“Arşın mal alan” musiqili kinokomediyası Əddis-Əbəbədə nümayiş olundu

Azərbaycanın Efiopiyadakı səfirliyi tərəfindən bu ölkənin paytaxtı Əddis-Əbəbə şəhərinin ən böyük kinoteatrlarından biri olan “Seravit Cinema”da Azərbaycan Milli Musiqisi Günü münasibətilə dahi bəstəkar Üzeyir Hacıbəylinin əsəri əsasında çəkilən “Arşin mal alan” musiqili kinokomediyasının bərpa olunmuş variantı nümayiş etdirilib.

Etikxeber.az xəbər verir ki, filmin nümayişindən əvvəl çıxış edən səfir Elman Abdullayev 1945-ci ildə çəkilmiş “Arşın mal alan” kinokomediyasının lentlərinin rənglənməsi və bərpa edilməsinin Heydər Əliyev Fondunun təşəbbüsü əsasında ABŞ-in Los Anceles şəhərində həyata keçirildiyini bildirib. Səfir Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun ölkəmizin və dünyanın müxtəlif ölkələrində musiqi və mədəniyyətimizin təşviqi istiqamətində gördüyü işlər barədə qonaqlara məlumat verib. Vurğulayıb ki, mərhum Heydər Əliyev bu filmin bərpa edilməsini hələ 2001-ci ildə tövsiyə etmişdi.

Tədbirdə Əddis-Əbəbədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, diplomatlar, Afrika İttifaqı Komissiyasının nümayəndələri, dövlət rəsmiləri, Efiopiya Kinematoqraflar Assosiyasiyasının sədri, mədəniyyət işçiləri və Azərbaycanın təhsil müəssisələrini bitirmiş efiopiyalı məzunlar iştirak ediblər.

Filmin nümayişindən sonra qonaqlara Azərbaycanın zəngin mədəniyyəti və tarixini əks etdirən videoçarxlar nümayiş etdirilib və milli mətbəximizin təamları təqdim olunub.

Tədbir ölkənin aparıcı KİV-lərində geniş işıqlandırılıb.

Etikxeber.az

Read Previous

Neft 48 dollardan baha satılır

Read Next

Mətbuat Şurası referendumda jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqini aparacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir