Bu gün İmişli rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Cavid Xaliq oğlu Səfərlinin Amım Günüdür.
Onun Əbədiyyətə uğurlanmasından üç il ötür.
Anım Günü ilə bağlı bu gün Şəhidin məzarı ziyarət olunacaq, ruhuna dualar ediləcək, sonra Anım mərasimi düzənlənəcək, adına ehsan süfrəsi açılacaq.
Etikxeber.az xəbər verir ki, Cavid Səfərli 1993-cü ilin 31 may tarixində İmişli rayonunun Əliqulular kəndində dünyaya gəlib, ailədə üç övlad, iki qardaş və bir bacı olublar.
1999-2001-ci illərdə R. Məmmədov adına Əliqulular kənd tam orta məktəbində, 2001-2007-ci illərdə İmişli şəhərində N. Şirinov adına 5 nömrəli tam orta məktəbdə təhsil alıb, 2007-2008-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsilini davam etdirib.
2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb, həmçinin, Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində (TTM) kurs keçib və Leytenant rütbəsində Azərbaycan Ordusunda zabit kimi fəaliyyətə başlayıb.
2016-2018-cı illərdə Abşeron rayonunda yerləşən 4-cü Ordu Korpusunda Motoatıcı Briqadanın Bölüyünün komandiri, 2018-2020-ci illərdə Qusar rayonunda yerləşən “N” saylı hərbi hissədə bölük komandiri, 2020-ci ildən isə tabor komandiri vəzifələrində xidmət edib.
2017-ci ildən həm də Baş leytenant rütbəsini daşıyıb, Aprel döyüşlərində iştirak edib.
Eyni zamanda, İkinci Vətən Müharibəsinin ilk saniyələrindən döyüşlərə atılıb və döyüş yolu bir aya yaxın çəkib.
Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd istiqamətlərində döyüşüb və oktyabr ayının 21-də Xocavənd rayonun Düdükçü kəndində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi yalnız 27 gündən sonra, noyabr ayının 17-də əldə edilib və İmişli rayonunun Əliqulular kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən öncə “Silahlı Qüvvələrin 100 illiyi” yubiley medalı, Şəhidliyindən sonra “İgidliyə görə”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Ancaq ailəsi Cavidin həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir və tələb edir.
27 yaşında Şəhidlik məqamına ucalan Cavid həm də subay olub.
Qeyd edək ki, İkinci Vətən Müharibəsində Cavidin iki tələbə, iki otaq yoldaşı və iki can dostu – Şabranlı Tərlan Kərimov və Kürdəmirli Ramil Babayev də Şəhidlik məqamına ucalıblar.
Məqamı Uca, məkanı cənnətlik şad olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az