“Ali Baş Komandanın növbəti nitqində, bəyanatında vurğulandığı kimi, bu gün azad Qarabağdayıq, bu gün azad Zəngəzurdayıq…Bu torpaqların sahibləri-bizlər bu torpaqlara qayıtmışıq və bundan sonra da bu torpaqlarda əbədi yaşayacağıq”-KAMİLƏ ƏLİYEVA

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev ailə üzvləri ilə birlikdə yenidən işğaldan azad olunmuş ərazilərimizə, Hadruta və göz bəbəyimiz olan Şuşaya növbəti tarixi səfərini etdi. Bəli, Qarabağın, 27 ildən çox düşmən tapdağında olan yurd yerlərimizin yağı düşmənin əsarətindən, işğalından azad olunması nə qədər tarixi hadisədirsə, Qalib Sərkərdə, dövlət başçısı cənab İlham Əliyevə həmin ərazilərə Müzəffər Ali Baş Komandan kimi səfəri də bir o qədər tarixi və önəmlidir. Bu səfərin xüsusi özəlliyi eyni zamanda ondadır ki, səfər Ali Baş Komandanın həm özü, həm də cəmi Azərbaycan üçün əlamətdar bir gündə, dövlət başçımızın yubiley doğum günündə baş verdi.

Ötən il olduğu kimi bu il də dövlət başçımız ad gününü Bakıda deyil, məhz onun Ali Baş Komandanlığı ilə azad edilmiş Qarabağımızda qeyd etdi, belə bir gündə yenə də Hadrutda, Şuşada olmağa üstünlük verdi. Bununla da bir daha Qarabağa, Azərbaycan olan sevgisini, sədaqətini, ona qəlbən bağlılığını ortaya qoydu, növbəti dəfə öz böyüklüyünü nümayiş etdirdi. Odur ki, dövlət başçımızı həm bu gözəl, nəcib addımı, həm də 60 illik yubileyi münasibəti ilə bir daha ürəkdən təbrik edir, ona sağlıqlı uzun ömürlər, Azərbaycan naminə fədakar fəaliyyətində növbəti uğurlar arzulayıram.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, BDU-nun kafedra müdiri, professor Kamilə Əliyeva dilə gətirib.

Qeyd edib ki, bu səfərdə də önəmli hadisələr yaşanıb, ölkə Prezidenti ailə üzvləri ilə birlikdə Xocavənd rayonunun Hadrut qəsəbəsində hərbi hissənin açılışında iştirak, Şuşadakı Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər.

Eyni zamanda, hər iki bölgəyə səfər zamanı tarixi nitq söylənilib, növbəti mesajlar verilib, xəbərdarlıq edilib, bir daha Azərbaycanın gücü, qüdrəti, qətiyyəti dünyaya nümayiş etdirilib.

Millət vəkilinin sözlərinə görə, dövlət başçısı Hadrutda hərbi hissənin açılışında çıxışı zamanı “44 günlük İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun tamamilə darmadağın edilməsinə gətirib çıxardı. Bu gün Ermənistan ordusu yoxdur. Mən dəfələrlə demişəm, bax, burada – keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bir rayonu olan Hadrutda, Xocavənd rayonunun qəsəbəsi olan Hadrutda bunu bir daha deyə bilərəm ki, bu gün Ermənistan ordusu yoxdur”-deyərək, bir daha bəyan etdi ki, əgər Ermənistan yenidən bizim üçün təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaq.

“Bəli, Ali Baş Komandanımızın qeyd etdiyi kimi, biz heç vaxt imkan verə bilmərik ki, xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaradılsın. Ölkə hüdudlarından kənarda olsa da, əgər bu təhdidi biz görsək, heç kim bizi dayandıra bilməz. Necə ki, 44 gün ərzində nə qədər bizi dayandırmağa çalışdılar, nə qədər bizi hədələdilər, təzyiq etdilər, təhdid etdilər, heç kim bizi dayandıra bilmədi. İndi də Ermənistanda əgər kimsə revanş haqqında düşünürsə, əgər kimsə düşünür ki, bir neçə ildən sonra vəziyyət dəyişəcək, nəsə baş verəcək və yenidən onların hərbi imkanı yaranacaq və onlar yenidən bizə ərazi iddiası ilə çıxış edəcəklər, bəri başdan bilsinlər, biz heç nəyi gözləməyəcəyik, heç kim bizi dayandıra bilməz, heç nəyə baxmadan lazımi addımları atacağıq. Bunu etmək üçün siyasi iradəmiz də var, gücümüz də var. Azərbaycan Ordusunun gücünü bütün dünya gördü. Bütün dünya gördü ki, Azərbaycanın qəhrəman övladları nəyə qadirdir”-deyən millət vəkili vurğulayıb ki, bu baxımdan, Hadrutda yeni hərbi hissənin açılması çox əlamətdar hadisədir.

Həm ona görə ki, bu bölgə strateji əhəmiyyət daşıyır; Hadrutda bizim güclü silahlı birləşməmiz təhlükəsizliyimizi, ölkəmizin təhlükəsizliyini qoruyacaq, – digər tərəfdən ona görə ki, bu, azad edilmiş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olmuş yerdə yerləşir.

Eyni zamanda, bu hərbi hissənin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, biz müharibədən sonra ordu quruculuğu prosesini dayandırmamışıq və orduya ayrılan xərcləri azaltmamışıq, əksinə, artırmışıq. Bu isə bir daha Azərbaycanın gücünü, inkişafını, əzmini ortaya qoyur.

“Bəli, Qalib Sərkərdəmizin Şuşada növbəti nitqində, bəyanatında vurğulandığı kimi, bu gün biz azad Qarabağdayıq. Bu gün biz azad Zəngəzurdayıq. Biz – bu torpaqların sahibləri bu torpaqlara qayıtmışıq və bundan sonra biz bu torpaqlarda əbədi yaşayacağıq. Bu torpaqların, dağlı-aranlı Qarabağın, Vahid Azərbaycanın sahibi, yiyəsi bizik, bizim olanı da kimsəyə vermədik, vermərik və verməyəcəyik. Kimsə bundan sonra bizi Qarabağımızdan ayıra, qopara bilməz. Bu, mümkün deyil, mümkün olmayacaq. Qarabağ bizim idi, bizim də oldu, Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır!”-deyə, K. Əliyeva sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Allah bütün duaları qəbul etsin və öz mərhəmətini xalqımızdan əsirgəməsin!”-MEHRİBAN ƏLİYEVA – FOTO-VİDEO

Read Next

Azad edilmiş ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə aparılır-MÜDAFİƏ NAZİRLİYİ – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir