“Ali Baş Komandanın da dediyi kimi, Qarabağ yüksək yaşayış standartlarına malik firavanlıq məkanına çevriləcək”-ELDƏNİZ SƏLİMOV YAZDI

“…Vətən müharibəsi zamanı baş vermiş konkret bir hadisəni vurğulamaq istərdim. BMT Təhlükəsizlik Şurasının bəzi üzvləri 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qətnamələrini nəzərə almadan, qərəzli bəyanat qəbul etdirmək cəhdləri göstərdilər. Lakin Təhlükəsizlik Şurasındakı müzakirələr zamanı Azərbaycanın mövqeyini dəstəkləyən Qoşulmama Hərəkatının yeddi üzvü təkid etdi ki, müzakirə edilən mətnə Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinə istinad əlavə edilsin. Qoşulmama Hərəkatı ölkələrinin belə qətiyyətli mövqeyi onların “Bandunq prinsipləri”nə və Hərəkatın dəyərlərinə sadiqliyini nümayiş etdirdi. Biz onların bu mövqeyini ikitərəfli münasibətlərimizdə tarixi dostluq jesti kimi qəbul etdik…”

Bu fikirlər Azərbaycan Prezidenti, Qalib, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə məxsusdur.

Qalib və Xilaskar Sərkərdə bu fikirləri dünyada BMT-dən sonra ikinci ən böyük beynəlxalq platforma olan  Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin iyulun 13-də keçirilən aralıq konfransında videoformatda çıxışı zamanı bildirib.

Qeyd edək ki, Azərbaycan artıq düz 10 ildir Qoşulmama Hərəkətının bərabərhüquqlu üzvüdür.

Nəinki üzvüdür, onun ən fəal üzv dövlətlərindəndir və elə bu fəalllığın nəticəsidir ki, 2 il öncə, 2019-cu ilin payızında, oktyabr ayında Azərbaycan bu qurumun növbəti-XVIII Zirvə görüşünə, Bakı Zirvəsinə uğurla ev sahibliyi etdi və 3 illik sədrlik funksiyasını öz üzərinə götürdü.

Qısa bir zamanda Azərbaycana belə bir yüksək etimadın göstərilməsi isə ölkəmizin, dövlət rəhbərimizin dünyadakı yerinin, sözünün, nüfuzunun və çəkisinin nəticəsi idi,

Bəli, bu fakt, bu məqam bir daha onu göstərdi və onun sübutu oldu ki, Azərbaycanla, onun Lideri ilə dünyada hesablaşılır, ölkəmizin, dövlət başçımızın rəyi, fikri, sözü çox önəmli sayılır.

Necə deyərlər, Azərbaycan artıq beynəlxalq düzəndə oyunçulardan deyil, həm də oyun quranlardandır.

Bəli, ötən iki illik müddətdə də Azərbaycan bu quruma çox uğurla və çox şərəflə sədrlik edir, xüsusilə də, 2020-ci ilin əvvəllərindən dünyanı cənginə almış “gizli düşmən”lə-koronavirus pandemiyasına qarşı mübarizə şəraitində.

 Bəli, Azərbaycan Prezidentinin də vurğuladığı kimi, Azərbaycan özünün sədrliyi dövrü üçün müfəssəl və ambisiyalı fəaliyyət planı qəbul etmişdi. Və qeyd etdiyimiz kimi, təəssüf ki, COVID-19 pandemiyası dünyanı bürüdü, yeni reallıqlar və çətinliklər yaratdı.

Lakin biz yeni vəziyyətə çevik və adekvat reaksiya verə bildik. Biz səylərimizi pandemiyanın yaratdığı misilsiz çətinliklərə qarşı Hərəkatın beynəlxalq səviyyədə səmərəli və birgə cavabının formalaşdırılması üzərində cəmləşdirdik.

Bu baxımdan, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış etdi. Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürdük və 2020-ci il mayın 4-də həmin tədbiri təşkil etdik.

Təmas Qrupunun dünyanın müxtəlif regionlarını təmsil edən üzvləri ilə yanaşı, onlayn Zirvə görüşündə BMT-nin Baş katibi, BMT Baş Assambleyasının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı Komissiyasının sədri, Avropa İttifaqının Ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti də iştirak etdilər.

Qoşulmama Hərəkatının onlayn Zirvə görüşünün praktiki nəticəsi olaraq, Hərəkata üzv ölkələrin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradıldı. Artıq Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv ölkələrin mövcud ehtiyaclarının müəyyənləşdirilməsi üçün həmin məlumat bazasını istinad mənbəyi kimi istifadə edir.

Zirvə görüşü zamanı Azərbaycan Prezidenti Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsini təklif etdi. Ümumilikdə həmin təşəbbüs BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəkləndi və 2020-ci il dekabrın 3-4-də Xüsusi Sessiya baş tutdu.

Eyni zamanda, Azərbaycan pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı etdi. Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etdi ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub.

Bununla yanaşı, Azərbaycan Liderinin bəyan etdiyi kimi, qlobal səhiyyə böhranı fonunda “peyvənd millətçiliyi” narahatlıq doğurur. Və hər kəsə də məlumdur ki, Azərbaycan ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi ölkələrin davranışını ictimai şəkildə qınayıb.

Bu günədək dünyada mövcud olan peyvəndlərin 82 faizdən çoxu zəngin dövlətlər tərəfindən alınıb, azgəlirli ölkələrin payına düşən peyvənd həcmi isə yalnız 0,9 faiz təşkil edir. Belə münasibət inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrin öz əhalisini qorumaq imkanına mane olur.

Bu məsələyə münasibətdə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürdü və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edildi. Bununla yanaşı, biz hər fürsətdə, inkişaf etmiş ölkələri və beynəlxalq donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etməyə çağırmışıq və bu gün də öz mövqeyimizdə qalırıq.

Və ən mühüm məqam-Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə 32 illik qanlı Qarabağ münaqişəsini 44 günə-İkinci Vətən Müharibəsi ilə həll etdi.

Belə ki, ötən ilin sentyabrında Ermənistan Azərbaycana qarşı irimiqyaslı hərbi hücuma keçdi. Bu təcavüzə cavab olaraq, Ali Baş Komandanın “vur” əmri ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı və işğal altındakı ərazilərin böyük hissəsini azad etdi.

Qırx dörd günlük müharibə nəticəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza ataraq, Azərbaycanın işğal altındakı digər ərazilərindən qoşunlarını çıxarmağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin etdi.

Beləliklə, Azərbaycan 30 illik münaqişəyə son qoydu, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu.

Azərbaycanın bu şanlı Qələbəsi də Ali Baş Komandanımızın qeyd etdiyi kimi, beynəlxalq hüququn, ədalətin və Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsidir.

Odur ki, biz Qoşulmama Hərəkatı ölkələrinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyini yüksək qiymətləndiririk.

Eyni zamanda, məlum olduğu kimi, Bakı Zirvə görüşünün Yekun Sənədində Qoşulmama Hərəkatı ölkələri ərazilərin güc yolu ilə zəbt olunmasının yolverilməzliyini vurğuladılar və təsdiq etdilər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq.

Bu yerdə onu da qeyd etmək yerinə düşür ki, 2020-ci ilin iyulunda Qoşulmama Hərəkatı Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi hərbi təxribatla bağlı kommünike qəbul etdi. Bundan əlavə, Vətən müharibəsi zamanı – 2020-ci ilin oktyabrında nazirlər səviyyəsində keçirilən onlayn iclas çərçivəsində xüsusi bəyanat qəbul olundu. Bu sənədlərin hər birində də Qoşulmama Hərəkatı ölkələri Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib və ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə dair Azərbaycanla həmrəyliyini ifadə etdi. Bir daha bu mövqeyinə, Haqqın, ədalətin yanında olduğuna görə Qoşulmama Hərəkatına minnətdarlığımızı və təşəkkürümüzü ifadə edirik.

Bəli, Azərbaycan Prezidentinin vurğuladığı kimi, biz artıq azad olunmuş ərazilərdə yenidənqurma işlərinə artıq başlamışıq.

Orada müasir şəhərsalma planlaşdırılması həyata keçirilir. Azad edilmiş ərazilər yaşıl enerji zonası olacaq.

Əminik və inanırıq ki, Azərbaycan transformasiyanın nadir təcrübəsini nümayiş etdirərək, Lüksemburqun ərazisindən dörd dəfə böyük olan dağıdılmış ərazini yüksək yaşayış standartlarına malik firavanlıq məkanına çevirəcək.

Qarabağ cənnət-məkana döndəriləcək, əvvəlkindən də qat-qat gözəl, firavan və füsunkar olacaq.

Qarabağ Azərbaycandır və Qarabağ Azərbaycanındır!

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Azərbaycanın şanlı Qələbəsi beynəlxalq hüququn, ədalətin və Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsidir”-İLHAM ƏLİYEV – YENİLƏNİB – FOTO

Read Next

133 yeni yoluxma-1 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir