Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Sabah-1 yanvar 2025-ci il tarixində daha bir Şəhidimizin-Gəncəli Antiterror Şəhidi Kərəm Akif oğlu Həsənovun doğum günüdür.
Kərəm Həsənovun sabah 29 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki ikinci doğum günü, mövlududur.
Sabah Şəhidin Onsuz doğum günü qeyd olunacaq.
Etikxeber.az xəbər verir ki, Kərəm Akif oğlu Həsənov 1 yanvar 1996-cı il tarixində Gəncə şəhərində dünyaya gəlib.
Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub.
2002-ci ildə Gəncə şəhərində yerləşən Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub və 2013-cü ildə həmin məktəbi bitirib.
Kərəm elə məktəb illərindən başlayaraq hərbi dərslərində xüsusi fəallıq göstərib.
Məktəbdaxili hərbi qrup olan “Şahinlər” qrupuna üzv olaraq hərbi təlimlərinə qoşulub.
O, yalnız hərbidə deyil, idman sahəsində də ölkəmizi layiqincə təmsil edib və böyük nailiyyətlər qazanıb.
Kikboksinq üzrə idman yarışlarında 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülüb.
2013-cü ildə orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə daxil olub.
2017-ci ildə Ali Hərbi Məktəbi Leytenant hərbi rütbəsi ilə bitirib.
2017-ci ildən etibarən Azərbaycanın bir çox şəhər və rayonlarında hərbi vəzifəsinə tank komandiri olaraq davam edib.
O, Bakı və Mingəçevir şəhərlərində, Bərdə, Goranboy, Ağcabədi, Beyləqan və Qubadlı rayonlarında hərbi vəzifəsini layiqincə yerinə yetirib.
2018-ci ildə “Azərbaycan Ordusunun 100 İlliyi” Yubiley medalı ilə təltif olunub.
26.06.2020-ci il tarixində Baş leytenant hərbi rütbəsinə layiq görülüb.
Kərəm eyni zamanda, bölük komandiri idi və 2022-ci ildə Qərargah rəisi vəzifəsində çalışıb.
Kərəm Həsənov peşəkar hərbçi kimi İkinci Qarabağ Müharibəsində iştirak edib, Suqovuşanın və Ağdam rayonunun, eləcə də bir çox kəndlərin işğaldan azad olunmasında xüsusi qəhrəmanlıq göstərib və düşmənin bir neçə postlarının ələ keçirilməsində əvəzsiz xidməti olub.
Hətta Suqovuşan istiqamətində gedən döyüşlərdə düşmən artilleriyasının atəşi nəticəsində 2 dəfə tankı vurulub və qəlpə yarası alıb.
Lakin buna baxmayaraq, döyüşü dayandırmayıb, yenidən qəhrəmancasına döyüşlərə davam edib.
İkinci Vətən Müharibəsindən sonra “Döyüşdə fərqlənməyə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
İkinci Qarabağ müharibəsindən sonra, 2021-ci ildə Azərbaycan Komandosu – Komando Ordu Birliyi yaradılıb və Kərəm Həsənov hərbi xidməti dövründə 24 oktyabr 2022-ci il tarixindən 24 dekabr 2022-ci il tarixinədək “Komando” Dağ Təlim Mərkəzində keçirilmiş 10-cu qəbul “Komando Başlanğıc kursu”nu müvəffəqiyyətlə bitirib.
Komando mənsubu olan Kərəm Həsənov 25 dekabr 2022-ci il tarixindən etibarən Qubadlı rayonu Muradxanlı kəndində Komando briqadasında hərbi xidmətini davam etdirib.
20 sentyabr 2023-cü il tarixində isə Antiterror əməliyyatı zamanı Xocavənd rayonunda qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.
Nəşi iki gün sonra-22 sentyabr tarixində Gəncə şəhərinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Şəhidliyindən sonra “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.
Kərəm həm də ailəli olub.
2021-ci ilin mart ayında Nərmin adlı xanımla ailə həyatı qurub və bu evlilikdən bir qız övladı dünyaya gəlib.
Onun Vətənə əmanət Rüqəyya adlı qız övladı qalıb.
Məkanı cənnətlik, Cənnətdəki ikinci doğum günü mübarək olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az