Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Antiterror Şəhidlərindən daha bir neçəsinin Anım Günüdür.
20 sentyabr 2024-cü il tarixində Antiterror Şəhidlərindən Rasim Məmmədovun Şüvələn qəbiristanlığındakı, Səbuhi Hüseynovun Şamaxı Şəhidlər Xiyabanındakı, Ramil Rəhimovun İkinci Şəhidlər Xiyabanındakı, Əhməd Zamanlının Şəmkir rayonunun Könüllü kənd qəbiristanlığındakı, Əli Babazadənin isə Astara rayonunun Kələdəhnə qəsəbə qəbiristanlığındakı məzarları ziyarət ediləcək.
Şəhidlərin məzarları üzərinə gül dəstələri düzüləcək, əklillər qoyulacaq, ruhlarına dualar ediləcək, “Quran” oxunacaq.
Məzarlarını ziyarətdən sonra adları çəkilən Antiterror Şəhidlərinin hər birinin ayrı-ayrılıqda Anım mərasimləri düzənlənəcək, adlarına ehsan süfrəsi açılacaq.
Etikxeber.az xəbər verir ki, Rasim Oktay oğlu Məmmədov 8 oktyabr 1987-ci il tarixində Bakı şəhərinin Xətai rayonunda ziyalı ailəsində dünyaya gəlib.
Ailənin iki övladından biri, evin tək oğlu və tək bacının tək qardaşı olub.
Xətai rayonunda yerləşən 254 nömrəli tam orta məktəbdə təhsil alıb.
Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsilə yiyələnib.
Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətdə olub.
Hərbi xidmətini bitirdikdən sonra Daxili İşlər Nazirliyinin Çevik Polis Alayında xidmət edib.
2023-cü ilin 19 sentyabr tarixində növbəti qanlı erməni təxribatı nəticəsində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi 20 sentyabr tarixində Şüvələn qəsəbə qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
İllər öncə isə Nigar adlı xanımla ailə həyatı qurub, iki övladı dünyaya gəlib.
İki oğlu, iki övladı-Rüstəm və Rəsulu ailəsinə, Vətənə əmanət qalıb.
***
Əslən Şamaxılı olan Səbuhi Məhbub oğlu Hüseynov 27 mart 2002-ci tarixində Xaçmaz rayonunda dünyaya göz açıb.
Ailənin üç övladından, iki qardaşdan biri olub.
Xırdalan şəhərində yerləşən 2 saylı tam orta məktəbdə oxuyub.
Orta təhsilini bitirdikdən sonra Türkiyədə yerləşən Bilecik Şeyh Edebali Universitesinə qəbul olunub, ancaq 2-ci kursdan təhsilini dondurub və həqiqi hərbi xidmətə yollanıb.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Hüseynov Səbuhi Məhbub oğlu lokal xarakterli antiterror tədbirləri zamanı Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
Nəşi Şamaxı Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
21 yaşlı Səbuhi subay olub.
***
Əslən Ağstafalı, Göycəli kəndindən olan Ramil Rəhimov 1992-ci ilin yanvarın ayının 1-də, Yeni ilin ilk günündə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində, sadə bir ailədə dünyaya gəlib.
Ailənin üç övladından, iki qardaşdan biri və evin sonbeşiyi olub.
Hazırda ali təhsilli bacısı və ali təhsilli qardaşı ailəlidir.
1998-2007-ci illərdə Ceyranbatan qəsəbəsində yerləşən 1 saylı orta məktəbdə 9 illik təhsil alıb, 2007-2011-ci illərdə isə Bakı Dövlət Sosial İqtisad Kollecində oxuyub.
Kolleci bitirdikdən sonra, 2011-ci ilin yayında həqiqi hərbi xidmətə, Əsgərliyə yollanıb və 2013-cü ilin yanvar ayının 1-də, 21 yaşının tamamında Əsgərliyini başa vuraraq, yenidən evinə-ailəsinə dönüb
Bir neçə il sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb.
Əvvəlcə Sərhəd Qoşunlarında fəaliyyət göstərib.
Sonra-2022-ci ildən isə Müdafiə Nazirliyinin Quru Qoşunlarında Gizir kimi fəaliyyət göstərib.
Və 2023-cü ilin 19-20 sentyabr tarixində 23 saatlıq lokal xarakterli antiterror əməliyyatı zamanı Ağdərə istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Sentyabrın 20-də Şəhid olan Ramilin nəşi 23 sentyabr tarixində İkinci Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Ramil də ailəli olub, ali təhsilli əmisi qızı Türkanə ilə ailə həyatı qurub.
İlk övladı Dəniz 2020-ci ilin sentyabr ayının 18-də dünyaya gəlib.
Yağmur adını verdiyi ikinci qızı isə Şəhidliyindən 3 ay 12 gün sonra, onunla eyni gündə-1 yanvar tarixində dünyaya göz açıb.
2024-cü ilin yanvar ayının 1-də dünyaya gələn balaca-8 aylıq Yağmur ata üzünü görməyib.
***
Əhməd Azad oğlu Zamanlı 2004-cü ilin 1 iyun tarixində Şəmkir rayonunun Könüllü kəndində, sadə bir ailədə dünyaya gəlib.
Ailənin üç övladından, iki qardaşdan biri və evin sonbeşiyi olub.
Bacısı hazırda ailəlidir.
2010-2021-ci illərdə Könüllü kənd Z. Namazov adına tam orta məktəbdə oxuyub.
Orta məktəbi bitirdikdən sonra-2021-ci ildə Gəncə şəhərində yerləşən Peşə Liseyində oxuyub.
2022-ci ilin yayında isə Mingəçevir Turizm Kollecinə qəbul olunub.
Ancaq həmin vaxt-2022-ci ilin iyulunda həqiqi hərbi xidmətə, Əsgərliyə çağırıldığı üçün Kollecdə oxuya bilməyib.
Azərbaycan Orsusunun Əsgəri kimi 23 saatlıq lokal xarakterli antiterror əməliyyatlarında iştirak edib və sentyabrın 19-da Ağdamın Qalayçılar kəndi istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Nəşi 20 sentyabr tarxində Könüllü kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Qeyd edək ki, Şəhidin atası və qardaşı da müharibə iştirakçısı, müharibə veteranıdır.
Atası Azad Zamanov Birinci Qarabağ Savaşının, 2002-cü il təvəllüdlü qardaşı Murad Zamanlı isə İkinci Qarabağ Savaşının iştirsakçısı olub.
İkinci Vətən Müharibəsində Azərbaycan Ordusunun Əsgəri kimi iştirak edən Murad “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
19 yaşında Şəhidlik məqamına ucalan Əhməd də subay olub.
***
Əli Rüstəm oğlu Babazadə isə 1990-cı ilin iyul ayının 13-də Astara rayonunun Kələdəhnə qəsəbəsində dünyaya gəlib.
Ailənin dörd övladından, iki qardaşdan biri olub.
Əli Babazadə uzun illər Azərbaycan Ordusunda xidmət edib, peşəkar hərbçi, Kiçik-leytenant olub.
İkinci Vətən Müharibəsinin və digər döyüş əməliyyatlarının iştirakçılarından idi.
Ailəli, iki övlad atasıydı.
O da 2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal xarakterli 23 saatlıq antiterror əməliyyatı zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi Kələdəhnə qəsəbə qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
İstər Şəhidliyindən öncə, istərsə də Şəhidliyindən sonra sonra medallarla və ordenlə təltif olunub.
Məkanları cənnətlik, ruhları şad olsun!
Nur içində yatsınlar!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az