Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Xaçmaz rayonunun sonuncu İkinci Vətən Müharibəsi Şəhidi Səbuhi Babək oğlu Hüseynlinin doğum günüdür.
Bu gün-2 may 2026-cı il tarixində Səbuhi Hüseynlinin 29 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Səbuhi Hüseynli 1997-ci ilin may ayının 2-də Xaçmaz rayonunun Maqsudkənd kəndində sadə bir ailədə dünyaya gəlib.
Ailədə iki övlad-bir bacı, bir qardaş olublar.
Balaca vaxtlarından hər ikisi də anaları Samirə xanım tərəfindən baba (ana babasının) ocağında təkbaşına, minbir çətinliklərlə böyüdülüblər.
Səbuhi 2003-2009-cu illərdə Xaçmaz rayon Maqsudkənd kənd Ömər Ayatov adına tam orta məktəbdə təhsil alıb.
2009-2014-cü illərdə Xudat şəhər 4 saylı Texniki Fənnlər Təmayüllü Məktəb-Liseydə təhsilini davam etdirib.
2015-2016-cı illərdə həqiq hərbi xidmətdə olub, Aprel döyüşlərində iştirak edib.
Hərbi xidmətdən sonra evinə, ailəsinə dönüb.
Ailə həyatı qurub, 2019-cu ilin iyun ayın 27-də bir övladı-Babəki dünyaya gəlib.
Sonra yenidən həyatını hərb, Ordu ilə bağlayıb, MAXE kimi fəaliyyət göstərib.
İkinci Vətən Müharibəsində də hərbçi-MAXE kimi iştirak edib.
Füzuli, Cəbrayıl və Xocavənd-Şuşa istiqamətlərində döyüşüb.
Oktyabr ayının 27-də isə Xocavənd-Qırmızı Bazar istiqamətində qanlı döyüşlərdən birində ağır şəkildə yaralanıb, 6 ay komada qalıb.
Ancaq həkimlərin bütün cəhdlərinə, səylərinə baxmayaraq, Onun həyatını xilas etmək mümkün olmayıb.
2021-ci ilin aprelin 15-də Şəhadətə, Şəhidliyə qovuşub.
Nəşi 16 aprel tarixində doğulduğu Maqsudkənd kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra dörd medalla- “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin ailəsi, hazırda Bakı şəhərində-yataqxanada yaşayan Şəhidin anası isə Səbuhi Hüseynlinin həm də “Füzulinin azad olunmasına görə” medalı və ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.
Dayısı Rəşadın oğluna Onun-Səbuhi Hüseynlinin adı verilib.
Məkanı cənnətlik, Cənnətdəki beşinci doğum günü mübarək olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





