“Artan büdcəmiz Azərbaycanı sosial rifah dövlətinə çevirəcək” – MİLLƏT VƏKİLİ

Kamilə ƏLİYEVA:”2020-ci ilin büdcə zərfi məhz buna hədəflənib”

Cəmi bir neçə gündən sonra parlamentdə ölkənin ən ali iqtisadi-maliyyə sənədi olan dövlət büdcəsinin müzakirələri başlayır. 2020-ci ilin büdcə müzakirələri ənənəvi olaraq öncə parlamentin müvafiq komitələrində, sonra isə Milli Məclisin plenar iclaslarında hərtərəfli müzakirələrdən keçiriləcək. Büdcə ilə bağlı hökumət üzvlərinin-maliyyə, iqtisadiyyat nazirlərinin və digər yüksək çinli şəxslərin məlumatları dinləniləcək, sonra isə büdcə ətrafında geniş müzakirələr açılacaq, millət vəkilləri tərəfindən fikirlər, təkliflər səsləndiriləcək.

Plenar müzakirələr başa çatdırıldıqdan sonra hökumətə ən azı 10 gün vaxt veriləcək və həmin müddətdə hökumət, iqtisadi strukturlar tərəfindən bir daha səsləndirilən fikir və təkliflər araşdırılacaq, məqbul, məqsədəuyğun sayılanları nəzərə alınacaq və sonda büdcə zərfi səsverməyə çıxarılaraq qəbul ediləcək, imzalanması üçün dövlət başçısına təqdim olunacaq. İmzalandıqdan sonra da 2020-ci ilin büdcəsi icraya yönəldiləcək. Hesab edirəm ki, 2020-ci ilin büdcəsi çox peşəkarlıqla, reallıqlar, ölkəmizdə və dünyamızda yaşananlar nəzərə alınmaqla, mükəmməl şəkildə hazırlanıb və dinamik, sıçrayışlı inkişaf yolunda inamla, qətiyyətlə addımlayan Azərbaycanın, Azərbaycan xalqı və dövlətinin maraqlarına, istəklərinə tam cavab verir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, professor, BDU-nun kafedra müdiri Kamilə Əliyeva deyib.

Millət vəkili bildirib ki, 2020-ci ilin büdcəsi yenə sosialyönümlü və investisiyayönümlüdür.

budca-mm

ali asad

kamila

“Büdcənin sosial və investisiyayönümlü olması isə məhz ilk növbədə ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı və tələbi idi.  Belə ki, oktyabr ayında dövlət başçısının yanında keçirilən son iqtisadi müşavirədə ölkə Prezidenti  “Gələn ilin büdcəsi həm sosialyönümlü, həm də investisiyayönümlü olmalıdır. Biz gələn il də ciddi sosial proqramlar icra edəcəyik, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün önəmli addımlar atılacaq, infrastruktur layihələrinin icrası ilə əlaqədar kifayət qədər vəsaitimiz olmalıdır”-deyə, bildirmiş və büdcəni hazırlayan strukturlar qarşısında ciddi tələblər qoymuşdu. Məhz belə də oldu, 2020-ci ilin büdcəsi həm sosial, həm də investisiyayönümlü oldu. Bu isə ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının, islahatlar prosesinin mahiyyətinə, ruhuna tam uyğundur.

Onu da qeyd edim ki,  2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 484,0 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və ya 5,7 faiz çoxdur. Həmçinin, 2020-ci ildə dövlət büdcəsinin xərcləri 25 milyard 617,7 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 427,7 milyon manat çoxdur. Bununla yanaşı, 2020-ci ildə dövlət büdcəsinin kəsirinin 1 milyard 133,7 milyon manat olması planlaşdırılır ki, bu da cari ilin göstəricisindən 888,3 milyon manat və ya 43,9 faiz azdır. Eyni zamanda, büdcə xərclərinin tərkibində sosialyönlü xərclərin xüsusi çəkisi 40,7 faiz təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 9,9 faiz-bəndi və ya 2 milyard 664,2 milyon manat çoxdur.

Büdcə ilə bağlı yayılan rəsmi açıqlamada da vurğulandığı kimi, ölkə Prezidentinin müvafiq Sərəncamları ilə minimum əmək haqqının, bir sıra sosial müavinətlərin və təqaüdlərin, dövlət qulluqçularının, hüquq muhafizə orqanları əməkdaşlarının, müəllimlərin, büdcədən maliyyələşən bir sıra digər təşkilatlarda çalışanların əmək haqqlarının artırılması, habelə əmək pensiyasının minimum məbləğinin artırılması haqqında qanunvericiliyə edilən dəyişikliklər sosialyönlü xərclərin artımını şərtləndirib.

Ümumilikdə 2020-ci ildə əməyin ödənişi üzrə xərclər 6 milyard 723,4 milyon manat, təqaüdlər və sosial müavinətlər üzrə xərclər 3 milyard 213,4 milyon manat (o cümlədən, Dövlət Sosial Müdafiə Fonduna transfert 1 milyard 426,9 milyon manat), icbari tibbi sığortanın tətbiqi ilə bağlı xərclər 902.9 milyon manat, ərzaq məhsullarının alınması və təminatı xərci 414 milyon  manat və digər sosialyönlü xərclər 81,2 mln. manat təşkil edəcək. Dövlət büdcəsinin vəsaiti hesabına həmçinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya) o cümlədən, nəqliyyat, kommunal infrastruktur, melioriasiya, sənaye və energetika, kənd təsərrüfatı sahələrində infrastruktur layihələri, təhsil, səhiyyə, idman, mədəniyyət obyektlərinin, əlil və şəhid ailələri üçün evlərin tikintisi və digər sosial yönümlü layihələr, habelə, xüsusi müdafiə və hərbi təyinatlı layihələr və tədbirlərin maliyyələşdirilməsi təmin ediləcək. Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi köçkünlər üçün yaşayış evlərinin tikintisi proqramı davam etdiriləcək və sair. 

Hesab edirəm ki, bunlar çox önəmli məqamlardır, bunlar Azərbaycan xalqının sosial-iqtisadi vəziyyətinin, sosial-rihaf halının yaxşılaşdırılması istiqamətində atılan növbəti addımlardır və addımlar olacaq. Bunlar Azərbaycanın həm də sosial-rifah dövlətinə çevrilməsi yolunda ən mühüm addımlardan birini təşkil edəcək. Ölkəmizin, ölkə rəhbərimizin baş hədəflərindən biri məhz Azərbaycanın sosial-rifah dövlətinə çevrilməsidir. Bu istiqamətdə də çox önəmli addımlar atılmaqdadır və bunlar da nəticə etibarı ilə Azərbaycanı əsl sosial-rifah dövlətinə çevirəcək. Bu baxımdan bir daha qeyd edirəm ki, 2020-ci ilin büdcə zərfi məhz buna hədəflənib” – deyə, millət vəkili sözlərinə əlavə edib.

Qeyd edək ki, 2020-ci ilin büdcə müzakirələri gələn həftədən-5-7 noyabr tarixlərində komitələrdə, 12-14 noyabr tarixlərində isə plenar iclaslarda keçiriləcək.

Büdcə müzakirələrində ilk dəfə yeni baş nazir Əli Əsədov da iştirak edəcək.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

 

 

 

Read Previous

Salvador Venesuelanın, Venesuela Salvadorun diplomatlarını ölkədən çıxarır…

Read Next

Nüşabə Sadıxlı Müsavat Partiyası Məclisinin sədri seçildi – YENİDƏN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir