“Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli ordumuz böyük qələbəyə hər gün bizi biraz da yaxınlaşdırır…Zəfər bizimlədir, Qarabağ Azərbaycandır!”-FATMA YILDIRIM YAZIR

Bu gün hər bir Azərbaycan vətəndaşının ürəyi Qarabağla, ordumuzla döyünür, hər saat, hər dəqiqə cəbhədən qələbə xəbərləri gözləyirik.

Bu müqəddəs mübarizədə Tanrı əsgərlərimizi qorusun.

Torpaqlarımızın azadlığı uğrunda mübarizə ümummilli məsələdir və bu yolda hər kəs belə tarixi anlarda eyni mövqedən çıxış etməlidir.

30 ildir ki, Azərbaycan torpaqları işğal altındadır. Bu müddət ərzində Azərbaycan sülh danışıqlarına sadiq qalsa da, işğalçı Ermənistan öz təxribatları ilə danışıqları pozur, mövcud status-kvonu qorumağa çalışır.

Təəssüf ki, münaqişənin nizamlanması prosesində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri və digər beynəlxalq təşkilatlar münaqişənin ədalətli həlli, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün ciddi səy göstərməyiblər. Əksinə, işğalçı Ermənistanın işğal olunmuş ərazilərimizdə beynəlxalq cinayətlərinə göz yumurlar.

Məhz bunun nəticədir ki, işğalçı Ermənistan növbəti təxribatlara əl atdı. Azərbaycanın səbrini daşırdı və indi ordumuz düşməni torpaqlarımızdan qovmaq üçün əks-hücum əməliyyatı keçirir. Milli Məclisin yüksək kürsüsü üzərində ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır” sözləri yer alır. Biz də millətin məclisində xalqı təmsil edirik və birmənalı olaraq bildirmək istəyirik ki, bu gün xalq Qarabağın azad olunması istiqamətində aparılan döyüşləri və Ali Baş Komandanın mövqeyini tam dəstəkləyir, Minsk qrupunun həmsədrlərinin saxta çağırışlarına etibar etmir və inanmırıq.

Həmsədrlərdən Fransa prezidenti Makronun açıq şəkildə tərəf olduğunu və Ermənistanın haqsız mövqeyini dəstəklədiyini dilə gətirirsə, hansı sülh danışıqlarından söhbət gedə bilər?! Unutmayaq ki, 2016-cı ildə Aprel döyüşləri zamanı da beynəlxalq ictimaiyyət bizim sülh danışıqlarına davam etməyimizlə bağlı çağırış etmişdi. Lakin 4 il keçməyinə baxmayaraq, Dağlıq Qarabağ probleminin həlli istiqamətində danışıqlar masasında heç bir ciddi addım atılmamışdır.

Bu gün isə Ermənistanın gizli havadarları artıq özlərini ifşa edərək açıq şəkildə işğalçı ermənilərin yanında olduğunu bildirirlər. Belə olan halda yenidən danışıqlara başlamağın heç bir anlamı yoxdur. Əgər onlar bu müharibənin davam etməsini istəmirlərsə, işğalçı Ermənistan silahlı qüvvələri torpaqlarımızı xoşluqla tərk etməlidir. Əks halda qüdrətli ordumuz torpaqlarımızı mənfur düşməndən təmizləyəcək.

Bu müqəddəs mübarizədə bizi dəstəkləyən ölkələrə, qardaş türk xalqının ilk gündən etibarən bizə haqq davamızda göstərdiyi böyük mənəvi dəstəyə görə, xüsusilə də Prezident Rəcəb Tayyib Ərdoğana minnətdarıq. Bir məqamı demək istəyirəm ki, hazırda  İsrail, Pakistan, Əfqanıstan, Ukrayna, İtaliya kimi ölkələr Azərbaycanı dəstəklədiyi halda, eyni soydan gəldiyimiz, bizimlə eyni dili, dini, ənənələri daşıyan türkdilli dövlətlərdən ciddi dəstək görə bilmirik. Axı biz müxtəlif beynəlxalq platformalarda sıx əməkdaşlıq edirik, Azərbaycan hər zaman bu ölkələrə öz dəstəyini göstərir.

Türk Şurası, TÜRKPA kimi platformalarda fəal əməkdaşlıq edirik. Amma prinsipal məsələ olan Azərbaycanın torpaqlarının erməni işğalından azad olunması məsələsində Türkiyə istisna olmaqla, digər türkdilli ölkələrdən açıq dəstək görmürük. Onlar nədən, kimdən çəkinirlər? Bizim onlardan istədiyimiz sadəcə mənəvi dəstək göstərmək və işğalçını öz adı ilə çağırmaqdır. Türk xalqları olaraq qanımız, canımız, dilimiz, dinimiz eynidir. Ona görə də, bu dəstəyi onlardan gözləyirik. Cənab Prezidentin də qeyd etdiyi kimi, bu günlər bizim dostumuzu, düşmənimizi tanıdığımız günlərdir. Bizə çətin günlərdə dəstək göstərənləri və eyni zamanda səssiz qalanları da unutmayacağıq.

Təəssüf ki, Tərtər, Goranboy, Ağdam və digər cəbhəyanı  ərazilərin əhalisi hələ də düşmən hədəfinə tuş gəlir. Hətta erməni azğınlığı o həddə çatıb ki, onlar təmas xəttindən uzaq əraziləri də hədəfə alırlar. İki gün öncə Bərdə rayonunun Xan ərəb kəndində, bu gün isə Əmirli və Yeni Daşkənd kəndlərində mülki əhalini atəşə tutublar.

Hər zaman olduğu kimi ermənilər yenə də özlərinin faşist üzünü göstərməkdə davam edirlər. Onlar mülki obyektləri, dinc insanları hədəfə alırlar. Döyüşlərin ilk 5 günündə 20 mülki Azərbaycan vətəndaşı qətlə yetirilib və bu sayın artacağı istisna edilmir. Təkcə Naftalanda iki məktəbli ermənilər tərəfindən açılan atəşin qurbanı olub. Bu hadisə beynəlxalq qanunlara zidd olmaqla yanaşı, bütün insanlığa qarşı cinayətdir.

Ermənilərin törətdiyi qətliamlara rəğmən bizim əsgərlərimiz dinc erməni əhalisinə atəş açmır. Baxmayaraq ki, ermənilər vaxtilə Xocalıda günahsız əhalini, qadın, uşaq ahıl demədən görünməmiş vəhşiliklə qətl etmişdilər. Bizim ermənilərlə fərqimiz də bundadır.

Erməni vəhşiliyinin digər bir nümunəsi isə Tərtərdə məcburi köçkünlər üçün tikilmiş yaşayış binasının atəşə tutulmasıdır. Axı həmin insanlar bir dəfə öz dədə-baba torpaqlarında evlərini itirərək didərgin düşmüşdülər. Indi yenə 30 il sonra erməni terrorçuları onların məskunlaşdığı yeni inşa olunan yaşayış komplekslərini hədəfə alırlar. Bu, çox böyük insanlıq faciəsidir və qəbulolunmazdır.

Əlbəttə ki, indiki mərhələdə milli və vətəndaş həmrəyliyimiz çox önəmlidir və bu gün bütün xalqımız həyəcan içində qələbə xəbərlərini, Qarabağın işğaldan azad olunmasını gözləyir.

Əminəm ki, Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli ordumuz böyük qələbəyə hər gün bizi biraz da yaxınlaşdırır. Zəfər bizimlədir. Qarabağ Azərbaycandır.

Fatma YILDIRIM,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Hikkə, geriçəkilmə, təcili zəng və iflas”-JALƏ ƏLİYEVA MAKRONUN HİKKƏSİNDƏN VƏ AZƏRBAYCAN PREZİDENTİNƏ TƏLƏSİK ZƏNGİNDƏN YAZDI…

Read Next

“Qarabağ, torpaq məsələsində heç zaman güzəşt olmayıb, bundan sonra da olmayacaq, Qarabağ Azərbaycandır və Azərbaycanın olacaq…Buna Makron da, digərləri də əmin olsunlar”-ELDAR İBRAHİMOV MAKRONU FRANSANIN ÖZ PROBLEMLƏRİ İLƏ MƏŞĞUL OLMAĞA ÇAĞIRDI – (ÖZƏL)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir