Aprelin 9-da magistratura və rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 9-da ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına, rezidenturaya qəbul imtahanının birinci mərhələsini və Azərbaycan dili (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün) imtahanlarını keçirəcək.

DİM-in mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, ərizə vermiş bakalavrlar imtahanda iştirak etmək üçün DİM-in internet saytına daxil olub “şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.

Namizədlər imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:

– Şəxsiyyəti təsdiqləyən sənədin əslini;

– “İmtahana buraxılış vərəqəsi”ni.

Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binaları yoxlanılır, zallarda abituriyentlərin rahat imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə aprelin 8-də imtahan mərkəzləri, zallar, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

Magistratura səviyyəsinə qəbul

Magistratura səviyyəsinə qəbul imtahanı respublikanın beş şəhərində – Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 39 imtahan mərkəzində aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 13:00-da başlanır.

Məlumat üçün bildirək ki, ərizələrin qəbulu internet vasitəsilə martın 10-dan 28-dək aparılıb. İmtahanda iştirak üçün 13.081 bakalavr ərizə təqdim edib. Onlardan 11.817-si Azərbaycan bölməsi, 1264 nəfəri rus bölməsi üzrə imtahan verəcəkdir. Ərizə verənlərin 5.640 nəfəri oğlan, 7.431 nəfəri isə qızlardır. Bakalavrlardan 7.281-i cari ilin, 5.800-ü isə əvvəlki illərin məzunlarıdır, 25 nəfər xarici ölkə vətəndaşıdır.

Qəbul imtahanı Bakı şəhərində 32, Gəncə şəhərində dörd, Naxçıvan, Mingəçevir və Lənkəran şəhərlərinin hər birində bir binada təşkil olunacaq. Bakıda 11.116, Naxçıvanda 346, Gəncədə 1.074, Mingəçevirdə 345, Lənkəranda 200 bakalavrın imtahan verəcəyi gözlənilir.

İmtahanın idarə olunmasına 126 imtahan rəhbəri, 1.208 nəzarətçi-müəllim cəlb olunacaq.

Rezidenturaya qəbul

Rezidenturaya qəbul imtahanı Bakı şəhərində iki binada – Azərbaycan Tibb Universitetinin I və V tədris binaları, eləcə də Naxçıvan şəhərində bir binada – Naxçıvan Dövlət Universitetinin hüquq korpusunda keçirilir və imtahan bütün binalarda eyni vaxtda – saat 13:00-da başlanır.

İmtahanda iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə martın 10-dan 28-dək aparılıb. 1.077 namizəd elektron ərizə doldurub və təsdiqləyib. Onlardan 694-ü qız, 383-ü oğlanlardır. 925 namizəd Azərbaycan bölməsinin, 152 namizəd rus bölməsinin, 471 namizəd cari ilin, 606 namizəd isə əvvəlki illərin məzunudur.

Bakı şəhərində 1.027, Naxçıvan şəhərində isə 50 namizədin imtahan verməsi nəzərdə tutulur.

İmtahanların idarə olunması üçün 14 imtahan rəhbəri, 129 zal nəzarətçisi ayrılıb.

Azərbaycan dili imtahanı

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili imtahanı Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində ümumilikdə 17 imtahan mərkəzində aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 13:00-da başlanır.

Bu imtahanda “Abituriyentin elektron ərizəsi” formasını 31 mart 23:59-dək təsdiqləmiş abituriyentlər iştirak edəcəklər. Aprelin 1-dən 10-dək elektron ərizəsini təsdiqləyən, eləcə də aprelin 9-da keçirilən imtahanda “qeyri-məqbul” qiyməti alan və ya müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər iyunun 11-də keçiriləcək növbəti Azərbaycan dili imtahanında iştirak edə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 6.151 abituriyentdən 2.991-i oğlan, 3.160-ı qızdır. Abituriyentlərdən 5.814-ü orta ümumtəhsil müəssisələrinin builki məzunu, 337-si isə əvvəlki illərin məzunlarıdır.

Bakı şəhərində 4.088 , Naxçıvanda 24 , Gəncədə 578, Sumqayıtda 363, Şəkidə 278, Bərdədə 135, Göyçayda 131, Şirvanda 92, Lənkəranda 117, Xaçmazda isə 345 abituriyentin imtahan verməsi nəzərdə tutulub.

İmtahanın idarə olunması üçün 41 imtahan rəhbəri, 457 nəzarətçi-müəllim ayrılıb.

Etikxeber.az

Read Previous

Dənizdə naməlum kişi meyiti aşkarlanıb – QƏRARGAH

Read Next

Ziya Bünyadov prospektinin bir hissəsində piyada keçidlərinin rənglənməsi işləri aparılacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir