görə, Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Onu da qeyd edək ki, Şəhidimiz nişanlı olub.

Həmçinin, 1 yanvar 2016-cı il tarixində Şəhidimizin anası vaxtsız şəkildə dünyasını dəyişib.

***

Cənnətdəki ilk doğum günü, mövludu ilə bağlı bu gün günorta saatlarında Mərdəkan qəsəbəsində Şəhidin adını daşıyan ehsan-“Şəhid bulağı”nın açılışı olub.

Açılışda Şəhidin atası və qardaşı, yaxınları, Mərdəkan sakinləri, Xəzər rayon İcra Hakimiyyətinin məsul şəxsləri, millət vəkili Rauf Əliyev, Bakıdan, Bərdədən, Kürdəmirdən olan Şəhid anaları, Şəhid ailələri, Şəhidin hərbçi və döyüş yoldaşları, gənc sənətçilər, məktəblilər və digərləri iştirak ediblər.

Açılışdan öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni oxunub və səsləndirilib, sonra çıxışlar, Şəhidlərə ithaf olunmuş şeirlər, mahnılar ifa edilib.

Şəhid analarından Radə xanım, Simuzər xanım, Şəhid qardaşlar-İman və Bəhram Məmmədovların atası Elman kişi çıxış edərək, Şəhid Ceyhun Nəhmətovun ailəsinə səbr diləyib, Ceyhun da daxil olmaqla, hər bir Şəhidimizlə öyündüklərini, iftixar hissi keçirdiklərini, Qələbə və Zəfərimizə görə məhz Şəhidlərə borclu olduqlarını, olduğumuzu dilə gətiriblər.

Mərasimdə eyni zamanda, Şəhidin hərbçi-döyüş yoldaşları çıxış edib, Ceyhunun Qəhrəmanlığından, İgidliyindən bəhs ediblər.

Bununla yanaşı, millət vəkili Rauf Əliyev Şəhidlə, İkinci Vətən Müharibəsi, qazanılan tarixi Qələbə ilə bağlı fikirlərini səsləndirib.

Şəhidin atası Ehtiqad Nəhmətov da öz növbəsində belə bir gündə onları tək buraxmadıqları, onlara dəstək olduqları, mərasimə qatıldıqları üçün hər kəsə öz minnətdarlığını ifadə edib.

Daha sonra “Şəhid bulağı”nın lenti kəsilib və açılışı edilib.

***

Açılışdan sonra isə Şəhidin doğulub boya-başa çatdığı evdə adına ehsan verilib, ruhuna dualar edilib.

Nur içində yatsın, məkanı cənnətlik, məqamı Uca olsun-Şəhidimizin!

Allah atası və qardaşına, yaxınlarına səbr və dözüm versin!

Cənnətdəki ilk ad günü, mövludu mübarək olsun!

Xatirəsi daim qəlblərdə, qəlbimizdə yaşayacaq!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Deyirdi ki, ana, mən Şəhid olacağam, tabutda qayıdağacam…Dediyi kimi də oldu, balam Şəhid oldu, tabutda qayıtdı…”-EVİN-AİLƏNİN TƏK OĞLU, BU GÜN CƏNNƏTDƏKİ İLK AD GÜNÜ, 20 YAŞI TAMAM OLAN ŞƏHİD EYNULLA LƏTİFOVUN ANASI GÜLBACI XANIM – FOTOLAR – YENİLƏNİB

Read Next

Gələn ilin dövlət büdcəsinin xərcləri 28 milyard 974 milyon manat məbləğində-PROQNOZLAŞDIRILIB – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir