Akşənər və Qafarova…-KAMİL HƏMZƏOĞLU YAZDI

Meral Akşənər və Sahibə Qafarova…

Deyəcəksiniz, sual edəcəksiniz ki, axı, nə əlaqə?!…

Biri Türkiyə siyasətçisi və dövlət xadimi, biri Azərbaycan siyasətçisi və dövlət xadimi…

Bugünlərdə sosial şəbəklərdə Sahibə xanımla bağlı növbəti müzakirələr gedirdi…

Müzakirələrdə əksəriyyət ona rəğbətini, müsbət münasibətini ifadə edir və ondan daha müsbət və ümidli gözləntilərinin olduğunu bildirir, bir qisim isə əks-mövqedə dayanır, tənqidçi ruhdan çıxış edirdi…

Bu da əslində normal, demokratik bir haldır…

Hamı heç də eyni fikirdə və eyni düşüncədə ola bilməz…

Əgər belə olarsa, bu, dialoq yox, həm də monoloq olar…

Necə ki 90-cı illərə qədər yaşadığımız sistem, quruluş dialoq deyil, məhz monoloq üzərində qurulmuşdu və sonu da, aqibəti də məlumdur və artıq keçmişdə, tarixin arxivində qalmışdır…

Dialoq, plüralizm, demokratiya isə indi yaşam tərzinə çevrilməkdədir, kimisində çox, kimisində az…

Amma bundan başqa sivil, vətəndaş cəmiyyəti qurmağın, normal inkişafa qovuşmağın da ayrı yolu, düsturu yoxdur…

Həmin müzakirələr zamanı siyasətdən anlayışı olmadığı və Sahibə xanımı yaxından-uzaqdan tanımadığı dərhal bəlli olan bir şəxs bildirirdi ki, bəs Sahibə Qafarova Meral Akşənər performansı göstərə bilmədi, demokratik siyasətçi-idarəçi obrazını yarada bilmədi…

Əvvəla, Meral xanımın (ona hər zaman yüksək münasibətimi bildirmiş, Türk Dünyasının dev liderlərindən, “Dəmir ledi”lərdən biri olduğunu dilə gətitmişəm və bu gün də eyni mövqedə qalıram…) siyasətdə və dövlət, parlament idarəçiliyində təcrübəsi daha çoxdur…

Hələ tələbəlik, gənclik illərindən siyasətdədir…

Çox erkən, cavan yaşlarında Türkiyə kimi nəhəng bir ölkənin xanım daxili işlər naziri olub, konkret olaraq, Ərbakan-Çillər koalisyon hökumətində, 40-41 yaşlarında bu məqama yüksəlib…

Həmçinin, o zamanlar Türkiyənin ən güclü partiyalarından olan Doğru Yol Partiyasının (DYP) üzvü kimi TBMM-ə üzv seçilib…

Daha sonra, yəni, DYP siyasi cəhətdən xeyli zəiflədikdən sonra sağçı-mərkəzçi və milliyyətçi mövqeyinə, təmiz imicinə (“Fəzilət”i nəzərə almasaq) görə, MHP-yə dəvət olunub və bir neçə dəfə həmin partiyanı TBMM-də təmsil edib, eyni zamanda, MHP-nin namizədi kimi, TBMM-in rəhbərliyində əyləşib, vitse-spiker vəzifəsini icra edib-konkret olaraq, 2007-2015-ci illərdə…

Sonrası da məlum…Özünün yeni partiyasını (İYİ Partini yaradıb) qurub və bu gün Türkiyədə üzdə olan çəkili, nüfuzlu 3-4 siyasi liderdən biridir…

Həm maraqlı məqam odur ki, xanım Akşənər müxalifətçi MHP-ni uzun illər TBMM-də və parlament rəhbərliyində təmsil edib…

Bu isə heç şübhəsiz ki, ona əlavə avantaj, özünü daha sərbəst və daha müstəqil aparmasına imkan, şərait yardıb…

Təbii ki, özünün də xarizması, savadı, bacarığı öz yerində…

AMMA VƏ LAKİN

Xanım Akşənərdən fərqli olaraq, Sahibə xanım Qafarova MM-də və parlament rəhbərliyində müxalifəti və ya digər partiyanı deyil, məhz hakim partiyanı-Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edib və etməkdədir…

Siyasətdən anlayışı olanlar üçün də fərqi anlamalarına geniş izahat verməyə və Amerika kəşf etməyə ehtiyac qalmır…

Hakimiyyət təmsilçisi olmaq demək həm də iqtidarın, iqtidar partiyasının yeritdiyi siyasətin daşıyıcısı, əsgəri olmaq, digərlərindən daha məsuliyyətli və daha diqqətli olmaq deməkdir…

Sahibə xanım da siyasətdə uzun illərdən bəri (90-ların ortalarından) olmasına baxmayaraq, hər zaman aktiv-daxil siyasi fəaliyyətdən bir qədər kənarda qalmağa üstünlük verib, hətta, 10 illik (2010-2020-cu illərdə) deputatlıq fəalliyyəti dövründə aktiv-daxili siyasətdə olmayıb…

Düzdür, hər zaman açıqlamalarla, müsahibələrlə çıxış edib, öz mövqeyini açıq və net şəkildə ortaya qoyub, oyun oynayanlardan olmayıb, hər zaman yüksək əqidəliliyi, sədaqətliliyi ilə seçilib, amma daha çox beynəlxalq müstəvidə Azərbaycanı tanıtmaqla, Azərbaycan həqiqətlərini, Qarabağ dərdlərini Avropa və dünya ictimaiyyətinə çatdırmaqla (özü də ən yüksək səviyyədə) məşğul olub…

Azərbaycanı Avropa Şurası Parlament Assambleyasında (nümayəndə heyətinin üzvü kimi) və “Avronest” Parlament Assambleyasında (son iki ildə nümayəndə heyətinə rəhbərlik edirdi) çox uğurla və layiqincə təmsil edib, AŞPA kimi mühüm qurumun Büro üzvü və komitə sədri (ilk azərbaycanlı xanım parlamentari olaraq) seçilib və geniş, müsbət fəaliyyətinə görə nüfuzlu təşkilatın rəhbərliyi tərəfindən alqışlanılıb, yüksək dəyərləndirilib və təqdir edilib…

Bu isə etiraf edək ki, heç də hər bir millət vəkilinə və siyasətçiyə nəsib olan uğur, nailiyyət deyil…

Bunu məhz Sahibə xanım öz dərin biliyi, savadı, qabiliyyəti, insanları inandırmaq və nüfuzetmə bacarığı ilə qazanıb…Və son uğurunda, ona böyük etimad göstərilməsində, son 30 ildə Azərbaycanın ikinci xanım spikeri seçilməsində də bu məqamlar mütləq şəkildə öz rolunu oynayıb…

6 çağırış MM-in artıq 5 iclası gerdidə qalıb…

İlk iclasdan da Sahibə xanımın iradəsi, qətiyyəti, demokratikliyi, yüksək idarəcilik bacarığı, siyasi kimliyindən asılı olmayaraq, heç kimsəyə fərq qoymaması, hər kəsə fikrini bildirməsi üçün şərait yaratması, hamını səbrlə dinləməsi və sair gözlər önündədir…Və hər kəs tərəfindən təqdir olunmaqdadır…

Bütün bunlar- sahibi olduğu, daşıdığı yüksək keyfiyyətlər Sahibə xanıma ona göstətilən yüksək etimadı doğrultmasında, Azərbaycanda demokratiyanın, xüsusilə, parlament demokratiyasının genişləndirilməsi prosesinə töhfələr verməsində mütləq şəkildə öz rolunu oynayacaq…

Bir daha uğurlar olsun!

12:18

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

Etikxeber.az saytının baş redaktoru və “525-ci qəzet”in parlament yazarı

Etikxeber.az

Read Previous

“Bank borcları məsələsinə də yaxın günlərdə aydınlıq gələcək…”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Read Next

Böyük dövlətlər Hindistandan həmin dərmanı istəyirlər…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir