“Ali Baş Komandanımızın bəyan etdiyi kimi, heç zaman imkan verməyəcəyik ki, tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın!”-JALƏ ƏLİYEVA PREZİDENTİN “ƏL-ƏRƏBİYƏ” VƏ “TRT HABER”-Ə MÜSAHİBƏLƏRİNİ NÖVBƏTİ DƏRS ADLANDIRDI

Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev həm başçılıq etdiyi müzəffər Azərbaycan Ordusu ilə hərb meydanında tarix yazır, Azərbaycan abidəsi qurur, dərs verir, həm də siyasət meydanında, diplomatiya səngərində tarix yazır, dərs verir, imzalar içinə Azərbaycan adlı nidalı imza qoyur…

Növbəti dərs, növbəti imza, növbəti tarix dünyanın ən nüfuzlu media quruluşlarından olan “Əl-Ərəbiyə” və qardaş, can Türkiyəmizin “TRT Haber” kanalı ilə yayımlanan müsahibələrdə verildi, yazıldı, qoyuldu…

Ali Baş Komandanımız hər iki tarixi, möhtəşəm müsahibəsində bir daha yağı, qəvi düşmənin başına güllə çaxdı, həm də onun arxasında dayananlara, havadarlarına, dəstəkçilərinə, ATƏT-ə, Minsk qrupuna, həmsədrlərə sillə vurdu…

Bir daha həm işğalçının, təcavüzkarın, təxribatçının, fitnəkarın, nasist, fasist, vassal, forpost Ermənistanın və “erməniçilik” virusuna yoluxan ermənilərin, həm də onların havadarlarının, işğalçı ilə işğala məruz qalanı eyniləşdirənlərin, vasitəçilik missiyası adı altında Ermənistanı təcavüzə, işğala körükləyənlərin iç üzünü açdı, ifşa etdi…

Cənab Prezident Ermənistanın sentyabrın 27-də əl atdığı növbəti qanlı təxribatdan və nəticədə də Azərbaycanın qəti-Vətən müharibəsi qərarından sonra sanki “yuxudan” ayılanlara, sanki münaqişədən “yeni” xəbər tutanlara, Azərbaycanı “təcili və dərhal atəşkəsə, danışıqlar masasına” çağıranlara bir daha və birmənalı şəkildə bildirdi ki, biz istəyirik ki, bu məsələ sülh yolu ilə həll olunsun, amma həll olunsun. Bəzi vasitəçilər istəyirlər ki, sadəcə atəşkəs olsun. Atəşkəs isə 1994-cü ildən qüvvədədir.

“Bu illər ərzində niyə bu məsələ həll olunmadı? Birləşmiş Millətlər Təşkilatının qərarları niyə icra edilmədi? Təcavüzkar dövlətə sanksiyalar niyə tətbiq edilmədi?“-deyən Ali Baş Komandan bildirdi ki, təəssüflər olsun ki, bütün bu suallar havada qalır. Bu suallara cavab yoxdur.

Ancaq cənab İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanın şanlı Ordusu öz uğurlu əməliyyatlarını keçirərkən, bizim dədə-baba torpaqlarımızı azad edərkən bu çağırışlar gəlir ki, nəbadə irəliyə getməyin, ara verin. Müharibənin öz qaydaları, öz qanunları var. Hər günün öz əhəmiyyəti var, önəmi var. Biz ara versək, qarşı tərəf toparlanacaq, əlavə qüvvə yığacaq.

Onsuz da onların çıxışlarında göstərilir ki, Ermənistanın xaricində yaşayan erməniləri də onlar bu müharibəyə cəlb edirlər. Beləliklə, bu müharibəni regional müstəvidən çıxarıb qlobal müharibəyə çevirmək istəyirlər. Ona görə bizim atəşkəslə bağlı sözümüz birdir. Biz buna hazırıq.

Amma müəyyən şərtlər var ki, Ali Baş Komandan onun bütün, eləcə də, son çıxışlarında, Azərbaycan xalqına müraciətində də dilə gətirib. Şərtimiz, şərtlərimiz də budur ki, işğal qoşunları işğal olunmuş torparları tərk etsin, Ermənistan baş naziri Qarabağın Ermənistan olmadığını desin, Azərbaycan xalqından üzr istəsin. Həmçinin, bəyan etsin ki, hansı gündə, hansı bölgədən Ermənistan silahlı qüvvələri çıxır.

Bu şərtlər də mütləq şəkildə Minsk qrupunun həmsədrləri tərəfindən təsdiq edilməlidir. O halda təbii ki, atəşkəs bərpa olunacaq və beləliklə, bu məsələ müzakirə yolu ilə həll olunacaq, Azərbaycan xalqı öz doğma torpaqlarına qayıdacaq. Amma biz bilməliyik ki, bu, nə zaman olacaq. Çünki biz 30 ildir ki, gözləyirik. Ali Baş Komandanın da vurğuladığı kimi, 30 il bizə verilən vədlər, deyilən sözlər həyatda reallaşmır, gerçəkləşmir.

Azərbaycan xalqı artıq buna dözə bilmir, Azərbaycan dövləti dözə bilmir. Bizə konkret, real tarix deyilməlidir ki, onlar nə zaman hansı bölgədən çıxacaqlar. Biz bunu istəyir, bunu tələb edirik. Bunlar bizim haqlı tələblərimizdir və bu tələblər ödənilməyincə, atəşkəsdən, danışıqlardan söhbət gedə bilməz.

Cənab Prezident həmçinin müsahibələrində bir daha həqiqət anı məsələsinin üzərinə qayıdaraq, hər kəsə öz açıq və birmənalı mesajını verdi. Bir daha dəstəyinə görə, qardaş və dost Türkiyəyə, Pakistana, Əfqanıstana öz minnətdarlığını bəyan etdi.

“Mən fürsətdən istifadə edərək, bizim digər dost-qardaş ölkələrə də təşəkkürümü bildirmək istəyirəm. Türkiyədən sonra bizə ikinci dəstək verən ölkə Pakistan oldu, ondan sonra Əfqanıstan oldu, ondan sonra daha bir neçə ölkə bizə öz dəstəyini göstərdi. Onların hər birinə, o ölkələrin prezidentlərinə təşəkkürümü bildirirəm. Bu çətin dönəmdə təbii ki, onların həmrəyliyi, dəstəyi bizim üçün çox önəmlidir və bizə mənəvi güc verir”-deyən ölkə rəhbəri eyni zamanda, Ermənistana açıq havadarlıq edənlərə, xüsusilə, 3 həmsədrdən biri olan Fransaya, onun prezidentinə sərt xəbərdarlıqlarını, mesajlarını ünvanladı.

“Mən onlardan məsuliyyətli olmağı, söylədiklərinə nəzarət etməyi tələb edirəm. Biz ittihamlara dözəcək ölkə deyilik. Biz təhqirə dözəcək ölkə deyilik”-deyən Azərbaycan Prezidenti bəyan etdi ki, əgər biz düşündüyümüzü deməyə başlasaq, həmin ölkələrdə çoxlu çaxnaşma olacaq. Odur ki, onlar Azərbaycandan əl çəkməlidirlər, regiondan əl çəkməlidirlər. Çünki biz burada öz torpağımızdayıq. Bizim torpağımız işğal olunub.

Cənab Prezidentin də dediyi kimi, əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər və onlara Dağlıq Qarabağ respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqqı var?

Bəli, haqlı və cavabı mütləq verilməli suallardır. Onlar bu ittihamları dayandırmalıdırlar. Azərbaycana hücum etməyi və nüfuzumuza xələl gətirməyi dayandırmalıdırlar. Çünki biz danışmağa başlasaq, bizi günahlandıranlar özləri çox utancverici vəziyyətə düşəcəklər. Yaxşı olar ki, onlar bizi günahlandırmazdan əvvəl güzgüyə baxsınlar.

Bu, hər halda onların problemidir. Etsələr də, etməsələr də, biz işimizdə, öz Haqq savaşımızdayıq və bu savaşda da əzmlə, qətiyyətlə, inamla irəliləməkdədiyik.

Qarış-qarış, addım addım Qələbəyə, Zəfərə yürüməkdəyik, işğala son qoymaqdayıq. Və işğala da son qoyacağıq, Qarabağımıza, düşmən tapdağı altında olan bütün yurd yerlərimizə qayıdacağıq, üçrəngli, ay-ulduzlu bayrağımızı bütün suveren Azərbaycanın ərazisində dalğalandıracağıq, sülhü əbədi edəcəyik.

Bu müqəddəs, Haqq savaşında da heç kim bizə mane ola bilməyəcək. Bunu da hər kəs bilsin və duysun!

Ali Baş Komandanımızın da bəyan etdiyi kimi, Dağlıq Qarabağ bizim torpağımızdır, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir! Heç zaman imkan verməyəcəyik ki, tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın.

Bütün imkanlardan istifadə edib öz ərazi bütövlüyümüzü bərpa edəcəyik.

Qarabağ Azərbaycandır və Azərbaycanın olacaq!

Jalə ƏLİYEVA,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Spairin müəllifi olduğu qətnamə layihəsi nəinki Azərbaycanın, eyni zamanda, Avropanın regional təhlükəsizlik maraqlarına ziddir”-DEPUTAT

Read Next

Prezidentin çoxmilyonlu “Əl-Cəzirə” auditoriyasına çatdırdığı-HƏQİQƏTLƏR – QƏNİRƏ PAŞAYEVANIN YAZISI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir