Amaşovdan da AŞPA-ya-ETİRAZ GƏLDİ

Avropa Şurası Parlament Assambleyasının “Avropada media azadlığına və jurnalistlərin təhlükəsizliyinə təhdidlər” adlı qətnaməsində Azərbaycan mediası ilə bağlı əks olunmuş fikirlər reallıqdan uzaqdır, qərəzli mahiyyət daşıyır.

Qətnamədə bildirilir ki, Azərbaycan hakimiyyəti jurnalistlərə qarşı repressiyaları dərhal dayandırmalı, söz və media azadlığını təmin etməli, mətbuat azadlığı və təhlükəsizliyi sahəsində Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün real addımlar atmalıdır.

Yaxşı olardı ki, belə bir mötəbər qurum tərəfindən Azərbaycanla bağlı fikir bildirilərkən reallıq nəzərə alınaydı. Reallıq isə bundan ibarətdir ki, ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı islahatlar aparılır. Ötən 2019-cu il islahatlar ili kimi yadda qalıb. Media bu prosesin hərərkətverici qüvvəsi, böyük dəstəkçisi kimi çıxış edib və etməkdədir.

Biz hər gün ən müxtəlif kütləvi informasiya vasitələrində islahatçı baxışların bölüşüldüyünü görürük. Ən əsası isə islahata qarşı çıxan meyllər də medianın sərt tənqidinə məruz qalmaqdadır. Ümumən tənqid etmək Azərbaycan mediasının ruhundan irəli gələn xüsusiyyətdir. Heç bir qüvvə onun azadlığını məhdudlaşdıra bilməz. AŞPA-nın məlum qətnaməsində isə hansısa təqiblərdən, təhdidlərdən söz açılır. Sanki Azərbaycan hansısa “üçüncü dünya” ölkəsidir. Belə yanaşma yolverilməzdir.

Azərbaycan parlament seçkiləri ərəfəsindədir. Mediamızın taleyüklü prosesdə iştirak faizi olduqca yüksəkdir. AŞPA-nın bunu görməsi lazım idi. Bəli, biz də hər zaman bildirmişik ki, mediamız problemsiz deyil və çatışmazlıqları konkret şəkildə göstərmişik.

Əgər həqiqətən də söz və ifadə azadlığını, azad media dəyərlərini düşünmək istəyi varsa, daha real məsələlərdən söz açılmalıydı. Görünür, kimlərsə parlament seçkisi öncəsi Azərbaycanla bağlı mənfi rəy yaratmaq, cəmiyyəti bürüyən demokratik ab-havanı, islahatçılıq əzmini gözdən salmaq niyyəti güdürlər.

AŞPA-nın məlum qətnaməsinin Azərbaycanla bağlı hissəsində jurnalistlərin dövlət tərəfindən mənzillə təmin edilmələri kimi nəcib təşəbbüs onların guya ələ alınması tədbiri kimi qiymətləndirilir. Ancaq hər kəs yaxşı bilir ki, indiyədək jurnalistlər üçün inşa edilmiş iki binanın sakinlərindən heç biri bu dövlət təminatına görə kimisə tənqid etməkdən uzaq dayanma diskonfortunu yaşamayıb.

Əlbəttə, biz jurnalistlərimizin öz əmək haqlarına özləri üçün mənzil ala bilmələrini, belə bir mühitin yaranmasını arzulayırıq. Biz eyni zamanda KİV-lərimizin hər cür dövlət dəstəyindən imtina edib sərbəst şəkildə işlərini quracaqları şəraitin formalaşmasını istəyirik. Əslində dövlətin media siyasətinin məğzini də təşkil edən bu məqamdır.

AŞPA-nın “Avropada media azadlığına və jurnalistlərin təhlükəsizliyinə təhdidlər” adlı qətnaməsinin Azərbaycan mediası ilə bağlı hissəsi ölkəmizin media ictimaiyyətinin baxış və düşüncələrinə adekvat deyil.

Ola da bilməz.

Təəssüf ki, Azərbaycana qarşı qərəzli mövqedə dayanan qruplar bir daha öz niyyətlərini həyata keçirmək üçün AŞPA kimi nüfuzlu bir qruma təsir göstərə biliblər.

Əflatun AMAŞOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Zahid Oruc ad gününə Bərdə İmamzadəsinin ziyarəti ilə-BAŞLADI – FOTOLAR

Read Next

Ziyad Səmədzadənin daha iki-İZDİHAMLI GÖRÜŞÜ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir