Aprel zəfəri Azərbaycan Ordusunun tarixi qələbəsidir – ƏLİ HƏSƏNOV

Aprelin 3-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Füzuli rayonunun Bala Bəhmənli kəndində Azərbaycan Ordusunun zabiti Elnur Əliyevin aprel döyüşləri zamanı şəhid olmasının ildönümü mərasimində iştirak etdi.

Etikxeber.az xəbər verir ki, rayon rəhbərliyinin, hərbçilərin və ictimaiyyət nümayəndələrinin də iştirak etdikləri yas mərasimində Əli Həsənov Azərbaycan Ordusunun aprel döyüşlərində qazandığı qələbədən, bu qələbənin erməni əsgərlərini təşvişə salmasından danışdı. Diqqətə çatdırıldı ki, Azərbaycan əsgərinin ötən ilin aprelində əldə etdiyi qələbə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün ordumuzun dünyanın ən güclü ordularından biri olduğunu sübut etdi. Ordumuz istənilən an düşmənə sarsıdıcı zərbə vura bilər.

Xalqımız ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının xatirəsini daim dərin hörmətlə anır. Aprel şəhidləri hərb tariximizə yeni şanlı səhifələr yazdı. Məhz bu qələbə nəticəsində bu gün Cəbrayılın Cocuq Mərcanlı kəndində geniş tikinti-quruculuq işləri aparılır.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıdan danışdı, buna görə dövlətimizin başçısına minnətdarlıq etdilər.

Daha sonra Biləsuvar rayonunda 2 saylı qəsəbədə məskunlaşmış Cəbrayılın Xudaverdilli kənd sakini, məcburi köçkün, müddətdən artıq hərbi qulluqçu, aprel şəhidi Ruhin Qəhrəmanovun məzarı ziyarət olundu.

Cəbrayıllı məcburi köçkünlərlə görüşdə çıxış edən Baş nazirin müavini bildirdi ki, dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə rəsmi şəxslər aprel şəhidlərinin ildönümü mərasimlərində iştirak edirlər. Bu, Ali Baş Komandanın aprel şəhidlərinin xatirəsinə göstərdiyi yüksək ehtiramın göstəricisidir. Əli Həsənov qeyd etdi ki, ötən ilin aprel zəfəri Azərbaycan Ordusunun tarixi qələbəsidir. Bu qələbə ordu ilə xalqın birliyini əyani sübut etdi.

Baş nazirin müavini Cocuq Mərcanlıda dövlətimizin başçısının sərəncamlarına uyğun aparılan tikinti işlərindən danışdı, bu rayondan olan məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdacaqları günü səbirsizliklə gözlədiyini dedi. Vurğuladı ki, bu gün Azərbaycanda qaçqın və məcburi köçkün ailələrinə, həmçinin şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilir.

Məcburi köçkünlər bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə etdi, dövlət tərəfindən aparılan siyasət nəticəsində tezliklə torpaqlarımızın işğaldan azad ediləcəyinə inandıqlarını dedilər.

Sonra Baş nazirin müavini, hərbçilər, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri şəhidin yaşadığı evdə ildönümü ilə bağlı keçirilən mərasimdə iştirak etdilər.

Etikxeber.az

Read Previous

Əliyev Nazarbayevi “Heydər Əliyev” ordeni ilə təltif etdi – FOTOLAR – YENİLƏNİB

Read Next

Partlayışla əlaqədar bütün versiyalar araşdırılır – PUTİN – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir