Ailənin tək və yeganə övladı, ali təhsilli və peşəkar hərbçi-HƏSƏNAĞA ABDULLAZADƏNİN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR, BU GÜN ONUN 30 YAŞI TAMAM OLUR…

Bu gün Lənkəranın ( həm də Bakının) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Həsənağa Şakir oğlu Abdullazadənin doğum günüdür.

Həsənağa Abdullazadənin bu gün yubiley-30 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Həsənağa Şakir oğlu Abdullazadə 1993-cü ilin mart ayının 9-da Lənkəran şəhərində dünyaya gəlib.

O, ailənin tək və yeganə övladı olub.

1999-cu ildə Rövşən Bədəlov adına 9 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub və 2007-ci ildə həmin orta məktəbin 8-ci sinfini yüksək qiymətlərlə bitirib.

Elə həmin il öz istəyi ilə Cəmşid Naxçıvanski adına Hərbi liseyin 1-ci kursuna daxil olub və 2010-cu ildə həmin məktəbi fərqlənmə ilə bitirib.

2010-cu ilin avqust ayında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və hələ tələbəykən 2013-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrin 95 illiyi (1918-2013) “Yubiley medalı” ilə təltif olunub.

2014-cü ilin iyul ayında həmin məktəbi bitirib, Leytenant rütbəsi alıb.

2014-cü ildə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinin zabit təkmilləşdirmə kursuna daxil olub və 2015-ci ildə kursu fərqlənmə ilə bitirib.

Öz arzusu ilə Gədəbəyin ən ucqar zonası olan “Qoca Dağ”a, xidmətinə yollanıb və N saylı hərbi hissənin motoatıcı taqım komandiri vəzifəsinə göndərilib.

2015-2016-cı illərdə Gədəbəydəki N hərbi hissənin ön xəttində taqım komandiri vəzifəsində çalışıb, bir il sonra- 2017-ci ildə isə bölük komandiri vəzifəsinə təyin olunub.

Elə həmin-2017-ci ildə Baş leytinant hərbi rütbəsi verilib və bir il sonra daha bir medalla- 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) Yubiley medalı” ilə təltif olunub.

Həsənağa bir çox sertifikat və Fəxri Fərmanlara layiq görülüb.

2018-ci ilin oktyabr ayında Göygöl rayonunda yerləşən N saylı hərbi hissəyə bölük komandiri vəzifəsinə göndərilib.

Həsənağa Baş leytenant olmasına baxmayaraq, İkinci Vətən Müharibəsindən bir neçə ay əvvəl Müdafiə Nazirliyinin əmri ilə Göygöl rayonundakı N saylı hərbi hissədə taborun “Qərargah rəisi” vəzifəsinə təyin olunub.

İkinci Vətən Müharibəsi başlayan ilk gündən də döyüşlərdə olub və 2 oktyabr tarixində Kəlbəcər uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına yüksəlib.

Yalnız 112 gündən sonra Həsənağanın nəşini əldə etmək və ailəsinə təhvil vermək mümkün olub.

Nəşi 2021-ci ilin 14 yanvar tarixində İkinci Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidliyindən sonra  “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

Ailəsi-valideynləri həm də övladlarının “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı təltif olunmasını istəyir və tələb edirlər.

Həsənağa Abdullazadə eyni zamanda, ailəli olub.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü, yubiley-30 yaşı mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

68 müntəzəm marşrut xətti üzrə 177 avtobusun hərəkət intervalında gecikmələr var-BNA

Read Next

Şəhidliyindən cəmi 9 ay öncə ailə həyatı quran və 34 yaşı tamam olan Elvin İsmayılovun-BU GÜN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir