Aqrar sığorta ilə bağlı bütün risqləri dövlət öz üzərinə götürəcək – YENİ QANUN LAYİHƏSİNİN MÜZAKİRƏSİ BAŞLANDI – YENİLƏNİB – (2)

Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin aprelin 26-da keçirilən iclasında “Aqrar sığorta haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Etikxeber.az-ın xəbərinə görə, yeni qanun layihəsi barədə məlumat verən MM-in Aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə bildirib ki, 4 fəsil və 24 maddədən ibarət adıçəkilən sənəd Kənd Təsərrüfatı və Maliyyə nazirlikləri tərəfindən hazırlanıb:

“Bildiyiniz kimi, hazırda  ölkə başçısı tərəfindən prioritet istiqamət kimi müəyyən edilmiş kənd təsərrüfatı sahəsində davamlı inkişafın və dayanıqlığın artırılması məqsədilə kompleks tədbirlər davam etdirilir. Həyata keçirilən sistemli tədbirlər sırasında fermerlərin risklərinin azaldılması və aqrar sığortanın tətbiqi ilə bağlı görülən işlər xüsusi əhəmiyyət kəsb etməkdədir. Belə ki, aqrar sığorta sisteminin təkmilləşdirilməsi ölkəmizdə idxaldan asılılığın azaldılmasına, ərzaq təhlükəsizliyinin gücləndirilməsinə və ixrac potensialının artmasına mühüm töhfə verməklə bərabər aqrar sahədə çalışan sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdıracaq, bu sahəyə biznes marağının artmasına və investisiyaların təşviqinə şərait yaradacaqdır. Aqrar sığortanın tətbiqi və inkişaf etdirilməsi Prezidentin 2016-cı il 6 dekabr tarixli (1138 nömrəli) Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına, “habelə maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritələri”ndə də öz əksini tapmışdır. Eyni zamanda “Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 11 aprel 2017-ci il tarixli (2806 nömrəli) Sərəncamının icrasının təmin edilməsi məqsədilə nəzərdə tutulan tədbirlərdən biri də effektiv, dayanıqlı və sağlam kənd təsərrüfatı sığortası mexanizminin yaradılmasıdır.

Onu da bildirirəm ki, qüvvədə olan “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Qanunun kənd təsərrüfatı sığortası mexanizmini tam şəkildə əhatə etməməsi, ölkəmizdə riskləri yüksək olan kənd təsərrüfatı sahəsində ixtisaslaşmış sığorta şirkətinin olmaması, sığorta haqqının bir hissəsinin dövlət büdcəsi hesabına ödənilən məhsullar siyahısına yalnız buğda, arpa, qarğıdalı, dən üçün günəbaxan, kartof, şəkər çuğunduru, tərəvəz (göyərti istisna olmaqla) meyvə, sitrus və üzüm bağlarının məhsullarının aid edilməsi, habelə sığorta hadisələrinin sadəcə yanğın, dolu, sel, daşqın, şaxta vurmasının təşkil etməsi və digər amillər hazırda bu sahədə sığorta mexanizminin işləməməsinə səbəb olmuşdur. Ona görə də aqrar sığorta ilə bağlı işlək mexanizmi təmin edən yeni qanun layihəsinin hazırlanmasına ehtiyac yaranmışdır. Bu məqsədlə Kənd təsərrüfatı və Maliyyə nazirlikləri, Maliyyə Bazarlarına Nəzarət Palatası və digər dövlət orqanlarının nümayəndələrindən ibarət yaradılmış birgə işçi qrupu tərəfindən dünyada mövcud olan aqrar sığorta modelləri araşdırılmış, mütərəqqi kənd təsərrüfatı sığortası sisteminə malik olan ABŞ, Kanada, İspaniya, İsrailin bu sahədə təcrübəsi öyrənilmiş, Türkiyəyə  səfər edilmişdir. Həyata keçirilən araşdırmalar və təhlillər nəticəsində Türkiyənin kənd təsərrüfatı sığortası modeli olan “Tarsim” Dövlət-Özəl Əməkdaşlıq qaydasında formalaşmış və İspaniyanın “AgroSeguro” modelinə əsaslanan, mütərəqqi kənd təsərrüfatı sığortası sisteminin Azərbaycan şəraitinə uyğunlaşdırılaraq tətbiqi nəzərdə tutulmuşdur. Bu istiqamətdə Aqrar Sığorta Fondunun təsis edilməsi ilə bağlı təkliflər, o cümlədən bu gün müzakirəsi keçirilən “Aqrar sığorta haqqında” Qanun layihəsi hazırlanmışdır. Qanun layihəsi 4 fəsil 21 maddədən ibarətdir.

I fəsil ümumi müddəalara həsr olunmuşdur. Burada qanunun məqsədləri üçün istifadə olunan anlayışlar, aqrar sığorta sahəsində dövlətin vəzifələri, sığortanın predmeti, sığorta üzrə təminat verilən risklər, sığortanın tənzimlənməsi və sığorta haqqı verilmişdir. Aqrar sığorta sahəsində dövlətin vəzifələri aqrar sığorta predmetlərini və sığorta risklərini müəyyənləşdirmək, sığorta sisteminin tətbiqinə nəzarət etmək və fasiləsizliyinin təmin edilməsinə dəstək göstərməkdir. Aqrar sığortanın predmetinə kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları, kənd təsərrüfatı heyvanları, ev quşları, arı ailələri, kənd təsərrüfatı məqsədləri ilə yetişdirilən dovşanlar, su heyvanları, dəvə, lama və dəvə quşları aid edilir. Aqrar sığorta predmetləri təbiət hadisələri, o cümlədən təbii fəlakətlər, yanğın, qəzalar, yoluxucu xəstəliklər və zəhərlənmələr, vəhşi heyvanların hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu, üçüncü şəxslərin hərəkətləri üzrə risklərin bir və ya bir neçəsindən sığortalanırlar. Bu fəsildə aqrar sığorta haqqının ödənilməsi qaydası və forması, sığorta haqqı üzrə güzəştlər və əlavələr, qismən sığorta, azadolma və gözləmə müddəti, sığorta müqaviləsinin forması, sığorta müqaviləsinin bağlanılması müddətləri və digər hallar müəyyən olunmuşdur. Qeyd olunur ki, aqrar sığorta haqqı sığortalı tərəfindən ödənilməli olan hissədən və dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissədən ibarətdir. Sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. II fəsil aqrar sığorta sisteminin subyektlərinə – Aqrar sığorta orqanına, İdarəedici quruma, müstəqil ekspertlərə, üzv aqrar sığortaçılara və aqrar sığortalıya həsr olunmuşdur.

Aqrar sığorta orqanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılır. O, aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanaqlığını təmin etmək məqsədi ilə fəaliyyət göstərir, sistemin idarəedilməsini və informasiya sisteminin aparılmasını isə  idarəedici qurum vasitəsilə həyata keçirir. İdarəedici qurumun hərəkət və hərəkətsizliyindən verilmiş şikayətlərə, həmçinin ekspertlərin bir-birindən fərqlənən rəylərinə  baxılması üçün aqrar sığorta orqanı daxilində fəaliyyət göstərən Apellyasiya Şurası yaradılır. Aqrar sığorta orqanı öz mənfəətini uzunmüddətli sığorta ehtiyatlarının formalaşdırılmasına, nizamnamə kapitalının artırılmasına, sığortalı tərəfindən ödənilməli olan növbəti sığorta haqlarının bir hissəsinin ödənilməsinə və dövlət büdcəsi vəsaiti hesabına ödənilməli olan növbəti sığorta haqlarının bir hissəsinin ödənilməsinə yönləndirir. Aqrar sığorta orqanının aktivləri və təkrarsığorta təminatı onun öhdəliklərinin yerinə yetirilməsi üçün kifayət etmədikdə əlavə maliyyə vəsaitinin cəlb edilməsi üçün aqrar sığorta orqanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. İdarəedici qurum ölkə ərazisində qeyri-həyat sığortası sahəsi üzrə fəaliyyət göstərməyə lisenziyaya malik olan hüquqi şəxslər tərəfindən açıq səhmdar cəmiyyəti təşkilati hüquqi formasında bərabər səhmlərlə yaradılır və fəaliyyət göstərir. Aqrar sığorta fəaliyyəti üzrə xidmətlərə müvafiq qaydada imtahandan keçərək sertifikat almış və reyestrə daxil edilmiş müstəqil ekspertlər cəlb edilir. Üzv aqrar sığortaçılar aqrar sığorta ilə bağlı münasibətlərdə aqrar sığorta orqanı və aqrar sığortalı arasında aqrar sığortanın tətbiqi üzrə sığorta vasitəçiliyi fəaliyyətini həyata keçirir.Aqrar sığortalı aqrar sığorta sistemi üzrə sığortalanmaq üçün üzv aqrar sığortaçılar vasitəsilə aqrar sığorta informasiya sistemində qeydiyyatdan keçir və əmlak mənafelərinin sığortalanması üçün idarəedici qurum ilə müqavilə bağlayır.

III fəsildə aqrar sığorta ilə bağlı subyektlərin hərəkətlərinin elektron qaydada aparılması, aqrar sığorta informasiya sisteminin yaradılması, müstəqil ekspertlərin müqavilə bağlanmamışdan əvvəl sığorta predmetinə baxış keçirməsi və risklərin aqrar sığorta informasiya sisteminə daxil edilməsi əks olunmuşdur. Burada aqrar sığorta haqqının bir hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinin şərtləri, sığorta hadisəsinin araşdırılması, aqrar sığorta ödənişi haqqında qərarın qəbul edilməsi və təkrarsığorta verilmişdir.Layihənin IV fəsli aqrar sığorta haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət, keçid və yekun müddəalara həsr olunmuşdur. “anun layihəsinin mahiyyətini diqqətinizə çatdırmağa çalışdıq. Hesab edirik ki, “Aqrar sığorta haqqında” qanun layihəsi birinci oxunuşun tələblərinə cavab verir və konseptual baxımdan qəbul edilə bilər”.

 

meclis-1

***

MM-in Aqrar siyasət komitəsinin eksperti Zahid Abbasov  deyib ki, sığorta şirkətləri aqrar sekorla bağlı sığorta məsələlərində o qədər də həvəsli və maraqlı görünmürdülər:

“Odur ki, yeni qanun layihəsi ilə dövlət bu məsələdə bütün risqləri öz üzərinə götütür. Bu sənədin qəbulu ilə həm də ölkədə yeni qurum-Aqrar sığorta qurumu yaradılır. Özü də bu təşkilat qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərəcək. Yəni,  aqrar sektorda sığorta ilə bağlı bütün məsələlər bu orqan tərəfindən tənzimlənəcək. Bunun özü də dövlət başçısının kənd təsərrüfatına, aqrar sektorun inkişafına göstərdiyi diqqətin növbəti bir nümunəsidir”.

***

“Aqrar sığorta haqında”qanun 2002-ci ildə qəbul olunsa da, çox təəssüf ki, 17 il ərzində işləmədi. Biz yerlərdə, rayonlarda, kəndlərdə olarkən, insanlarla görüşərkən hamı bu yöndə yeni bir sənədin qəbulu ilə maraqlanırdı. Fermerlər, kənd təsərrüfatı işçiləri sığorta məsələsinin vacibliyini bir daha dilə gətiridilər.

Bunu isə Aqrar siyasət komitəsinin sədr müavini, professor Eldar Quliyev deyib.

Eldarrrrr

O, bildirib  ki, artıq bu yöndə yeni qanun layihəsinin hazırlanması və müzakirəsi aqrar sektorun işçilərini, sahibkarları, fermerləri sevindirəcək: “Bu, onların sığorta ilə bağlı problemlərinin həllinə öz müsbət təsirini göstərəcək”.

Millət vəkili, yazıçı Hüseynbala Mirələmov bildirib ki,  müzakirəyə çıxarılan səbnəd inqilabi bir qanun  layihəsidir: “Açığı çox heyrət etdim ki, belə bir gözəl sənəd ortaya gəlib. Amma bununla belə, qanun layihəsinin dili lakonik, şirin olmalıdır. Hamı bunu başa düşməlidir. Həmçinin,  hesab edirəm ki, biz bu sənədi tez qəbul etməliyik. Onun qəbulunu sürətləndirməliyik ki, kənd təsərrüfatının inkişafına, sığorta məsələlərinə öz müsbət təsirini göstərsin”.

novruz aslan

Millət vəkili, bəstəkar Novruz Aslanov da yeni qanun layihəsinin hazırlanmasının çox əhəmiyyətli olduğunu, əvvəlki qanundan fərqli olaraq, onu işlək olacağına ümid etdiyini bildirib: “Bu, çox uğurlu bir sənəddir. Eyni zamanda, bu qanun layihəsinin qəbulu ilə kifayətlənilməmlidir, maarifləndirmə mütləq olmalıdır. Qanun qüvvəyə mindikdən sonra onun ətraflı izahatı aparılmalıdır. Çox yaxşı haldır ki, artıq bəzi kanallarda bu maarifləndirmə işləri aparılır, qəbul olunan qanunların geniş izahatı aparılır. Odur ki, bu sənədin də qəbulunudan sonra onun geniş izahatı, maarifləndirməsi aparılmalıdır”. Millət vəkili həmçinin növbəti mərhələlərdə qanun layihəsinin bir daha təkmilləşdirilməli olduğunu, bəzi maddələrin daha konkret və anlaşıqlı şəkildə yazılmasının vacibliyini söyləyib. O, qeyd edib ki, ilkin mərhələdə Aqrar sığorta orqanının qeyri-kommersiya təşkilatı kimi fəaliyyəti nəzərdə tutulsa da, ancaq gələcək dövrdə bu məsələ aradan qaldırılmalıdır. Millət vəkili eyni zamanda, bu prosesdə bütün məsələlərin elektronlaşdırılmasının vacibliyini vurğulayıb.

meclis-5

***

Saytımıza açıqlamasında adıçəkilən komitənin üzvü Eldəniz Səlimov da bir daha həmkarları kimi, adıçəkilən qanun layihəsinin müzakirələrə çıxarılmasını yüksək qiymətləndirdiyini və təqdir etdiyini bildirib.

ELDENIZ-1

Qeyd edib ki, bu yöndə fikirlərini də mətbuata açıqlayıb və bir daha həmin fikirlərinin üzərində qalaraq, hesab edir ki, aqrar sığorta məsələsi son illərdə həllini  gözləyən vacib məsələlər sırasında yer alırdı:

“Mətbuata açıqlamamda da dediyim kimi, sığorta məsələləri son illər aktuallığı ilə üzə çıxıb. Xüsusilə də, aqrar sektorda bu məsələ ilə bağlı həlli gözləyən problemlər vardı. Fermerlər, sahibkarlar bir sıra hallarda bu məsələdən əziyyət çəkirdilər. Düzdür, dövlət öz köməyini, yardımını edirdi, amma məsələ problem olaraq qalırdı. Ona görə bu qanun layihəsi, onun qəbulu, Aqrar sığorta qurumunun yaradılması bu istiqamətdə çox mühüm addımlardan və töhfələrdən biri olacaq”.

Müzakirələrə yekun vuran adıçəkilən komitənin sədri Eldar İbrahimov  qanun layihəsinin hazırlanmasında Kənd Təsərrüfatı Nazirliyinin çox böyük zəhmətinin olduğunu bildirib.

eldar-3

Vurğulayıb ki, növbəti mərhələdə adıçəkilən nazirlik və digər qurumlarla bir daha sözügedən qanun layihəsi üzərində təkmilləşdirmə işləri aparılmalıdır və aparılacaq:

“Yəni, bütün ortaya çıxan məsələlər, suallar hamısı orada çözülməli və sonda tam təkmil qanun layihəsi qəbul etməliyik. Bütövlükdə bu sənəd çox vacibdir. Bunun qəbuluna ciddi ehtiyac var. Ən əsası isə odur ki, onun işləkliyi təmin olunmalıdır. İnanıram ki, belə də olacaq”.

Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşa plenar iclas tövsiyə olunub.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Çox heyrət etdim ki…” – HÜSEYNBALA MİRƏLƏMOV – YENİLƏNİB

Read Next

“Hədəf odur ki, ilin sonuna kimi bütün fermerlər elektron kənd təsərrüfatı informasiya sistemində olsun” – NAZAİR MÜAVİNİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir