Anar: “Şəhriyar yaradıcılığı hər zaman Azərbaycan xalqının güvənc yeri olub” – FOTOLAR

Beynəlxalq Muğam Mərkəzində görkəmli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 110 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə reallaşıb.

Etikxeber.az xəbər verir ki, yubiley tədbirində şairin həyatından bəhs edən videoçarx nümayiş olunub.

AYB-nin sədri, Xalq Yazıçısı Anar tədbirdə böyük söz ustadının yaradıcılığından söhbət açıb. Bildirib ki, şeirimizi yüksək zirvələrə qaldıran, insanlara vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyası təbliğ edən, milli ruhun oyanışında böyük xidmətləri olan Şəhriyar yaradıcılığı hər zaman Azərbaycan xalqının güvənc yeri olub. O, klassik şeirin bütün şəkillərinə müraciət edib, ölməz sənət inciləri yaradıb.

AYB-nin şöbə müdiri Sayman Aruz XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan M.H.Şəhriyarın zəngin və çoxcəhətli yaradıcılığından danışıb. Onun Azərbaycan ədəbiyyatına dünya şöhrəti gətirən, poeziyada müstəsna mövqeyi olan qüdrətli sənətkar olduğunu bildirib.

Deputat Qənirə Paşayeva Şəhriyarın bütün türk dünyasının şairi olduğunu söyləyib. O, ümumxalq məhəbbəti qazanmış şairin qələmindən çıxan şeirlərin, poemaların bədii qüdrəti ilə Azərbaycanın və dünya oxucusunun qəlbini həyəcana gətirdiyini, dillərdə əzbər olduğunu bildirib.

Şəhriyarşünas alim Esmira Fuad, iranlı qonaq Məhəmməd Rza Rəhmani və digər çıxış edənlər Şəhriyarın xalq yaradıcılığından bəhrələnərək ümumbəşəri və milli dəyərləri, tariximizin taleyüklü anlarını əks etdirən əsərlər yaratdığını söyləyiblər. XX əsrin sonlarında Azərbaycan ədəbiyyatında M.H.Şəhriyar qədər ümumxalq məhəbbəti qazanmış ikinci bir şairin olmadığını bildiriblər.

Qeyd edilib ki, Şəhriyarın dərin məzmunlu şeirləri poeziyamızın inciləri səviyyəsinə qalxaraq gələcək nəsillər üçün örnək olub, hələ sağlığında bir çox dünya xalqlarının dillərinə tərcümə edilərək yayılıb. Təkcə Azərbaycanın milli-mənəvi varlığını, yaşam tərzini, tarixi keçmişini özündə əks etdirən “Heydərbabaya salam” poeması dünyanın 80 ölkəsində yayılaraq müəllifinə şöhrət gətirib. Vurğulanıb ki, Nizamidən, Füzulidən, Nəsimidən gələn böyük poeziya örnəkləri Şəhriyar yaradıcılığında özünə yeni nəfəs qazanıb.

Tədbirdə şairin şeirləri oxunub, incəsənət ustalarının ifasında onun şeirlərinə yazılmış mahnılar səsləndirilib.

Şairin oğlu Hadi Behcət Təbrizi tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Sonda ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinə Mədəniyyət və Turizm Nazirliyinin və AYB-nin təsis etdiyi “Şəhriyar” ədəbi diplomu hədiyyə edilib.

sahriyar-2sahriyar-3

Etikxeber.az

Read Previous

Dəyəri 500 milyard dollar olan 17 ton kokain tutulub

Read Next

“Avro-2020”yə ev sahibliyi edəcək Münxenin loqosu təqdim olundu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir