Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün-1 oktyabr 2024-cü il tarixində Anım günləri olan İkinci Vətən Müharibəsi Şəhidləri – Bakılı, ali-hərbi təhsilli, Mayor, üç övladı Vətənə əmanət qalan İlkin Əhədzadə və Gəncəli, evin-ailənin tək və subay övladı, Azərbaycan Ordusunun Əsgəri Ramal Məmmədovun məzarları ziyarət olunub.
İkinci Şəhidlər Xiyabanında uyuyan İlkin Əhəzadə və Lökbatan Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanan Ramal Məmmədovun məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.
Hər iki Şəhidin ruhlarına dualar edilib, “Quran” oxunub.
Ailələrinə, valideynlərinə, doğmalarına Allahdan səbr və dözüm arzulanıb.
Etikxeber.az xəbər verir ki, hər iki Şəhidin məzarını ziyarətdən sonra ayrı-ayrı ünvanlarda Anım mərasimləri düzənlənib, adlarına ehsan süfrəsi açılıb.
Belə ki, İkinci Şəhidlər Xiyabanında İlkin Əhədzadənin Anım mərasimi keçirilib və mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, Şəhidlə bağlı videoçarx nümayiş etdirilib.
Eyni zamanda, bir daha Şəhidin ruhuna dualar edilib.
Daha sonra Anım Günü ilə bağlı məclis Şəhidin ailəsinin Badamdar qəsəbəsində yaşadığı evdə davam etdirilib.
Lökbatan qəsəbəsində yerləşən “Qaradağ” şadlıq sarayında isə Ramal Məmmədovun Anım mərasimi olub.
Anım mərasimində bir daha “Quran” oxunub, bir daha Şəhidin ruhuna dualar olunub, mərsiyələr səsləndirilib.
Həmçinin, xatirə fotoları çəkdirilib.
Adları çəkilən Şəhidlərin məzarlarını ziyarətdə və Anım mərasimlərində ailə üzvləri, valideynləri, Səbail, Qaradağ rayonlarından və başqa bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, millət vəkilləri Aydın Hüseynov və Səbinə Xasayeva, o cümlədən Mikayıl Süleymanov və Vüqar Zeynalov başda olmaqla, Qaradağ və Səbail rayon İcra hakimiyyətlərinin rəhbər və məsul şəxsləri, din xadimləri iştirak ediblər.
***
FOTOLAR:
***
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az