Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
13 iyun 2024-cü il tarixində daha bir Vətən sevdalımızla, daha bir Qazimizlə bir araya gəldim…
Daha bir İgidimizlə, daha bir Qəhrəmanımızla tanış oldum…
Vətəni yolunda bir gözünü qurban vermiş 30 yaşlı peşəkar hərbçi İlkin İlyas oğlu Kərimli ilə söhbətləşdim, hal-əhvallaşdım…
Qazimizlə Biləsuvarın Əsgərabad kəndinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Turan Əliyevin bacısı oğlu Tunar Məmmədovun “Zirvə” şadlıq sarayında baş tutan kiçik toy mərasimində tanışlıq imkanı əldə etdim…
Qazimiz Şəhid Turanla eyni kənddən-Biləsuvarın Əsgərabad kəndindəndir…
1994-cü ilin 11 yanvar tarixində sadə bir ailədə dünyaya gəlib…
Ailənin üç övladından biri, evin tək oğlu, iki bacının tək qardaşıdır…
2000-2011-ci illərdə orta məktəbdə oxuyub, 18 yaşının tamamında isə Əsgərliyə, həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb…
Əsgərliyini başa vurduqdan sonra yenidən evinə, ailəsinə dönüb…
Bir müddət sonra, 2017-ci ildə isə həyatını yenidən Ordu, hərb ilə bağlayıb…
Hazırda da Azərbaycan Ordusunun peşəkar hərbçisi, Giziridir…
Bir peşəkar hərbçi və bir Vətən sevdalısı kimi İkinci Vətən Müharibəsinə, eləcə də tarixi Qələbəmizdən sonra keçirilən bir neçə əməliyyata qatılıb…
İkinci Vətən Müharibəsi zamanı kəllə-beyin travması, müxtəlif nahiyələrindən zədələr alıb…
Amma yenə də müharibədə iştirakına, Orduda xidmətinə davam edib…
Və sonuncu-2023-cü ilin 23 saatlıq antiterror əməliyyatı zamanı-sentyabrın 20-də Ağdərə istiqamətində ölümcül yaralanıb, sağ gözü və ağız, çənə nahiyəsindən ağır yaralanıb…
Vətən yolunda sağ gözünü qurban verib…
Uzun müddət müalicə və müayinələrdən, sayı-hesabı bilinməyən əməliyyatlardan keçib…
Hələ qarşıda 3 əməliyyatı durur…
İgidliyinə, Qəhrəmanlığına görə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub…
İlkin həm də bir neçə ildir ailəlidir…
İki övlad-bir qız və bir oğlan atasıdır…
Oğlunun adı Ümid, qızının adı isə Mələkdir…
***
Tanışlıq, söhbət zamanı İlkin də daxil olmaqla, cəmi Qazilərimizə, Vətən sevdalılarımıza can sağlığı, uzun ömür, xoşbəxtlik, firavanlıq arzuladım…
Eyni zamanda, onlara-Qazilərimizə, Vətən sevdalılarımıza bir ömür boyu borclu olduğumuzu bildirdim…
Sadə, səmimi, təvazökar, vətənpərvər insan olan Vətən sevdalımızı-İlkin Kərimlini və gözəl ailəsini Allah qorusun!
Allah tezliklə şəfasını versin və sağlamlığına qovuşdursun!
Amin!
***
FOTOLAR:




Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





