Antiterror Şəhidləri-Mikayıl Həmidli, Hüseyn Nəsibov, Şəhriyar Əliyev…SABAH ANIM GÜNLƏRİDİR…

Sabah-19 sentyabr 2024-cü il tarixində 23 saatlıq lokal xarakterli antiterror əməliyyatının bir ili tamam olur.

Sabahdan-19 sentyabrdan etibarən Antiterror Şəhidlərinin Anım günləri başlayır.

Sabah bir neçə Antiterror əməliyyatı Şəhidinin, o cümlədən Mikayıl Vüqar oğlu Həmidli, Hüseyn Əfqan oğlu Nəsibov və Şəhriyar Bəxtiyar oğlu Əliyevin Anım günləridir.

Etikxeber.az xəbər verir ki, sabah səhər saatlarında Mikayıl Həmidlinin İkinci Şəhidlər Xiyabanında, Hüseyn Nəsibovun Goranboy rayon Qızılhacılı qəsəbə (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında, Şəhriyar Əliyevin isə Bakıxanov Şəhidlər Xiyabanındakı məzarları ziyarət olunacaq.

Şəhidlərin məzarları üzərinə gül dəstələri düzüləcək, əklillər qoyulacaq, ruhlarına dualar ediləcək, “Quran” oxunacaq, məzarları önündə qısa çıxışlar ediləcək.

Şəhidlərin məzarlarını ziyarətdən sonra Mikayıl Həmidlinin Binəqədi rayonunda yerləşən “Dərnəgül” mərasim evində, Hüseyn Nəsibovun ailəsinin yaşadığı evdə-Qızılhacılı qəsəbəsində, Şəhriyar Əliyevin isə Sabunçuda yerləşən “Şah Dərgahı” mərasim evində Anım mərasimləri keçiriləcək, adlarına ehsan süfrələri açılacaq.

Anım mərasimlərində Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq, Dövlət himni səsləndiriləcək, bir daha çıxışlar ediləcək.

Şəhidlərin məzarlarını ziyarətdə və Anım mərasimlərində ailə üzvləri, doğmaları, Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, ziyalılar, məktəblilər, müvafiq İcra hakimiyyətlərinin rəhbər və məsul şəxsləri iştirak edəcəklər.

***

ŞƏHİDLİYİNDƏN SONRA ÖVLADI DÜNYAYA GƏLƏN MİKAYIL HƏMİDLİ…

Qeyd edək ki, Mikayıl Həmidli 28 dekabr 1998-ci il tarixində Masallı rayonunun Ərkivan kəndində dünyaya gəlib.

Ailənin iki övladından biri, evin tək oğlu və tək bacının tək qardaşı olub.

2003-cü ilin noyabr ayında ailəsi ilə birlikdə Rusiya Federasiyasının Verhnyaya Pışma şəhərinə köçüb və 2005-ci ildə həmin şəhərdə təhsilə başlayıb.

2006-cı ildə ailəsi ilə birlikdə yenidən Azərbaycana qayıdıb və həmin ildən Bakı şəhərində yerləşən 83 nömrəli məktəb-liseydə təhsilini davam etdirib.

2017-ci ildə həqiqi hərbi xidmətə yollanan Mikayıl Həmidli 2018-ci ilin avqust ayından müddətdən artıq xidmət edən hərbi qulluqçu-MAXE kimi Vətənə xidmət etməyə başlayıb.

2020-ci ildə Gizir, 3 fevral 2023-cü ildə isə Kiçik leytenant hərbi rütbələrinə layiq görülüb.

İkinci Qarabağ müharibəsində iştirak edib, Suqovuşan, Talış, Füzuli istiqamətlərində gedən döyüşlərə qatılıb.

İkinci Vətən Müharibəsindən sonra “Suqovuşanın azad olunmasına görə” “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

19-20 sentyabr 2023-ci il tarixində həyata keçirilən antiterror əməliyyatı zamanı Papravənd istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi 20 sentyabr 2023-cü il tarixində İkinci Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Şəhidliyindən öncə Leyla adlı qızla ailə həyatı qurub və Şəhidliyindən bir ay sonra Davud adlı oğlan övladı dünyaya gəlib.

Davudu ailəsinə, Vətənə əmanət qalıb.

***

AİLƏNİN ÜÇ ÖVLADINDAN BİRİ, AZƏRBAYCAN ORDUSUNUN ƏSGƏRİ HÜSEYN NƏSİBOV…

Goranboy rayonunun Qızılhacılı qəsəbəsindən olan Hüseyn Nəsibov 2004-cü ilin noyabr ayının 7-də dünyaya gəlib.

Ailənin üç övladından, iki qardaşdan biri, evin ortancıl uşağı olub.

Bacısı hazırda ailələdir.

Kiçik qardaşı Nurlan Nəsibov isə orta məktəb şagirdidir.

2011-2022-ci illərdə Qızılhacılı qəsəbə 2 saylı tam orta məktəbdə təhsil alıb.

Orta məktəbi bitirdikdən sonra-2023-cü ilin aprelində isə Əsgərliyə yollanıb.

Əvvəlcə Gəncə, sonra Şuşa şəhəri istiqamətində yerləşən “N” saylı hərbi hissədə xidmətə başlayıb.

Hüseyn də Azərbaycan Ordusunun Əsgəri kimi 19 sentyabr 2023-cü il tarixində qanlı döyüşlər zamanı Şuşa-Xankəndi istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi 20 sentyabr tarixində Qızılhacılı qəsəbə qəbiristanlığındakı Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Onu da qeyd edək ki, Hüseyn Nəsibov Qızılhacılı qəsəbəsinin sonuncu iki Şəhidindən biridir.

Hüseyn həm də subay olub.

Qızılhacılı qəsəbəsində adını daşıyan küçə var.

***

ANA VƏ QARDAŞINI İLLƏR ÖNCƏ İTİRƏN, NİŞANINA HAZIRLAŞAN ŞƏHRİYAR ƏLİYEV…

Əslən Astara rayonunun Şiyəkəran kəndindən olan Şəhriyar Bəxtiyar oğlu Əliyev isə 1997-ci ilin 5 avqust tarixində Bakı şəhərinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsində dünyaya gəlib.

Sonra-2000-ci ildə ailəsi ilə birlikdə Zabrat qəsəbəsinə köçüblər.

Ailənin üç övladından, iki qardaşdan biri, evin sonbeşiyi olub.

Şəhriyar 2003-2014-cü illərdə Zabrat qəsəbəsində yerləşən 307 saylı tam orta məktəbdə oxuyub.

1978-ci il təvəllüdlü, üç övlad-iki oğlan və bir qız anası olan bacısı Sənubər xanım və iki övlad-bir qız və bir oğlan atası olan mərhum qardaşı Ümüd Əliyev isə Bakıxanov qəsəbəsində yerləşən 252 saylı tam orta məktəbdə oxuyublar.

Orta məktəbi bitirdikdən sonra-2014-cü ildə Azərbaycan Texniki Universitetinə (AzTU) daxil olub və 2018-ci ildə ali təhsilini (bakalavr pilləsini) başa vurub.

Sonra magistrarurada təhsilini davam etdirib, ancaq ilyarımdan sonra təhsilini yarımçıq qoyub, həqiqi hərbi xidmətə, Əsgərliyə yollanıb, Daxili Qoşunların Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissəsində qulluq edib.

2021-ci ildə Əsgərliyini başa vuraraq, evinə dönüb, Zabitlik kursuna gedib, yenidən-2022-ci ilin iyulundan həyatınıOrdu, hərb ilə bağlayıb, Leytenant hərbi rütbəsini daşıyıb.

Azərbaycan Ordusunun peşəkar hərbçisi olan Şəhriyar axırıncı dəfə ailəsi, atası ilə 2023-cü ilin sentyabr ayının 18-dən 19-na keçən gecə danışıb.

Cəmi saatlar sonra, 2023-cü ilin 19 sentyabr tarixində isə Azərbaycan Ordusu tərəfindən həyata keçirilən lokal xarakterli antiterror əməliyyatında iştirak edib.

 sentyabrın 19-dan 20-nə keçən gecə Ağdərə istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi 20 sentyabr 2023-cü il tarixində Bakıxanov qəsəbə Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra “Vətən uğrunda” medalı  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Hazırda ailəsinin yaşadığı küçə Onun adını daşıyır.

Eyni zamanda qeyd edək ki, 2023-cü ilin sentyabrın 28-də Şəhriyarın nişanı olacaqmış…

Amma…

Məkanları cənnətlik, ruhları şad olsun!

Nurlar içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Qisas” əməliyyatı Şəhidi, Əfsanəvi Xüsusi Təyinatlı, ailənin üç hərbçi oğlan övladından biri-GORANBOYLU YUSİF QURBANOVUN ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ…- FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

Mingəçevirli Şəhid qardaşlardan İslam Əhmədovun Cənnətdəki dördüncü doğum günüdür-SABAH ONUN 30 YAŞI TAMAM OLUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir