Ailənin tək oğlu Murad Qurbanov və evin üç övladından biri Cavidan İbrahimlinin Cənnətdəki ikinci ad günü: MURAD QURBANOVUN 26, CAVİDAN İBRAHİMLİNİN 22 YAŞI TAMAM OLUR…

Bakının Səbail rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Murad Qurbanov və Cavidan İbrahimlinin doğum günüdür.

Murad Qurbanovun bu gün, 23 mart tarixində 26 yaşı, Cavidan İbrahimlinin isə sabah, 24 mart tarixində 22 yaşı tamam olur.

Eyni zamanda, hər iki Şəhidin Cənnətdəki ikinci doğum günü, mövlududur. 

Etikxeber.az-ın xəbərinə görə, Murad Qurbanov 1996-cı ilin martın 21-də, Novruz bayramında dünyaya gəlsə də, doğum şəhadətnaməsində martın 23-ü yazılıb.

Murad ailənin iki övladından biri, evin tək oğlu olub.

Anası Mehriban xanım tərəfindən təkbaşına böyüdülüb.

Orta məktəbi 51 saylı məktəbdə, 9-cu sinifə kimi oxuyub.

Sonra Bakı İqtisad Kollecinə daxil olub və təhsilini orada davam etdirib.

Təhsili bitirdikdən sonra hərbi xidmətə yollanıb, Tərtər istiqamətində hərbi hissələrdən birində xidmət edib.

Hərbi xidmət zamanı Aprel döyüşlərində-Ağdamın Quzanlı kəndi və Tərtərin Qapanlı kəndi istiqamətindəki döyüşlərdə iştirak edib.

Hərbi xidmətini başa çatdrdıqdan sonra evinə, ailəsinə dönüb, müxtəlif sahələrdə çalışıb.

2020-ci ilin avqust ayının 20-də sevdiyi qızla nişanlanıb…

İkinci Vətən Müharibəsi başlayan zaman isə evdə heç kimə demədən könüllü şəkildə müharibəyə yollanıb.

Və oktyabrın 11-də Hadrut istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına yüksəlib.

Və nəşi sonra Bakıya gətirilərək, oktyabrın 14-də Badamdar qəbiristanlığında, Səbail Şəhidlərinin yanında dəfn olunub.

Şəhidliyindən sonra Ali Baş Komandan tərəfindən 4 medalla təltif olunub.

***

Cavidan Nizami oğlu İbrahimli 2000-ci ilin martın 24-də, Badamdar qəsəbəsində anadan olub.

O, 2006-2017-ci illərdə Badamdardakı 236 nömrəli tam orta məktəbdə təhsil alıb.

Cavidan orta məktəbi bitirdikdən bir müddət sonra, 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub, Vətənə xidmət borcunu yerinə yetirib.

Əsgərliyini başa vurub evinə, ailəsinə döndükdən az sonra yenidən Vətənə xidmətə, İkinci Vətən Müharibəsinə yollanıb, döyüşlərə atılıb.

21 sentyabr tarixində səfərbərliyə cəlb olunan Cavidan həmin ayın 27-dən döyüşlərdə olub.

İkinci Vətən Müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Və ağır döyüşlərdən birində Vətən yolunda qəhrəmancasına həlak olub, Şəhidlik Zirvəsinə ucalıb

Cavidan oktyabrın 21-də Şəhid olsa da, Şəhidliyi xəbəri ayın 23-də ailəsinə bildirilib.

Və nəşi oktyabrın 24-ündə Səbail rayonunun Badamdar qəsəbəsində dəfn olunub.

Şəhidliyindən sonra ölkə Prezidenti tərəfindən “Vətən uğrunda” və “Xocavəndin azad olmasına görə” medalları ilə təltif olunub.

Övlad dərdinə dözə bilməyən atası Nizami İbrahimli Cavidanın qırxına yaxın dünyasını dəyişib.

Cavidan ailənin 3 övladından, 3 oğlundan biri olub.

O, həm də subay idi.

***

Mövludları, Cənnətdəki ikinci doğum günləri ilə bağlı hər iki Şəhidin Badamdar qəbiristanlığındakı məzarları ziyarət olunacaq.

Ziyarətdə hər iki Şəhidin ailə üzvləri, yaxınları, Səbailli Şəhid ailələri, Qazilər və digər şəxslər iştirak edəcəklər.

Şəhidlərin məzarları üzərinə gül dəstələri düzüləcək, ruhlarına dualar ediləcək.

Ziyarətdən sonra isə hər iki Şəhidin Cənnətdəki ikinci ad günü ilə bağlı mərasim keçiriləcək, adlarına ehsan veriləcək.

Məkanları cənnətlik, məqamları Uca, Cənnətdəki ikinci ad günləri mübarək olsun!

Nur içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ailənin tək və subay oğlu, 21 yaşı tamam olan Fərid Əliyevin cənnətdəki ikinci ad günü: ŞƏHİDİN VALİDEYNLƏRİNİN ARZUSU REALLAŞACAQMI? – FOTOLAR – YENİLƏNİB

Read Next

ABŞ Rusiya əleyhinə yeni sanksiyalar paketini-AÇIQLAYACAQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir