AMERİKANIN GÜRCÜ ORDUSU- Zahid Orucun yazısı

 

Şeverdnadzenin sovet keçmişi və sonuncu patriarxlığı ona hakimiyyətdən öz ssenarisi ilə getməyə imkan verməyəndə çoxları elə düşünürdü ki,Gürcüstan Qərbin siyasi-hərbi qalası kimi bundan sonra Rusiya əleyhinə Kubaya çevriləcək və Qafqazlarda təhlükəsizlik sistemi tamamilə dəyişəcək,qüvvələr nisbəti keyfiyyətcə yeniləşəcək.

Tam gözlənilənlər olmasa da,qızılgüllü inqilabçılar Amerikanın patronajlığı altında bir çox dəyişiliklərə nail oldular.Söhbət təkcə demokratik idarəetmə standatlarından getmir,məsələ həm də öz keçmişindən xilas olmaqda və sovet irsini büsbütün təzələməkdə idi.Gənc gürcü elitası zamanın ağır sınaqları ilə üz-üzə qalmışdı.

Gürcüstanda NATO tədbirlərindən birində üç mühüm vəzifə pilləkənindən keçərək Parlamentin spikerliyinə qədər ucalmış David Bakradzedən soruşdum ki,onlar sovet generalları ilə nə etdilər?Yəqin çoxlarını maraqlandıran bu sualın yaranma səbəblərini sıaralamağa elə bir ehtiyac yoxdur.Çünki dünyaya ağalıq edən bir imperiyanın-əslində işğalçı ordunun karyera pillələrində irəliləmiş və sinədolusu gəzdirdikləri orden-medalları qədər müasir ordu quruculuğunun yolunda maneəyə çevrilmiş insanların problemini həll etmək a elə də asan deyildi.Məsələ heç kiminsə 5-ci kolon olmasında,yaxud potensial casus fəaliyyəti üçün yararlılığında deyil.Onsuz da hər kəsə bəllidir ki,Varşava paktı ilə NATO arasında savaş təkcə ideoloji olmayıb köklü məktəb fərqlərinə-təlimat və texnika ayrılıqlarına dayanırdı.Ona görə yeni ordunun formalaşdırılması işini bötövlükdə “köhnə”lərə tapşırmaq olmazdı.

zahiddd

İndi Gürcüstanın hazırki silahlı qüvvələrində “qüvvələr nisbəti” haqda tam müfəssəl məlumat verilməsə də təhlillər göstərir ki,son on il ərzində bu ölkə böyük bir yol keçib.Əslində 2008-ci il avqust məğlubiyyətini bütövlükdə hərbçilərin döyüş meydanındakı məğlubiyyəti saymaq da çox yanlış olardı.Rusiyanın oraya göndərdiyi 58-ci ordunun təkcə canlı qüvvə sayı 65 mindən çox idi.Müqayisə üçün deyək ki,gürcülərin müdafiəsini təmin edən bütün qoşun növlərindəki personal 38 minə qədərdir.

Nəhayət,üç illik danışıqlardan sonra bu ilin fevralında Gürcüstan NATO-nun Çevik Reaksiya qüvvələrinin əməliyyatlarına qoşula bilib..Sayları çox olmasa da-cəmi 150 nəfərlik bir tərkiblə gürcülər dünyada təbii fəlakətlərin aradan qaldılılmasında,terror təhlükələrinin dəf edilməsində və lokal hərbi əməliyyatlarda iştirak hüququ qazanıblar.Bəli,bu hələ çoxdan vəd olunan “Üzvlük üçün Fəaliyyət planı” deyil.Lakin razılaşın ki,gənc gürcü oğulları beynəlxalq birliyin iş təcrübəsinə,döyüş hazırlığı və birgə komanda tədbirlərinə qatıla biləcəklər.Bir azdan indiki “NATO məzunları” qonşu ölkənin hərbi eltasına çevriləcək və təcrübələrini milli silahdaşları ilə paylaşacaqlar.

Xatırladaq ki,bundan öncə postsovet dövlətlərindən qat-qat çox sayda qüvvəni Əfqanıstana göndərən və koalsiya qoşunları içərisində xüsusi çəkiyə malik olan Gürcüstan hərbçiləri 1700 nəfərdən ibarət bir heyətlə sülhməramlı əməliyyatlara qatılmışdılar və heç kəsə sirr deyildi ki,bu mühüm bir taktiki məna daşıyırdı.Yeni ordunu məhz xarici məkanda ingilislərlə,almanlarla, fransızlarla bir səngərdə formalaşıdırmaq üçün bundan yaxşı fürsət ola bilməzdi.Yeri gəlmişkən, qeyd edək ki,onlardan yalnız 29 nəfəri Talibanın ölümcül gülləsinə tuş gələrək həyatlarını itiriblər.
Burada onu da unutmaq lazım deyil ki,İrakdakı əməliyyatlara qatılnların sayı 2300 nəfəri keçmişdi və rəqəmləri cəmləyəndə mavi dəbilqəli gürcü ordusunun bir azdan Amerika bayrağı altında hərbi marşdan keçməsi heç kəsi təəccübləndirməməlidir.

İndi NATO generalı Knut Bartels 10 il ərzində xərclənmiş 100 milyon dollarlıq birbaşa yardımın növbəti tranşını gətirərək Gürcüstana gəlib və məlumatlara görə inteqrasiyanın yeni mərhələsi barədə gürcü siyasi rəhbərlyində qəti iradə mövcuddur.Çoxlarının proqnozuna baxmayaraq antiSaakaşvili hakimiyyəti əvvəlki kursu təftiş etmək niyyətində deyil və AvroAtlantik məkana tranformasiya uöurla davam etdirilir.Razılaşın ki,NATO ilə olmaq Rusiyanın təsir zonası sayılan Qafqazlarda təhlükəni büsbütün özünə götürmək deməkdir.Bir halda ki,kollektiv müdafiə müddəsı və birgə təhlükəsizlik çətiri onların üstünə açılmayıb,belə siyasətin gələcəyini təyin etmək çox çətindir.

İndi Birləşmiş Ştatların bəslədyi yeni süngülər qədim bir diyarda fərqli hərbi- siyasi mənzərə yaradır.Kimə qarşı döyüşəcəklər,nə vaxt yeni müharibəyə atılacaqlar-bunu indidən söyləməsək də,hamıya aydındır ki,Stalinin varisləri onun ideallarından kənarda tamam yeni bir ölkə qururlar.Amerika buranı hərbi poliqona çevirməklə düzmü edib-bunu zaman göstərəcək.Lakin tarix o faktı qoruyub saxlayıb ki,qüdrətli Napoleon ordusunu üsyankar ispan kəndliləri məğlub etmiş və əfsanəvi sərkərdənin qələbə qatarını dayandırmışdılar!

Zahid ORUC,

Millət vəkili

etikxeber.az

Read Previous

Komitə sədrindən spikerə irad… – YENİLƏNİB – (2)

Read Next

Bu qanunun maddələri Konstitusiyamıza ziddir – DEPUTATDAN VİTSE-SPİKERƏ İRAD GƏLDİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir