Ali təhsilli…Evin tək və subay oğlu..3 medallı Şəhid…NİCAT ŞÜKÜRLÜNÜN ŞƏHİDLİYİNDƏN, TORPAĞA TAPŞIRILMASINDAN 10 AY KEÇİR – FOTOLAR

Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən Nicat Ayaz oğlu Şükürlünün torpağa tapşırılmasından 10 ay keçir.

Etikxeber.az-ın xəbərinə görə, evin-ailənin tək və subay oğlu olan Nicat Şükürlü 2020-ci ilin oktyabr ayının 11-ində ağır döyüşlərdən birində həlak olub, Şəhidlik məqamına yüksəlib.

Nəşi bir gün sonra, ayın 12-sində Səbail rayonunun Badamdar qəsəbəsindəki qəbiristanlıqda, Şəhidlər məzarlığında dəfn olunub.

Şəhidliyindən 12 gün sonra 29 yaşı tamam olub.

Əslən Kürdəmirli olan Nicat Şükürlü 1991-ci ilin 23 oktyabr tarixində Bakıda, Səbail rayonunun Bayıl qəsəbəsində anadan olub.

1998-ci ildə Bakı şəhərinin Bayıl qəsəbəsində yerləşən 49 nömrəli tam orta məktəbin birinci sinfinə gedib və 2009-cu ildə həmin məktəbi müvəffəqiyyətlə başa vurub.

Orta məktəbi bitirdikdən bir müddət sonra Azərbaycan Silahlı Qüvvələri sıralarına həqiqi hərbi xidmətə yollanıb.

Hərbi xidməti başa vurduqdan bir müddət sonra, yəni,  2014-cü ildə Bakı Slavyan Universitetinin (BSU) Əlavə təhsil və qiyabi şöbəsinin Beynəlxalq münasibətlər ixtisasına qəbul olunub və 2019-cu ildə bu ixtisası bitirib.

Ürəyi Vətən, Qarabağ eşqilə döyünən Vətən sevdalısı Nicat Şükürlü 2020-ci ilin oktyabr ayının 2-də könüllü olaraq ordu sıralarına yazılıb, İkinci Vətən Müharibəsinə, döyüşlərə atılıb.

Füzuli, Xocavənd Hadrut istiqamətində döyüşlərdə iştirak edib, döyüşüb, vuruşub, igidliklər göstərib.

Və oktyabrın 11-ində Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik Zirvəsinə yüksəlib.

Ölümündən sonra İgidliyinə, Qəhrəmanlığına görə, Ali Baş Komandan tərəfindən 3 medalla – “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Bir neçə ay öncə isə oxuduğu 49 saylı məktəbdə Şəhidimizin büstü ucaldılıb.

Qeyd etdiyimiz kimi, Nicat ailənin iki övladından biri, evin tək və subay oğlu olub.

Məkanı cənnətlik, məzarı behiştlik olsun, qəbri nurla dolsun!

Nur içində yatsın!

Allah anası Yeganə xanıma, atası Ayaz kişiyə və bacısına səbr, dözüm versin!

Xatirəsi həmişə, hər zaman qəlblərdə yaşayacaq!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şəhidlər ailəsi-Ələkbərovlar ailəsi…Şəhid əmi və Şəhid qardaş oğlu…Biri subay, biri nişanlı…Qəhrəman Qızılhacılılar-CABBAR VƏ KƏNAN… – FOTOLAR

Read Next

“Peyvənd kampaniyasına qarşı qeyri-peşəkar fikirlər səsləndirmək məqsədəuyğun deyil”-SƏHİYYƏ NAZİRİNİN MÜAVİNİNDƏN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir