Ailənin tək oğlu, 3 medallı Şəhid Əzəmi Hüseynovun bacısından ölkə Prezidentinə müraciət: “İSTƏYİRİK Kİ, QARDAŞIMIZ, ƏZƏMİMİZ ORDENLƏ TƏLTİF EDİLSİN”

Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Əzəmi Hüseynovun bacısı Elnarə Əli qızı Hüseynova ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident, Birinci xanım Mehriban Əliyeva, Müdafiə naziri Zakir Həsənov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Kərim Vəliyevə müraciət ünvanlayıb.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Çox hörmətli və çox dəyərli İlham Heydər oğlu!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Elnarə Əli qızı Hüseynova İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Əzəmi Hüseynovun böyük bacısıyam. Qardaşım İkinci Vətən Müharibəsi zamanı, oktyabrın 8-də Ağdərə-Suqovuşan istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb. O, həm Mingəçevirin, həm də Şuşanın Şəhidlərindəndir. Əzəmi Mingəçevirdə anadan olsa da, əslən Şuşalıdır. Əzəmi ailənin tək oğlan övladıydı, 3 bacının yeganə qardaşıydı. Əzəmi uşaq olarkən, atamızı itirdik. Əzəmi atasız böyüdü. O, ali təhsilli, həm də peşəkar hərbçiydi. İxtisası başqa sahədən olsa da, həyatını Ordu, hərb ilə bağlamışdı. Əzəmi həm də ailəli idi. Şəhidliyindən iki il öncə evlənmişdi. Amma çox təəssüflər olsun ki, ata ola bilməmişdi. Həm atasız böyümüş, həm də “ata” sözünə tamarzı qalmışdı.

Əzəmi Şəhid olduqdan sonra dünyamız alt-üst oldu. Yaşlı və xəstə anam, cavan yaşlarında dul qalmış həyat yoldaşı, biz-üç bacısı hələ də Əzəminin yolunu gözləyirik. Elə bilirik ki, yenə qapını açıb içəri girəcək. Bizim üçün çox çətindir Onsuz. Qardaşımla Fəxr edir, Qürur duyuruq. Fəxr edir, Qürur duyuruq ki, Əzəmi kimi Oğulun, İgidin, Qəhrəmanın, Vətən sevdalısının ailəsiyik, ailə üzvləriyik. Əzəmi də daxil olmaqla, cəmi Şəhidlərin ruhları qarşısında baş əyirəm, baş əyirik. Baş tacımız, And yerimizdirlər!”

Müraciətdə sonra deyilir:

“Cənab Prezident, cənab Müzəffər Ali Baş Komandan!

Müraciət etməklə, özüm, anam və bacılarım adından Sizdən bir xahişimizi diqqətinizə çatdırmaq istəyirəm. Əzəmi Sizin mübarək imzanızla 3 medalla təltif olunub və buna görə də Sizə ailəmiz adından minnətdarlığımızı bildiririk. Amma bununla belə, istəyirəm, istəyirik ki, Əzəminin keçdiyi həyat, hərb və döyüş yolu, göstərdiyi xidmətlər, fədakarlıqlar nəzərə alınaraq, ölkəmizin ali ordenlərindən biri ilə təltif olunsun. Hesab edirəm, hesab edirik ki, bu, Şəhidimzin, Əzəmimizin Haqqıdır. Medallarla yanaşı ordenlə də təltif olunması qardaşımın Haqqı olmaqla, həm də bizim arzumuz, istəyimizdir, ricamızdır.

İnanıram, inanırıq ki, müraciətim, müraciətimiz həssaslıqla qarşılanacaq, tərəfinizdən müsbət həll olunacaq və Əzəmimiz ordenlə təltif olunacaq. Əgər belə olarsa, həm Əzəmimizin nakam ruhu sevindirilmiş, həm də bizlərə-ailəsinə mənəvi təsəlli, təskinlik verilmiş olar.

Öncədən də Sizə minnətdarlığımı bildirirəm, minnətdarlığımızı bildiririk. Allah Sizi, ailənizi, Dövlətimizi, Millətimizi, Ordumuzu qorusun!”.

Etikxeber.az

Read Previous

Milli Məclisin növbəti iclasları-NOYABRIN 23-Ü VƏ 24-DƏ KEÇİRİLƏCƏK…

Read Next

“Vətənini, dövlətini ürəkdən sevən hər bir Azərbaycanlı ölkə Prezidentinin Ali Ordenlə təltif olunması ilə qürur duyur”-ELDAR İBRAHİMOV TDƏŞ-İN 8-Cİ ZİRVƏ GÖRÜŞÜ VƏ SON HADİSƏLƏRDƏN YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir