Ana dilim, Doğma dilim, Ruhum mənim!-JALƏ ƏLİYEVA YAZDI

Bu gün Azərbaycan əlifbası və Ana Dili günüdür.

Bundan tam 12 il əvvəl – 2010-cu ildə yazdığım və ölkə mətbuatında dərc edilən Ana dilimiz haqqındakı yazımı mənə dilimizin bütün incəliklərini və gözəlliklərini, ədəbiyyatımızın ən dərin qatlarını yorulmadan öyrədən və dünən haqqın dərgahına qovuşan sevimli Aliyə müəlliməmin, eyni zamanda dilimizi ölməyə qoymayan, daim onun saflığının keşiyində dayanan bütün mütəfəkkir ziyalılarımızın əziz xatirəsinə dərin ehtiramla ithaf edərək yenidən yayınlayıram.

“Heydər Əliyev və ana dilimiz”

Dilini əlindən alsan, o, milli varlığını itirər, yox olar. Bu, tarixin ortaya qoyduğu bir həqiqətdir.

Dil – millətin mənəviyyat bayrağı, milli mənlik və qürurudur. Dil yoxdursa, xalq da yoxdur!

Tarixi minilliklərin sınağından, hakim rejimlərin işğalından, yadelli təcavüzlərin təzyiqindən, yabançı dəblərin axınından, müxtəlif dillərin təsirindən qalib çıxan, bu günümüzə qədər saflığını, təmizliyini, zənginliyini qoruyaraq gələn dilimiz – Azərbaycan dili haqqında düşünərkən, bu dil haqqında əlimə qələm alıb yazmaq istəyərkən gözlərimin önündə Dədə Qorqud, Nəsimi,Füzuli, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundzadə, Üzeyir bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Hüseyn Cavid, Aşıq Ələsgər, Şəhriyar canlanır. Bunlar Azərbaycan söz sənətinin, Azərbaycan təfəkkür dünyasının, Azərbaycan dil xəzinəsinin, Azərbaycan ictimai-siyasi fikrinin təməl daşları, bünövrəsi, ən dəyərli inciləridirlər.

Əlbəttə ki, bu siyahını davam da etdirmək olar. Azərbaycan ədəbiyyatını, Azərbaycan ədəbi dilini yaradanların və onu milli varlıq kimi sonrakı nəsillərə – bizlərə olduğu kimi çatdıranların hər birinə heç şübhəsiz, borcumuz və ehtiramımız sonsuzdur. Çünki məhz onların sayəsində Anamızın-Azərbaycan adlı cənnət vətənimizin doğma dili olan Azərbaycan dili əsrlərin keşməkeşlərindən alnı açıq, üzü ağ çıxaraq mükəmməl, şirin, axıcı, işlək və zəngin bir dilə çevrilmişdir. Yuxarıda sadaladıqlarım Azərbaycanın böyük mütəfəkkirləri, ədəbiyyat tariximizin nəhəngləri, şair və yazıçıdırlar.Lakin mən bu sıraya bir ismi də əlavə etmək istəyirəm. Düzdür, o nə şairdir, nə yazıçıdır, nə də dilçidir. Onun şeirləri, romanları, hekayələri yoxdur. Bir sözlə, o əlinə qələm alıb əsər yazmayıb. Lakin o, ən istedadlı yazıçının, şairin belə yarada bilməyəcəyi, qüdrətli bir əsər yaradıb.

Bu misilsiz əsərin adı – Azərbaycan, yazarı, banisi və yolgöstərəni isə xalqının çox haqlı olaraq ulu öndər adını verdiyi Heydər Əlirza oğlu Əliyevdir. Bir az əvvəl yuxarıda qeyd etdim ki, dilimiz haqqında yazmaq istəyərkən gözlərim önündə simalar canlanır. Bu mövzunu düşünərkən yaddaşımın səhifələrində yer alan fikirlər, toxunmaq istədiyim məsələlər, qısacası dilimizin dünəni, bu günü və sabahı haqqındakı kiçik qeydlərim məni bu yazıya məhz Heydər Əliyev kontekstində yanaşmağa çağırır. Mən də ürəyimin səsinə qulaq asaraq yola çıxıram…

Aqillər deyib ki, xalqın, millətin nəyini əlindən alırsansa al, o, yaşayacaqdır.

Ölkəsinin başı üzərində qara buludların dolaşdığı, xalqının ölüm-qalım sualıyla qarşılaşdığı, torpaqlarının düşmən tapdağı altında qaldığı bir zamanda bir Simurq quşu kimi qanadlarını açaraq Vətəninin səmasında görünən Heydər Əliyev, ona doğru uzanan milyonlarla Azərbaycanlının ümidsiz əllərini öz qüdrətli əlləriylə tutdu, onu çağıran, onu səsləyən milyonlarla azərbaycanlının həyəcanlı səsinə öz güclü səsiylə səs verdi. Qarşısındakı bütün sədləri, maneələri öz dərin zəkasıyla, iti ağlıyla, ancaq nadir şəxsiyyətlərə xas olan parlaq istedadıyla, ən əsası isə xalqına və Vətəninə bəslədiyi tükənməz sevgisiylə, doğulub böyüdüyü torpağa sədaqəti və bağlılığıyla aşaraq, müstəqil Azərbaycanı yaratdı. Bu günlərdə onun dünyaya, gəlişinin səksən yeddinci ildönümünü böyük bir məhəbbət və fəxarətlə qeyd edirik.

Onu sadəcə doğum və ölüm günündə deyil, hər an, hər saat minnətdarlıqla anırıq. Və təbii ki, dünya durduqca, müstəqil Azərbaycanımız durduqca, qədirbilən xalqımız durduqca onu heç unutmayacaq, onun xatirəsinin işığına toplaşacaq, ona minnətdar olacağıq. Onu bizdən ayıran o məşum gecədən, fiziki yoxluğundan keçən illər ərzində haqqında yüzlərlə şeir yazılıb, ona poemalar həsr edilib, onu tərənnüm edən mahnılar bəstələnib, haqqında filmlər çəkilib, həyatının müxtəlif anlarını əks etdirən lentlər nümayiş olunub, elmi konfranslar, seminarlar keçirilib. Onunla sağlığında tanış olmaq, görüşmək, birlikdə işləmək səadətinə qovuşanlar, xatirəsinə həsr edilən tədbirlərdə xatirələrini bölüşür, onu şəxsən tanımaq nəsibi olmayanlar isə onun haqqında oxuduqlarını, eşitdiklərini danışırlar. Əslində düşünürəm ki, onun şəxsiyyətini, kimliyini, böyüklüyünü, Vətəni, xalqı üçün etdiklərini tam olaraq anlada biləcək ən mükəmməl əsər hələ yazılmayıb, ən dəyərli söz hələ deyilməyib.

Onun şəxsiyyətinin ölçüsü, bizə göründüyündən, bizim onun üçün etmək istədiklərimizdən daha böyükdür və heç şübhəsiz ki, illər keçdikcə biz onun nəhəngliyini daha dərindən anlayacağıq. Əminik ki, bu ölkə Heydər Əliyevin onu bizə əmanət etdiyi kimi qalacaqdır – bütöv və sabit, demokratik və sivil, dünya birliyində layiqli yer tutmuş bir ölkə kimi. Əlbəttə ki, bu gün möhtərəm Prezidentimiz İlham Əliyevlə birlikdə gələcəyə doğru getdiyimiz yolda Azərbaycan daha güclü olacaqdır. Buna inamımız şəksizdir. Çünki bu gələcəyin müqəddəs təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və hər bir azərbaycanlının Prezidenti olan, xalqına yaxşı Prezident olmağı bacaran ölkə Prezidenti İlham Əliyev bu müqəddəs yolu öz nurlu əməlləri ilə işıqlandırır.

Ulu öndərin özünün də dediyi kimi, dostu və qardaşı Süleyman Dəmirəl yazır ki, “Mən Heydər Əliyevlə Naxçıvanda olarkan ondan Azərbaycana niyə gəldiyini soruşdum. O dedi: ”Mən doğulduğum yerdə xalqıma xidmət etmək istədim. Başqa yerdə bunu edə bilməzdim.” Bəli, o xalqına xidmət etmək üçün, ömrünün qalan hissəsini də xalqına bağışladı. O deyirdi ki, mən fəxr edirəm ki, azərbaycanlıyam. Ən böyük azərbaycanlı olan Heydər Əliyev, bizə müstəqil Azərbaycanı bəxş etdi. Bizə azərbaycançılıq ideyasını hədiyyə etdi. O, son nəfəsinə qədər nə etdisə, ölkəsi üçün, Vətəni üçün, xalqı üçün etdi. Mən burada çox həssas bir məqama toxunmaq istəyirəm. Ancaq nadir şəxsiyyətlərə xas olan dərin intuisiyası və uzaqgörənliyi hələ çox illər əvvəl, sovet Azərbaycanının rəhbəri ikən ona düzgün olan yolu göstərmişdi. O, bir peyğəmbər müdrikliyi ilə anlamışdı ki, bir gün gələcək, ölkəsi və xalqı müstəqilliyə qovuşacaqdır, rus işğalından azad bir dünya qurulacaqdır. Və elə həmin dövrlərdə gələcəyə olan böyük inamıyla, sovetlər məkanında mümkünsüz olan bir addımı atdı. 1969-cu ilin iyul ayında respublikanın rəhbəri seçilən Heydər Əliyev, cəmi bir-neçə aydan sonra o vaxtkı Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində nitq söylədi! Bəli, mən bu cümlənin sonuna nidanı təsadüfən qoymadım. Çünki həmin dövrdə belə bir addım, həqiqətən, böyük bir cəsarət istəyirdi və ən başlıcası millilik, soy-kökə bağlılıq anlamına gəlirdi.

Həmin tarixi günü Heydər Əliyev tam 25 ildən sonra, BDU-nun 75 illiyinə həsr edilən iclasda artıq müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi belə xatırlayırdı:

“Xatirimdədir, universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, ana dilimdə, Azərbaycan dilində danışdım. Bu böyük sensasiya kimi qarşılandı. Nə cür olur ki, respublikanın rəhbəri, Azərbaycan dilində çıxış edir və bu dildə heç də pis danışmır. Bəziləri məni bu hadisə münasibəti ilə təbrik etdilər. Minnətdarlıqlarını bildirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar doğrudan da bunu böyük bir hadisə kimi qəbul etdilər.”

Böyük öndər yenə həmin dövrdə ölkədə keçirilən bütün tədbirlərdə doğma dilində danışmaqdan çəkinmirdi. Uzun illər boyu sıxışdırılan dilimizin sabahına işıq salır, cəsarəti, şəxsi nümunəsi ilə minyonlarla insanın ürəyindən keçənlərin ifadəçisinə çevrilir, haqq sözünü deyir, dilimizin ən ali mərtəbəyə layiq olduğunu bəyan edirdi. Sovetləşmə isə bütün SSRİ məkanında sürətlə davam edirdi. Və belə bir zamanda – 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyası hazırlanarkən, respublikanın rəhbəri Heydər Əliyev, şəxsən özü yaradıcı ittifaqlara xəbər göndərməli olmuşdu ki, Konstitusiyaya Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili olması barədə xüsusi maddə salınmasını tələb etsinlər.

Nəticədə, Konstitusiyada, Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir – maddəsi təsdiq olundu. Mən bir daha çox əhəmiyyətli və həssas bir məqamı qabartmaq istəyirəm. Bu addım, bu cəsarətli addım müstəqil bir ölkədə deyil, milli hüquq və azadlıqların məhdudlaşdırıldığı, milli köklərin unutdurulmağa çalışıldığı, totalitar imperiyaya bağlı olan bir ölkədə, sovet respublikası olan Azərbaycanda atılırdı. İllər keçəcək, 1995-ci ilin oktyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasında dilimizlə bağlı olaraq keçirilən ümumrespublika müzakirəsində ulu öndər o gərgin mübarizəni və qələbəni belə xatırlayacaqdı:

“Xatirimdədir, o vaxt başqa respublikaların rəhbərləri ilə kəskin danışıqlarımız oldu. Ukraynanın rəhbəri Şerbitski ilə mənim kəskin danışıqlarım oldu. O, buna çox etiraz edirdi, belə əsaslandırırdı ki, siz belə yazdığınız halda, gərək biz də yazaq ki, Ukraynanın dövlət dili Ukrayna dilidir. Mən ona dedim ki, sizə heç kəs mane olmur. Siz bizdən də böyük respublikasınız və Sovetlər İttifaqında sizin çəkiniz bizimkindən qat-qat artıqdır. Siz istəsəniz, bunu yaza bilərsiniz. Siz nə üçün bizə manu olursunuz. Ancaq biz buna nail olduq. Hesab edirəm ki, bu, o dövrdə, o zamanın şəraitində respublikamızda, ümumiyyətlə, ölkəmizin tarixində çox böyük hadisə oldu.”

Bu tarixi nitqin söyləndiyi binada – Milli Elmlər Akademiyasında ulu öndərin rəhbərliyi altında dilimizin adı ilə bağlı aparılan gərgin müzakirələr də həmin gün tarixilik qazandı. Həmin gün bütün Azərbaycan ziyalılarının ürəyi, qəlbi həmin məkanla döyünürdü. Dilimizin müstəqil respublikamızda ilk dəfə qəbul ediləcək Konstitusiyada necə adlandırılması məsələsi gündəliyə çıxarılmışdı. Bugünkü kimi xatırlayıram. Ölkənin çox nüfuzlu, tanınan alimləri, yazarları həmin toplantıda idi. Ulu öndər hər kəsə danışmaq, öz mülahizələrini ifadə etmək, təkliflər irəli sürmək və bu təkliflərini müdafiə etmək imkanı və şəraiti yaratmışdı. Hər zaman olduğu kimi müdrikcəsinə, diqqətlə çıxışları dinləyirdi.

Dilimizin türk dili, azəri-türk dili, türkcə, azəri türkcəsi, Azərbaycan türk dili, və b. kimi adlandırılmasıni təklif edənlər və bu mülahizələrini xalqın etnosu, etnik mənşəyi, etnik mənsubiyyəti ilə əlaqələndirənlər var idi və bunu da deyim ki, özlüyündə onlar da haqlı idilər. Lakin bu mülahizələr Azərbaycan adlı böyük bir coğrafi məkanın varlığını, bu məkanda yaşayan qədim bir xalqın kimliyini, keçmişini, tarixini şübhə altına alırdı. Eyni zamanda, bu mülahizələr Azərbaycanın tarixən guya heç mövcud olmadığına, bu torpaqların guya erməni torpağı olduğuna dair sərsəm bir ideyanı irəli sürmüş və bu xəstə təxəyyülə bütün dünyanı inandırmaq eşqilə yaşayan, böyük Ermənistan xəyallarını həyata keçirmək üçün hər an tətikdə oturub, uyğun bir məqam gözləyən üzdəniraq qonşularımızın dəyirmanına su tökmək anlamına gəlirdi. Ulu öndər hər kəsi dinlədikdən sonra ayağa qalxdı və dedi:

“Tarixi köklərimizə, tarixi keçmişimizə böyük hörmət və ehtiramımızı bildirərək, eyni zamanda, bu gün deməliyik ki, XX əsrdə bizim dilimiz öz inkişaf dövrünü keçib, formalaşıb və gəlib dövlət dili səviyyəsinə çatıb. İndi bunun adını dəyişdirib başqa ad qoymaq heç bir nöqteyi-nəzərdən, həm fəlsəfi, həm Azərbaycanın dövlətçiliyi nöqtəyi-nəzərindən, ölkəmizin bu günü və gələcəyi nöqtəyi-nəzərindən düz deyil.”

Həmin gün keçirilən müzakirələri diqqətlə izləyən Azərbaycan vətəndaşları öndərin çıxışını düzgün qiymətləndirməyi bacardılar və bir-neçə gündən sonra keçirilən referendumda Azərbaycan Respublikasının ilk Konstitusiyasına və bu Konstitusiyada Azərbaycan üçün, Azərbaycan dili üçün təsbit olunan taleyüklü məsələlərə “hə” dedilər. Heydər Əliyevin dövlət quruculuğunda əhəmiyyətli bir yerdə duran dil siyasəti və onu inkişaf etdirməyin yolları haqqında söylədiyi fikirlər bizə Azərbaycan dilini xalqın mənəvi varlığı kimi sevməyi, dilin zəngin söz xəzinəsindən bacarıqla istifadə etməyi, dilin qayğısına qalmağı, onun saflığını qorumağı, onunla fəxr etməyi, onu dərindən bilməyi, mükəmməl mənimsəməyi, ana dilimizin gözəlliyini duymağı, bu gözəlliyi hər zaman hər yerdə təbliğ etməyi, bu dildə düzgün danışmaqla hamıya nümunə olmağı öyrətdi. Göründüyü kimi, Heydər Əliyev, qurub-yaratdığı Azərbaycanda xalqın mədəni, intellektual, milli-mənəvi inkişafının təməllərindən biri kimi milli dil siyasətinə böyük əhəmiyyət verirdi, bu yolda bir əsgər kimi mübarizə aparırdı.

Ulu Öndərin 18 iyun 2001-ci il tarixində imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman da həmin mübarizənin davamı idi. Onun bu mövzudakı çoxsaylı fikirlərindən birini xatırlayaq:

“Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, bu həm də azəbaycançılıq məsələsidir.” Gəlinən nəticəyə diqqət edin: “Bu bir azərbaycançılıq məsələsidir”.

Bəli, məhz bu məsələ bu gün ziyalılarımızı dərindən narahat edir və cəmiyyətdə artıq həyəcanlı sədalar eşidilir. Ulu öndər “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” verdiyi fərmanda Azərbaycan Respublikasının onillik inkişaf təcrübəsi haqqında danışarkən bunu da qeyd etmişdi ki, “Ana dilimizin öyrənilməsi və tətbiqi sahəsində də hələ görüləsi işlər çoxdur. Ölkəmizin orta və ali məktəblərində Azərbaycan dilinin müasir dünya standartlarına, milli-mədəni inkişaf tariximizin tələblərinə cavab verən tədris işinin təkmilləşdirilməsinə ehtiyac vardır. Bir çox kütləvi informasiya vasitələrində, rəsmi yazışmalarda, kargüzarlıq və sair sahələrdə Azərbaycan ədəbi dilinin normalarına lazımınca əməl edilmir. Azərbaycan dilinin reklam işində istifadə edilməsində ciddi qüsurlar müşahidə edilir. Əcnəbi dilli lövhələr gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir. Ölkə ərazisində yayımlanan televiziya kanallarının əksəriyyəti xarici dillərdə fəaliyyət göstərir.”

Ulu öndər bu narahatlığını hələ illər əvvəl bildirsə də, bu gün də ölkənin kütləvi informasiya vasitələrində, bu istər qəzet olsun, istər televiziya olsun, istər bədii kitab olsun, Azərbaycan dilinin leksik qanunları, qrammatik qaydaları sanki unudulur və ya yeni bir üslub gətirilir. Özüm yazıçı ailəsində böyümüşəm və anamın hər kitabı nəşr edilərkən onun nəinki hər bir səhifəsini, hər bir cümləsini, hər bir kəlməsini, hətta hər bir durğu işarəsini dəfələrlə yoxladığının, həm redaksiyanın, həm də kitab müəllifinin böyük məsuliyyətinin, cavabdehliyinin şahidi olmuşam. Bu gün isə əlinə bir mətbu nümunəsi alırsan. Əsərin və ya məqalənin başlığı ilə içərisindəkilər düz gəlmir, sayılası mümkün olmayan imla səhvləri tapırsan. Cümlənin əvvəli ilə sonu uyğunlaşmır. Hər gün rastlaşdığım çoxsaylı xətaları indi bir-bir sadalamaq çox vaxt apara bilər. Amma son zamanlarda Azərbaycan dilinə gətirilən “yeni qayda”nı qeyd etməyə bilmirəm. Hər birimiz orta məktəbdə Azərbaycan dili dərsində öyrənmişik ki, say bildirən kəlmədən sonra isim gəldiyi halda, isim cəm şəkilçisi qəbul etmir. Bu bir aksiomdur və Azərbaycan dilinin büllur saflığının başlıca amillərindəndir. İndi gəlin baxaq görək həmin qanun yeni “kəşf”dən sonra hansı hal alıb. Məsələn, “Onlarla şagirdlər”, “çoxlu insanlar”, “yüz ədəd kitablar” və s. Bu örnəkləri artırmaq da olar. Ən dəhşətlisi odur ki, bu kimi ifadə tərzi artıq ziyalı təbəqənin də nitqində eşidilir. Bir neçə kəlmə “ə” hərfi və onun işlənməsi haqqında yazmaq istəyirəm.

Təbii ki, mən texnologiyanı o qədər də dərindən bilmirəm, amma düşünürəm ki, artıq 15 ilə yaxındır latın qrafikalı yazıya keçən bir ölkədə televiziya ekranlarını işğal edən, belə demək mümkündürsə pul tələsi SMS-lərdə “ə” hərfi problemini aradan qaldırmaq olar. Çünki həmin SMS-ləri, Allah eləməmiş təsadüfən gözün sataşıb oxuyanda, özün öz tələffüzündən qucaq-qucaq tər tökürsən. Sanki ya bir xarici vətəndaş bu kəlmələri tələffüz edir, ya da ki, uzun müddət vətənindən uzaqda qalan bir azərbaycanlı. Sizcə, necə görünür: “Hörmetli millet vekilleri, sizin nezerinize çatdırmaq isteyirem ki…” Gülməlidir, elə deyilmi? Yeri gəlmişkən, bunu da qeyd edim ki, Milli Elmlər Akademiyasının yuxarıda bəhs etdiyimiz tarixi toplantısı ərəfəsində bəzi “ziyalılar” böyük bir “kəşf” edərək, dilimizdə olan “ə” hərfinin əlifbadan tamamilə çıxarılmasını, sadəcə “e” hərfindən istifadə edilməsini təklif edirdilər. Onlar bu “möhtəşəm” tapıntılarını Anadolu türkcəsində “ə” hərfinin olmamasıyla əsaslandırırdılar. Bir az əvvəl gətirdiyimiz örnəkdən sonra məncə əlavə şərhə ehtiyac qalmır. Və yaxud küçələrdəki tanıdıcı reklam lövhələri. Küçədəki bəzi reklam lövhələrini ən savadlı insan belə oxumağa çətinlik çəkir. Çünki bir kəlmənin içərisindəki hərflərin biri latın, digəri rus əlifbası ilə yazılır. Bəzən reklam tamamilə ya rus, ya da ingilis dilində olur. Hələ şükür olsun ki, çincə yazmırlar. Yeri gəlmişkən, daha bir məqama toxunmaq istəyirəm. Doğma Azərbaycan dilində danışmağı özünə rəva bilməyənlər, xarici bir dildə, çox vaxt rusca danışmağı üstünlük, mədəniyyət hesab edənlər!

Lütfən oyanın. Siz müstəqil bir ölkədə yaşayırsınız və bu ölkənin adı Azərbaycandır! Sovet rejiminin, rus kultunun tüğyan etdiyi bir dövrdə doğulub, süurlu həyatlarının böyük bir hissəsini həmin illərdə yaşayanları, rusca oxuyub, rusca düşünənləri bəlkə də başa düşərəm. Ancaq azad, suveren, müstəqil bir ölkədə, azərbaycanlı atadan və azərbaycanlı anadan dünyaya gələn bir uşağın, bir yeniyetmənin, bir gəncin öz dilində danışmaması və ya danışa bilməməsi nə başa düşüləndir, nə də bağışlanandır.

Hamımıza məlumdur ki, 2004-cü ildə ölkə Prezidenti İlham Əliyev “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, 2007-ci ildə isə “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” sərəncamlar imzaladı. Bu sərəncamlar, ölkə rəhbərinin ana dilinə qayğısının və sevgisinin nümunəsi, öz vətəndaşlarını daha savadlı, daha məlumatlı görmək arzusu idi. Bu sərəncamlar xalqın özünə qayıdışına, xüsusilə gənc nəslin, böyüməkdə olan uşaqlarımızın milli dəyərlərimizə, milli mənəviyyatımıza daha sürətlə və uğurla sahib çıxmasına ölkə rəhbərinin göstərdiyi yardım idi.Prezidentin həmin sərəncamlarıyla illər boyu hər birimizin evlərimizin bəzəyi olan kitablar yenidən çap olunmağa başladı. Çap olundu ki, bizdən sonrakılar da oxusunlar. Çap olundu ki, dillərini, səlis Azərbaycan dilini unutmasınlar, əksinə daha dərindən öyrənsinlər.

Yəqin ki, həmin kitabların içərisində yer alan ölməz Mirzə Cəlilin “Anamın kitabı”nı oxuyanlar da olacaqdır. Və mən əminəm ki, əsərdə ana dillərindən başqa bütün dillərdə danışan, bircə Azərbaycan dilini özlərinə yaraşdırmayan üç qardaşın bacısı olan Gülbaharın, nəhayət, öz qardaşlarının nadanlığı qarşısında dözməyərək onların xarici dildəki bütün kitablarını yandırdıqdan sonra söylədiyi son monoloqunu diqqətlə oxuyacaqlar.

“…Qaldı bircə kitab. Bu da anamın kitabı.” Bu kitabda vaxtilə ataları öz əliylə yazıb: “Mən etiqad edirəm ki, mənim də balalarım dünyada hər yanı gəzib dolansalar, yenə əvvəl-axır anaları Zəhranın ətrafında gərək dolanalar, çünki ay və ulduz şəmsin zərrələri olan kimi, bunlar da analarının ay və ulduzlarıdırlar. Vay o kəsin halına ki, təbiətin həmin qanununu pozmaq istəyə! Onun vicdanı və insafı ona ömür boyu əziyyət edəcək, nə qədər canında nəfəs var, peşiman olacaq.”

Jalə ƏLİYEVA,

Millət vəkili, professor

Etikxeber.az

Read Previous

Saray bələdiyyəsinin sədri və daha bir neçə vəzifəli şəxs-HƏBS EDİLDİ

Read Next

Goranboyun İkinci Vətən Müharibəsi Şəhidi Kərim Yusifov: CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜNDƏ, 27 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir