Anası tərəfindən təkbaşına böyüdülmüş tək və subay övlad Emin İsmayılovun Cənnətdəki beşinci doğum günü məzarı ziyarət olundu-QOCALAR EVİNDƏ TƏDBİR DÜZƏNLƏNDİ, ADINA EHSAN VERİLDİ… – FOTOLAR – YENİLƏNİB – (2)

Bakı şəhərinin Nəsimi rayonunun (həm də Cəbrayıl rayonunun) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Emin Tahir oğlu İsmayılovun doğum günüdür.

Emin İsmayılovun bu gün-21 may 2025-ci il tarixində 24 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, bu gün səhər saatlarında Şəhidin Cənnətdəki beşinci doğum günü ilə bağlı İkinci Fəxri Xiyabanda məzarı ziyarət olunub.

Məzarı üzərinə əklil qoyulub, gül dəstələri düzülüb.

 “Quran” oxunub, ruhuna dualar edilib, məzarı başında qısa çıxışlar olunub.

Şəhidin doğmalarına-anası Məlahət İsmayılovaya Allahdan səbr və dözün arzulanıb, Cənnətdəki beşinci doğum günü təbrik olunub.

Şəhidin məzarını 1 saatdan çox yaxın çəkən ziyarətdən sonra Cənnətdəki beşinci doğum günü ilə bağlı Nardaran-Bilgəh istiqamətində yerləşən Qocalar evində tədbir düzənlənib.

Şəhid anası Məlahət xanımın istəyi və təşəbbüsü ilə keçirilən tədbirdə Qocalar evində məskunlaşan ahıl insanlarla bir araya gəlinib.

Tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra jurnalist Mərahim Nəsibin aparıcılıq etdiyi görüş-təbdirdə Emin İsmayılovun 19 illik qısa, lakin şərəfli ömür və döyüş yolundan, İgidliyi və Qəhrəmanlığından, Vətənpərvərliyindən söz açılıb.

Bir daha çıxışlar olunub, Vətənə, Şəhid Emin İsmayılova, Şəhidlərə həsr olunmuş olunmuş şeir və mahnılar səsləndirilib.

Tanınmış bəstəkar və ifaçı, hər zaman Şəhid ailələrinin yanında olan Ruslan Səfəroğlunun, sevilən sənətçi, Əməkdar artist Firuzə İbadovanın, xanəndə Babək Şuşalının, gənc ifaçı Nurlan Ordubadlının gözəl ifaları tədbir iştirakçılarını kövrəldib, duyğulandırıb, təsirləndirib.

Eyni zamanda, şən musiqi sədaları altında tədbir iştirakçıları-xüsusilə, Qocalar evinin sakinləri əl qaldırıb oynayıb, rəqs ediblər.

Tədbirin sonunda Emin İsmayılovun Cənnətdəki beşinci doğum günü ilə bağlı hazırlanmış tortlar kəsilib, xatirə fotoları çəkdirilib.

İki saata yaxın davam edən tədbirdən sonra “Grand Palace”də Şəhidin Cənnətdəki beşinci doğum günü ilə bağlı ehsan məclisi düzənlənib, bir daha ruhuna dualar olunub, bir daha tort kəsilib və xatirə fotoları çəkdirilib.

Şəhidin məzarını ziyarətdə, Cənnətdəki beçinci doğum günü ilə bağlı tədbirdə, eləcə də ehsan məclisində anası Məlahət İsmayılova daxil olmaqla, doğmaları, deputat Vüqar İsgəndərov, millət vəkili Ceyhun Məmmədovun köməkçisi Rəşad Quliyev, müxtəlif bölgələrdən olan Şəhid ailələri, Qazilər, ziyalılar, sənətçilər, iş adamları, xeyriyyəçilər və digər şəxslər iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, əslən Cəbrayıllı olan Emin İsmayılov 2001-ci ilin mayın 21-də Bakı şəhərinin Nəsimi rayonunda dünyaya gəlib..

Evin tək övladı, tək oğlu olub.

Anası Məlahət xanım tərəfindən təkbaşına böyüdülüb.

2007-2018-ci illərdə orta məktəbdə oxuyub.

Orta məktəbi bitirdikdən, 18 yaşının tamamından sonra-2019-cu ilin yayında həqiqi hərbi xidmətə yollanıb, Goranboy istiqamətindəki hərbi hissələlərdən birində hərbi qulluğa başlayıb.

İkinci Vətən Müharibəsində də Azərbaycan Ordusunun Əsgəri kimi iştirak edib.

Sonuncu dəfə isə anası Məlahət xanımla sentyabrın 30-da danışıb.

Oktyabrın 6-da isə Kəlbəcər istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq nəşini bir ay 21 gün sonra-noyabr ayının 27-də əldə etmək mümükün olub və İkinci Fəxri Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

Anası Məlahət İsmayılova isə övladının eyni zamanda, ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.

19 yaşında Şəhidlik məqamına ucalan Emin həm də subay olub.

Məkanı cənnətlik, Cənnətdəki beşinci doğum günü, 24 yaşı mübarək olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

***

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək…”-AZƏRBAYCAN PREZİDENTİ – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

Tom Kruzdan Bakıdakı izləyicilərinə-TƏCİLİ MESAJ! – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir