Ali məktəblərə II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.

Etikxeber.az xəbər verir ki, imtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda ümumilikdə 66 binada aparılacaq. İmtahanların idarə edilməsinə 237 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2 min 637 nəzarətçi-müəllim cəlb olunacaq.

Bütün regionlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib. İmtahanda 35 min 433 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 18 min 681-i II qrup üzrə, 16 min 752-si III qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 32 min 89-u Azərbaycan bölməsinin (II qrup üzrə 16 min 612, III qrup üzrə 15 min 477 nəfər), 3 min 344-ü rus bölməsinin (II qrup üzrə 2 min 69, III qrup üzrə 1275 nəfər) məzunudur. 177 abituriyent xarici ölkələrin vətəndaşıdır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11.00-da başlanacaq və 3 saat davam edəcək.

İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün “Space” telekanalında canlı yayımlanan “Abituriyent” verilişində DİM-in məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. Düzgün cavablar DİM-in internet saytında və “Facebook” səhifəsində də yerləşdiriləcək.

Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.

Etikxeber.az

Read Previous

“Mayın 21-də AKP-nin yeni yönətimi (rəhbərliyi) bəlli olacaq” – ƏRDOĞAN

Read Next

“Bakı Marafonu-2017″yə Leyla və Arzu Əliyevalar da qatıldı – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir