Aprelin 11-də keçiriləcək hərraca 158 dövlət əmlakı çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən aprelin 11-də keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Bu hərraca, ümumilikdə 158 dövlət əmlakı olmaqla 20 səhmdar cəmiyyət, 96 kiçik dövlət müəssisə və obyekti, 36 istifadəsiz qeyri-yaşayış sahəsi və 6 nəqliyyat vasitəsi çıxarılıb. Hərraca çıxarılan əmlaklarla http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1517 linkində tanış olmaq mümkündür.

Komitədən Etikxeber.az-a bildirilib ki, hərrac barədə informasiyalar komitənin rəsmi internet səhifəsi, Özəlləşdirmə portalı (privatization.az) və “facebook” səhifəsində yerləşdirilib. Mütəmadi yenilənən bu internet resursları vasitəsilə həm hərraca çıxarılan, həm də indiyədək hərraclarda satılmış əmlaklar haqqında məlumat almaq olar.

Hərracda əmlak sahibi olmaq istəyən vətəndaşın 2 sadə proseduru yerinə yetirməsi kifayətdir. Birinci mərhələdə komitənin elektron xidmətlər portalı vasitəsilə sifariş verilir, ikincidə isə əmlakın satış qiymətinin 10 faizi məbləğində behi ödənilməklə hərracda iştirakçı statusu qazanılır. Sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Doxsan altı kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə hərraca çıxarılıb. Belə ki, elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar paytaxtla yanaşı, Sumqayıt, Mingəçevir, Şirvan şəhəri, habelə Şəki, Saatlı, Ucar, Sabirabad, Şəmkir, Zaqatala və digər rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Bakı şəhərində yerləşən “İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Suraxanı rayon 9 saylı Stomatoloji poliklinikası”, Şirvan şəhərində yerləşən “Reduktorların təmiri sexi”, Şəmkir rayonunda yerləşən “Şəmkir Balıq Zavodu kimi müəssisələr var.

Paytaxtda hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək start qiyməti Bakı şəhəri Sabunçu rayonunda yerləşən “Yardımçı təsərrüfat”dır. Doqquz yüz min manata təklif olunan müəssisənin ümumi faydalı sahəsi 2707.3 kvadratmetr, ümumi torpaq sahəsi isə 60011 kvadradmetrdir. Regionlarda isə ən yüksək start qiyməti 990 min manata təklif olunan Balakən şəhərində yerləşən “Əmlak Kompleksi”nə aiddir. Bundan əlavə, hərraca çıxarılan start qiyməti yüksək olan əmlaklar sırasında 967 min manata paytaxtın Nizami rayonunda yerləşən “İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, 716 min manata Bakının Suraxanı rayonundakı “Suraxanı rayon 9 saylı Stomatoloji poliklinikası”, 275 min manata Sumqayıtda yerləşən “Dalğa” kiçik müəssisəsi, 485 min manata Şəkidə yerləşən “Barama Toxumu Zavodu” da var.

Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 35-i paytaxtda, 1-i isə Mingəçevir şəhərində yerləşir. Ən yüksək ilkin satış qiyməti ilə hərraca çıxarılan qeyri-yaşayış sahəsi paytaxtın Səbail rayonunda yerləşir. Belə ki, bu əmlak 600 min manat start qiyməti ilə hərraca çıxarılıb.

Budəfəki hərracda 20 səhmdar cəmiyyətin nəzarət səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb. Özəlləşdiriləcək səhmdar cəmiyyətlər məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və digər sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Azinterservis”, “Bərdə kərpic”, “Kürdəmir Kəndkimya Təchizat”, “Bərdə Yun”, “Tərtər Konserv”, “Şəki Tikinti Quraşdırma” kimi səhmdar cəmiyyətlər var.

Komitədən bildirilib ki, istənilən şəxs və ya media nümayəndəsi hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlar vasitəsilə respublikanın digər şəhər və rayonlarında keçirilən hərraclar da canlı izlənilir.

ƏMDK yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

Etikxeber.az

Read Previous

Kürdə suyun səviyyəsi azalıb – NAZİRLİK

Read Next

“Satıcılar gül dəstələrini nə üçün aldığımı bildikdə məndən pul götürmədilər”- DEPUTAT – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir