Anası tərəfindən minbir çətinliklə və təkbaşına böyüdülən, Gəncədə ev adına uçuq-salxaq daxmada yaşayan, 40 günlük döyüş yolu keçən-4 MEDALLI ŞƏHİD MÖHLƏT ABBASOV – ŞƏHİD AİLƏSİNƏ-ANASINA QARŞI LAQEYDLİYƏ, BİGANƏLİYƏ SON QOYULACAQMI, GEC DƏ OLSA, ONLAR HAQQ ETDİKLƏRİ MƏNZİLLƏ TƏMİN EDİLƏCƏKLƏRMİ? – FOTOLAR

Möhlət Eldəniz oğlu Abbasov…

Əslən Daşkəsən-Tovuzlu, özü isə Gəncə şəhərində, “Sevinc” qəsəbəsində yaşamış İkinci Vətən Müharibəsi Şəhidi…

Valideynləri 2006-cı ildə qeyri-rəsmi, 2010-cu ildə isə rəsmi şəkildə ayrıldıqdan sonra anası Qönçə Cəfərova tərəfindən zor şərtlər altında, minbir əzab-əziyyətlərlə, kasıbşılıqla böyümüş-böyüdülmüş Vətən sevdalısı, Nur üzlü Şəhidimiz…

Cəmi 19 yaşında Vətən yolunda canını fəda etmiş İgidimiz, Qəhrəmanız…

Möhlət 2001-ci ilin martın 19-da anadan olsa da, hər il ad günü martın 20-də qeyd olunub…

Ailədə iki övlad, iki qardaş olublar…

2018-ci ildə orta məktəbi bitirdikdən bir müddət sonra-2019-cu ilin aprelində həqiqi hərbi xidmətə, Əsgərliyə yollanıb…

Əsgərliyinin başa çatmasına 3 gün qalmış isə İkinci Vətən Müharibəsi başlayıb və Azərbaycan Ordusunun Əsgəri kimi döyüşlərə qatılıb…

40 günlük-Füzulidən Xocavəndə, Xocavənddən Daşaltıyacan uzun və şərəfli döyüş yolu keçib…

Müharibənin başa çatmasına cəmi 4 gün qalmış, noyabrın 6-da Daşaltı istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Nəşi Daşkəsən rayon Şəhidlər Xiyabanında dəfn olunub…

Şəhidliyindən sonra 4 medalla- “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub… 

O, həm də subay idi…

Tək qardaşı isə hazırda Türkiyə ali məktəblərindən birində təhsil alır…

***

Bu gün Möhlətin Əbədiyyətə uğurlanmasının ikinci ili, Anım Günü idi…

Onun Əbədiyyətə uğurlanmasından, torpağa tapşırılmasından iki il keçirdi, iki il keçdi…

Goranboylu və Bərdəli Şəhid ailələri ilə bu gün-günorta saatlarında Şəhidin anasını ziyarət etdik, Anım mərasiminə qatıldıq…

Şəhidin anasına başsağlığı verdik, Allahdan səbr və dözüm arzuladıq, “Şəhidimizin məkanı cənnətlik, məqamı Uca olsun!”-dedik…

Ruhu qarşısında baş əydiyimizi bildirdik…

Söhbətləşdik, dərdləşdik və təxminən bir saatlıq ziyarətimizdən sonra sağollaşıb ayrıldıq…

***

Qeyd etdiyim kimi, 2010-cu ildə valideynləri rəsmən ayrıldıqdan sonra (əslində isə 2006-cı ildən) Möhlətə və qardaşına anaları-əslən Daşkəsənli Qönçə xanım baxıb, onlara həm analıq, həm də atalıq edib…

Əvvəlcə Gəncədə “budka”da, sonra isə “Sevinc” qəsəbəsində “ev” adına komada, daxmada yaşayıblar-qeydiyyatsız…

Bir otaqdan ibarət daxmada həm yeyiblər, həm də yatıblar…

Zor şərtlər altında, yarıac, yarıtox, kasıbçılıqla…

Və çox təəssüflər olsun ki, Möhlətin Şəhidliyindən keçən iki il ərzində də dəyişən heç yoxdur…

Necə deyərlər, köhnə hamam, köhnə tas…

Şəhidin anası və tək qardaşı uçuq-salxaq daxmada yaşamaqda, ömür çürütməkdədirlər…

Nə Daşkəsən, nə Gəncə rəhbərliyinin, nə də Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyinin Şəhidin yaşadığı “ev”in təmir edilməsi, səliqəli hala salınması və ya onun yerində təzə-şəraitli mənzilin tikilməsi istiqamətində heç bir addımı, hərəkəti yoxdur…

Sadəcə, Sosial Xidmətlər Agentliyi tərəfindən bir müddət öncə Şəhidin ailəsinə-anası Qönçə xanıma Samuxun Seyidlər kəndində yerlşəşən çoxmərtəbəli binalardan birində 1 otaqlı mənzil təklif edilib və Şəhidin anası da haqlı olaraq, ondan imtina edib…

Odur ki, nəhayət, Şəhidin Acılı, Dərdli, Yaralı ailəsinə-Qönçə xanıma Haqq etdikləri münasibət göstərilməli, onlara qarşı laqeydliyə, biganəliyə, məsuliyyətsizliyə son qoyulmalıdır…

Şəhidin anası və tək qardaşı şəraitli mənzillə, özü də Gəncə şəhərində, təmin edilməlidir…

Artıq söz, vəd yox, konkret addım, əməl vaxtıdır…

Yoldaşlar, cənablar məsuliyyətinizi dərk edin və borcunuzu, vəzifənizi yerinə yetirin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ali təhsilli peşəkar hərbçi, Mayor, 3 övladı Vətənə əmanət qalmış-GORANBOYLU ŞƏHİD ƏLÖVSƏT MƏMMƏDOVUN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN İKİ İL KEÇDİ, ŞƏHİDİN ANASINA “VƏTƏN NAMİNƏ” TƏŞKİLATININ “ŞƏHİD ANASI” MEDALI TƏQDİM EDİLDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Üçtərəfli Bəyanatın imzalanmasından-2 İL ÖTÜR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir