Antiterror Şəhidləri-Devid Cəlilov, Qasim Məmmədhəsənov, Gökhan Səfərov, Tural Əliyev, Cavid Əliyev, Mirpaşa Mehdizadə…21 SENTYABR 2024-CÜ İL TARİXİNDƏ ANIM GÜNLƏRİDİR…

Bu gün daha bir neçə Antiterror Şəhidinin Anım Günüdür.

21 sentyabr 2024-cü il tarixində-səhər saatlarında Antiterror Şəhidlərindən Devid Cəlilovun Xaçmaz rayonunun Xudat qəbiristanlığındakı, Qasim Məmmədhəsənovun Sabirabad rayonunun Qaraqaşlı kənd qəbiristanlığındakı, Gökhan Səfərovla Cavid Əliyevin Mingəçevir Şəhidlər Xiyabanındakı, Mirpaşa Mehdizadənin Bərdənin Qəhrəmanlı kənd qəbiristanlığındakı, Tural Əliyevin isə Ağdamın Quzanlı qəsəbə Şəhidlər Xiyabanındakı məzarları ziyarət olunacaq.

Adları çəkilən Antiterror Şəhidlərinin məzarları üzərinə gül dəstələri düzüləcək, ruhlarına dualar olunacaq, qısa çıxışlar ediləcək, “Quran” oxunacaq və məzarlarını ziyarətdən sonra ayrı-ayrılıqda hər birinin Anım mərasimləri keçiriləcək, adlarına ehsan süfrəsi açılacaq.

Etikxeber.az xəbər verir ki, Devid Rauf oğlu (Raufoviç) Cəlilov 2004-cü ilin 29 fevral tarixində Xaçmaz rayonunun Xudat bölgəsində, sadə bir ailədə dünyaya gəlib.

Ailənin üç övladından biri, evin tək oğlu, iki bacının tək qardaşı olub.

Bacılarından biri hazırda ailəli, digər isə subaydır.

2010-2021-ci illərdə Xudatda yerləşən 3 saylı tam orta məktəbdə oxuyub.

Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan bir müddətdən sonra, 2022-ci ilin aprel ayında həqiqi hərbi xidmətə, Əsgərliyə yollanıb, əvvəlcə Gəncədə, sonra Goranboyda “N” saylı hərbi hissədə xidmət edib.

Əsgərliyinin bitməsinə cəmi 11 gün qalmış-2020-ci ilin 19 sentyabr tarixində isə Azərbaycan Ordusunun Əsgəri kimi 23 saatlıq tarixi antiterror əməliyyatlarına qatılıb və sentyabrın 20-də Ağdərə istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi bir gün sonra, 21 sentyabr tarixində Xudat qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Xaçmazın 11, Xudatın isə 3 Antiterror Şəhidindən biridir.

Şəhidliyindən sonra “Vətən uğrunda” medalı 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

19 yaşında Şəhidlik məqamına ucalan Devid subay olub.

***

Əslən Ağdamlı Gökhan Səfərov 2005-ci ilin mart ayının 20-də, Novruz bayramında- Mingəçevir şəhərində, sadə bir ailədə dünyaya göz açıb.

Ailənin üç oğlan övladından biri, evin sonbeşiyi olub.

Böyük qardaşı hazırda ailəlidir.

2011-2022-ci illərdə orta məktəbdə oxuyub.

2023-cü ilin aprel ayında Əsgərliyə yollanıb, Qusar rayonunda “N” saylı hərbi hissədə xidmət etməyə başlayıb.

O da 2023-cü ilin sentyabr ayının 19-da-23 saatlıq antiterror əməliyyatı zamanı, cəmi 18 yaşında qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlib.

Nəşi sentyabrın 21-də Mingəçevir şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Gökhan Mingəçevirin 5 antiterror Şəhidindən biridir.

Şəhidliyindən sonra “Vətən uğrunda” medalı  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

18 yaşlı Gökhan da subay olub.

***

Cavid Əliyev isə 2004-cü ilin 18 mart tarixində Mingəçevir şəhərində-sadə bir ailədə dünyaya gəlib.

Ailənin üç oğlan övladından biri, evin ortancıl oğlu olub.

Orta məktəbi Mingəçevir şəhərində, sonra bir müddət Bakı şəhərində oxuyub, 9 illik təhsil alıb.

2022-ci ilin aprelində həqiqi hərbi xidmətə yollanıb, Qubadlı istiqamətində qulluq edib.

Əsgərliyinin bitməsinə 11 gün qalmış, 2023-cü ilin sentyabr ayının 19-da-23 saatlıq antiterror əməliyyatı zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi sentyabrın 21-də Mingəçevir şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Cavid də Devid və Gökhan kimi subay olub.

***

Valideynləri əslən Ağdam rayonunun Qiyaslı kəndindən və 1993-cü ildən məcburi köçkün olan Tural Əliyev 1999-cu ilin payızında, oktyabr ayının 22-də Bərdə rayonunun Alaçadırlı kəndində kasıb bir ailədə dünyaya gəlib.

2022-ci ilin avqustunda atasını itirib.

Ailənin üç övladından, iki qardaşdan biri, evin ortancıl oğlu idi.

Orta təhsilini 2005-2016-cı illərdə Alaçadırlıda alıb.

Orta məktəbi bitirdikdən bir müddət sonra Əsgərliyə yollanıb və həqiqi hərbi xidmətini başa vurduqdan sonra yenidən ailəsinə, evinə dönüb.

İşləyib, çalışıb ailəsinə kömək edib.

2023-cü ilin əvvəllərindən həyatını yenidən Ordu, hərb ilə bağlamaq qərarı verib, kurs bitirib və Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərməyə başlayıb.

Axırıncı dəfə ailəsi, anası Validə xanımla sentyabrın 19-u günü danışıb, deyib ki, narahat olmayın, hər şey yaxşılıqdır…

Və bir gün sonra-20 sentyabr tarixində Ağdərə istiqamətində Şəhidlik məqamına ucalıb.

Nəşi də bir gün sonra-21 sentyabr tarixində Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb.

Tural da digər üç Şəhid kimi subay idi.

***

Mirpaşa Mehdizadə 1999-cu ilin dekabr ayının 4-də Bərdə rayonunun Qayalı kəndində dünyaya gəlib.

Ailənin üç övladından, iki qardaşdan biri olub.

Orta təhsilini Qayalı kənd orta məktəbində aldıqdan bir müddət sonra Əsgərliyə yollanıb, Naxçıvan Muxtar Respublikasında (NMR) yerləşən “N” saylı hərbi hissələrdən birində xidmət edib.

Həqiqi hərbi xidmətini başa vurduqdan sonra isə yenidən həyatını Ordu, hərb ilə bağlayıb, 2020-2023-cü illərdə Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib.

Bir müddət öncə müqavilə müddəti başa çatsa da, yenidən Orduda fəaliyyətini davam etdirib.

İkinci Vətən Müharibəsində və ötən ilin 12-13 sentyabr döyüşlərində iştirak edib, İkinci Qarabağ Savaşı zamanı Ağdərə-Suqovuşan istiqamətində ağır yaralanıb, kəllə-beyin travması alıb, Saatlı rayon Mərkəzi Xəstəxanasında, Şəmkir hospitalında bir aya yaxın müalicə-müayinə alıb, oktyabr ayının sonlarında yenidən müharibəyə-döyüşlərə qatılıb.

Müharibədən sonra bir neçə medalla təltif olunub.

Mirpaşa da ötən ilin sentyabrın 19-da lokal xarakterli antiterror əməliyyatına qatılıb və ayın 19-dan 20-nə keçən gecə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi ayın 21-də Qəhrəmanlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra daha bir medal və ordenlə təltif olunub.

O da subay idi.

***

Qasim Məmmədhəsənov 2001-ci ilin dekabr ayının 18-də Sabirabad rayonunun Qaraqaşlı kəndində-ziyalı ailəsində dünyaya gəlib.

Atası Birinci Vətən Müharibəsi iştirakçısı, 49 yaşlı Bilal Məmmədhəsənov Texniki Universiteti bitirib, ali təhsillidir.

Qasim ailənin üç övladından, iki qardaşdan biri və evin böyük oğlu olub.

2007-2018-ci illərdə Qaraqaşlı kənd tam orta məktəbində təhsil alıb.

2018-2022-ci illərdə UNEC-də, Azərbaycan Dövlət İqtisad Universitetində oxuyub.

2022-ci ilin yayında, iyul ayında həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb.

Şuşa istiqamətində yerləşən “N” saylı hərbi hissədə qulluq edib.

23 saatlıq antiterror əməliyyatı zamanı Xocalı istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi 21 sentyabr 2023-cü il tarixində Qaraqaşlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

22 yaşında Şəhidlik məqamına ucalan Qasim də subay olub.

Məkanları cənnətlik, məqamları Uca olsun!

Nurlar içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bu gün Anım Günü olan-CƏMİ 19 YAŞLI ŞƏMKİRLİ ANTİTERROR ŞƏHİDİ ƏHMƏD ZAMANLI… MƏZARI ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

Kasıb ailənin üç övladından biri, subay, altı medal və bir ordenli, peşəkar hərbçi, qardaşı Qazi, özü isə İkinci Vətən Müharibəsi və “Qisas” əməliyyatı iştirakçısı-BEYLƏQANLI ANTİTERROR ƏMƏLİYYATI ŞƏHİDİ FƏTİ FƏTİZADƏ…ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, OCAĞINDA ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir