” Alı Mustafayev vətənpərvər ziyalı olmaqla yanaşı…” – MİLLƏT VƏKİLİ – FOTO

Nizami Kino Mərkəzində Azərbaycan Mədəniyyət Nazirliyinin və Regional Hüquqi və İqtisadi Araşdırmalar İctimai Birliyinin İB) təşkilatçılığı ilə tanınmış jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin xatirəsinə həsr edilmiş “Alı zirvəsi” filminin təqdimatı keçirilib.

Etikxeber.az xəbər verir ki, tanınmış jurnalist Azər Süleymanlının aparıcılığı ilə keçirilən tədbirin əvvəlində qəhrəman şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Qarakənd faciəsinin ildönümündə təqdim edilən filmin təqdimat mərasimində ilk olaraq, “Azərbaycanfilm” kinostudiyasının direktoru Cəmil Quliyev çıxış edərək vətənimizin bütövlüyü və müdafiəsi uğrunda şəhid olmuş qəhrəmanlar haqqında filmlər çəkilməsinin vacibliyini bildirdi və qeyd edib ki, bu cür filmlər gələcək nəsil üçün mühüm əhəmiyyət daşıyır.

Regional Hüquqi və İqtisadi Araşdırmalar İB-nin rəhbəri Arzu Bağırova çıxışında Alı Mustafayevin xatirəsinə həsr edilmiş filmin ictimaiyyətə təqdim edilməsinə dəstək olduqları üçün məmuniyyət duyduğunu ifadə edib. Qeyd edib ki, rəhbərlik etdiyi təşkilat yarandığı gündən maarifləndirici layihələrə dəstək verməklə yanaşı, şəhid ailələri, qazilərimizlə görüşərək onlara diqqət ayırır, gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi önəm verir:

“Odur ki, bu filmin ictimaiyyətə təqdim edilməsində biz də vətəndaş cəmiyyətinin bir nümayəndəsi kimi, öhdəmizə düşən missiyanı yerinə yetirməyə çalışdıq. Şəhid ailələri, qazilərimizə təşəklür edir, filmi ərsəyə gətirən yaradıcı kollektivə, Mədəniyyət və Turizm Nazirliyinə və əlaqədar qurumlara təşəkkür edirəm. Alı Mustafayevin qaynar həyatı gənclərimiz üçün bir örnəkdir”.

RHİM İB-nin sədri həmçinin Prezident İlham Əliyevin dövlətimizin daha da güclənməsi üçün həyata keçirdiyi siyasəti dəstədiklərini bildirib.

Daha sonra filmin rejissoru və ssenari müəllifi Kəmalə Musazadə Birinci Qarabağ müharibəsində Qazaxın sərhəd bölgəsində qanlı döyüşlərin getdiyini xatırladıb, həmin bölgənin əhalisinin vətənin müdafiəsində fəal olduqlarını bildirib.

Onun sözlərinə görə, 2011-ci ildən etibarən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsi, “Yaddaş” və “Salnamə” kinostudiyalarının dəstəyi ilə milli qəhrəmanlarımızın həyat və döyüş yoluna həsr edilmiş 90 film çəkilib və bu cür filmlərin çəkilişi ilin sonunadək davam edəcək.

Xalq şairi Nəriman Həsənzadə tədbirdə çıxış edərək Alı Mustafayev barədə ərsəyə gələn filmə görə təşəkkür edib və bu cür layihələri yüksək qiymətləndirib, onunla bağlı xatirələrini bölüşüb.

Daha sonra deputat, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin (İB) sədri Qənirə Paşayeva 1991-ci il noyabrın 20-də Qarakənd səmasında erməni işğalçıları, erməni silahlıları tərəfindən vurulmuş “Mi-8” vertalyotunda şəhid olmuş bütün ziyalılarımıza Tanrıdan rəhmət diləyib, onlar arasında olan mərhum jurnalist Alı Mustafayevin vətənsevərliyindən, jurnalist kimi müharibənin qaynar dövründə Qarabağda baş verən hadisələrin dünyaya çatdırmaq istəyindən söz açıb.

Bildirib ki, o, vətənpərvər ziyalı olmaqla yanaşı, həm də işini bilən bir jurnalist, qələm adamı, kövrək duyğulu şair idi:

“Filmdə və filmin təqdimatında əməyi keçənlərə təşəkkür edirik. Ancaq ilk növbədə təşəkkürü şəhidlərimizə edirik. Onların qəhrəmanlıqlarıdır ki, biz bu gün onların işığına toplaşmışıq.Alı Mustafayevin jurnalist kimi fəaliyyəti və böyüklüyü bu gün də Azərbaycan jurnalistikasında gələn gənc nəsil üçün örnəkdir. Onun xəstə olmasına baxmayaraq, son səfərə getmə səhnəsi bu gün də xatirələrdədir. Həmin ərəfədə Qaradağlıda soyqırım yaşamışdıq. Bizim ziyalılarımız, dövlət xadimlərimizin olduğu vertalyot Qarakənd səmasında separatçı, işğalçı erməni gücləri tərəfindən vuruldu. Alı Mustafayev o heyətdə ona görə var idi ki, gerçəkləri jurnalist olaraq, Azərbaycan cəmiyyətinə, dünyaya daha çox çatdırmaq istəyirdi. Odur ki, o bizim gənc nəsil üçün həm vətəndaş, insan, şair və jurnalist kimi örnəkdir”.

Daha sonra “Qazax” Xeyriyyə Cəmiyyətinin sədri İlham Pirməmmədov, deputatlar Hikmət Babaoğlu, Kamran Nəbizadə, Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu çıxış edərək bu cür filmlərin çəkilməsini vətənpərvər gənc nəslin yetişməsində mühüm rol oynadığını qeyd ediblər.

Sonra “Alı zirvəsi” filmi nümayiş etdirilib.

Film nümayişindən sonra Alı Mustafayevin ailə üzvləri ürək sözlərini bölüşüblər.

Milli Qəhrəmanın həyat yoldaşı Lalə Mustafayeva “Alı zirvəsi” filminə görə əməyi keçən hər kəsə təşəkkür edib və bildirib ki, şəhid ailələri, milli qəhrəmanlar və onların ailələri hər zaman cəmiyyətin və dövlətin diqqətindədir.

Etikxeber.az

Read Previous

“Fəal siyasi dialoq mövcuddur…” – MEHRİBAN ƏLİYEVA – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“Təcrübəli həkimlərə böyük ehtiyacımız var…” – İXTİSASCA HƏKİM OLAN DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir